Bu günlərdə Azərbaycan Tibb Universitetinin “Təbib” nəşriyyatında Patoloji anatomiya kafedrasının əməkdaşları – professor Ədalət Həsənov, dosent Akif Ələkbərov və dosent Müşfiq Orucov tərəfindən tərtib edilmiş “Patologiya” adlı dərslik və professor Ədalət Həsənov, dosent Müşfiq Orucov və dosent Elçin Əkbərov tərəfindən tərtib edilmiş “Oral pathology” (ingilis dilində) adlı dərs vəsaiti işıq üzü görüb.
284 səhifədən və 23 fəsildən ibarət olan “Patologiya” adlı dərslik İctimai səhiyyə fakültəsinin “Tibb bacısı” və “Fizioterapiya və tibbi reabilitasiya” ixtisaslarının tələbələrinə tədris edilən “Patologiya” fənninin tədris proqramları əsasında tərtib edilib. Dərslikdə ümumi və xüsusi patologiya haqqında ətraflı məlumatlar öz əksini tapıb. Ümumi patologiyaya aid materialları 1-6-cı, xüsusi patologiyaya aid materialları isə 7-23-cü fəsillər əhatə edir. Kitabdan adı çəkilən ixtisasların tələbələri ilə yanaşı, tibbi feldşer ixtisası tələbələri, həmçinin rezidentlər və praktik həkimlər də istifadə edə bilərlər.
İngilis dilində yazılmış “Oral pathology” adlı dərs vəsaiti Stomatologiya fakültəsində təhsil alan tələbələr üçün nəzərdə tutulub. Dərs vəsaitində ağız boşluğu xəstəliklərinin patologiyası haqqında ətraflı məlumat verilib. Dərslik-atlas stilində tərtib edilmiş vəsait 7 fəsildən və 252 səfhədən ibarətdir. I fəsildə ümumi patologiyaya giriş, II fəsildə dişlərin və diş ətinin klinik morfologiyası, III fəsildə dişlərin patologiyası, IV fəsildə paradontun patologiyası, V fəsildə ağız boşluğunun selikli qişasının və dilin patologiyası, VI fəsildə çənə sümüklərinin patologiyası və nəhayət VII fəsildə ağız suyu vəzilərinin patologiyası haqqında müfəssəl məlumatlar yer alıb. Kitab rezidentlər və praktik həkimlər üçün də faydalı ola bilər.