Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının həkim-oftalmoloqu, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin Gənc Oftalmoloqlar Komitəsində oftalmoloqlarla iş üzrə mentor Dr.Gülnar Əliyeva 29 noyabr-2 dekabr tarixlərində Omanın paytaxtı Maskat şəhərində keçirilən dünyanın ən əhəmiyyətli oftalmoloji toplantılarından olan 17-ci MEACO (The Middle East Africa Council of Ophthalmology) konqresində və 19-ci MİOC (Muscat İnternational Ophthalmology Conference) Beynəlxalq konfransında dəvətli məruzəçi və fakültə elmi heyəti kimi iştirak edib.
Toplantıda gözün nadir rast gəlinən törəmələri haqqında məruzə, eyni zamanda öz klinik fəaliyyəti zamanı aşkarlanan bu törəmələrlə bağlı klinik hallar təqdim edib. Nadir rast gəlinən bu göz xəstəlikləri vaxtında aşkarlandığı zaman həyati təhlükəsi olan ağırlaşmaların da qarşısı alınır. Bu baxımdan, xüsusilə gənc oftalmoloqların, oftalmoloji rezidentlərin maariflənməsini nəzərə alaraq belə nadir xəstəliklər haqqında bilgilərin paylaşılması təqdirəlayiqdir.
Həkim-oftalmoloq Gülnar Əliyeva Moderator.az saytına müsahibəsində bildirib ki, Azərbaycan MEACO-nun üzvü olmasa da, xüsusi dəvət edilən 6 ölkədən biri kimi tədbirdə təmsil olunurdu. “MEACO-nun tədbiri ildə bir dəfə keçirilir və adətən, bu tədbirə MEACO-nun üzvü olan 36 dövlətin oftalmoloji cəmiyyətləri və onların nümayəndələri qatılırlar. Çox təəssüf ki, hazırda Azərbaycan MEACO-nun üzvü deyil, amma buna baxmayaraq, onlar məni rəsmi qonaq kimi dəvət etmişdilər. Mən tədbirə məruzəçi kimi qatıldım. MEACO-nun tərkibində 36 ölkə olsa da, bu il üzv olmayan 6 ölkədən də oftalmoloqlar dəvət etmişdilər. Azərbaycan da tədbirdə o 6 ölkədən biri kimi kimi iştirak edirdi. Mən “Gözün az rast gəlinən xəstəlikləri- Piqment epiteli qatının anadangəlmə sadə hamartoması” adlı məqalə ilə çıxış etdim. Bu haqda mən məqalə yazmışdım. Sonra mənə iki ölkədən bu məqaləni məruzə etməyimlə bağlı dəvət gəldi. Bir il öncə Türkiyə Oftalmoloji Dərnəyinin 56-cı toplantısında, bu il isə MEACO-nun rəsmi dəvəti ilə bu mövzunu məruzə etdim. Belə xəstəliklərlə bağlı məlumatlar çox azdır. Xüsusilə, gənc oftalmoloqlar üçün belə xəstəliklər barədə məqalələr, elmi araşdırmalar xüsusi əhəmiyyətə malikdir.” Toplantıda dünyanın 42 ölkəsindən 2000-dən çox oftalmoloq iştirak edib. Eləcə də, 500-dən çox oftalmoloq elmi müzakirələrə qatılıb. Bu məruzəçilər içərisində dünyaca məşhur oftalmoloqlardan prof.Mazen M. Sinjab, prof.Khalid F. Tabbara, Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi, eyni zamanda, İCO-nun baş icraçı direktoru Dr.İvo Kocur, Amerika Oftalmologiya Akademiyasının prezidenti Dr.Daniel Briceland, prof. Sanjoy K. Bhattacharya və başqaları yer alıb. Xatırladaq ki, MEACO Yaxın Şərq və Afrikadakı oftalmoloji cəmiyyətlər üçün əlaqələndirici platformadır. 1989-cu ildə yaradılmış bu şuranın əsas vəzifəsi regionda korluğun qarşısının alınması ilə bağlı dövlət və özəl sektorlar arasında informasıyanın artırılmasıdır. Hazırda 34 oftalmoloji cəmiyyət, eyni zamanda 2006-cı ildən Türkiyə Oftalmoloji Cəmiyyəti də bu şuranın üzvüdür. Həkimin sözlərinə görə, xüsusi dəvətlilər arasında olan Azərbaycana sevgi, sayqı sonsuz idi. Azərbaycandan gəldiyini eşidən hər kəs ona xüsusi ehtiramla yanaşıb. O, vurğuladı ki, Azərbaycan gəncliyi təkcə hərb sahəsində deyil, tibbi və elmin digər sahələrində də böyük uğurlara nail olur və bu, ölkəmizin işıqlı gələcəyinə təminatdır.