I Müalicə-profilaktika fakültəsinin 5 illik fəaliyyəti müzakirə olunub
Dekabrın 26-da Azərbaycan Tibb Universiteti Böyük Elmi Şurasının 2023-cü ildə sonuncu iclası keçirilib. İclasa sədrlik edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli əvvəlcə I Cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Nuru Bayramovu Türkiyənin İnönü Universitetinin Fəxri doktoru seçilməsi münasibətilə təbrik edib.
Fəxri doktor diplomunu azərbaycanlı alimə universitetin rektoru, professor Ahmet Kızılayın təqdim etdiyini bildirən G.Gəraybəyli qeyd edib ki, ATU ilə İnönü Universiteti və Qaraciyər Nəqli İnstitutu arasında əlaqələr iki qardaş ölkə arasındakı əməkdaşlığın ən yaxşı örnəklərdən biri sayıla bilər.
Bundan sonra gündəlikdə duran məsələlər diqqətə çatdırılıb. I Müalicə-profilaktika fakültəsinin dekanı, dosent Elşad Novruzovun “Azərbaycan Tibb Universitetinin I Müalicə-profilaktika fakültəsində tədrisin vəziyyəti və gənc mütəxəssislərin hazırlanmasının yaxşılaşdırılması işində kollektiv qarısında duran vəzifələr” barədə 2019-2023-cü illərə dair hesabat məruzəsi dinlənilib.
“Müasir dövrdə təhsilin iqtisadi həyatda artan rolu Azərbaycanda prioritet istiqamət kimi bilik iqtisadiyyatının formalaşdırılmasını və insan kapitalının inkişafına dövlət dəstəyinin davam etdirilməsini, ümumən ölkədə ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılmasını müstəsna dərəcədə əhəmiyyətli edir” - deyən fakültə dekanı bildirib ki, Müalicə-profilaktika fakültəsinin əsas vəzifəsi respublika səhiyyəsinin müxtəlif sahələri üçün mütəxəssislər hazırlamaqdan ibarətdir: “2022-ci ildə Azərbaycan Tibb Universiteti ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələri arasında ilk və yeganə universitet olaraq, üç ixtisas üzrə beynəlxalq akkreditasiyadan uğurla keçib ki, bu ixtisaslardan biri də “Müalicə işi” ixtisasıdır”.
O, fakültənin strukturu, elmi şurası və ictimai təşkilatlarının fəaliyyəti haqqında da məlumat verərək qeyd edib ki, Fakültə Elmi Şurası fakültədə mütəxəssis hazırlığına, fakültənin elmi-tədqiqat fəaliyyətinə və kafedraların maddi-texniki təchizatı ilə bağlı məsələlərə baxır. İctimai təşkilatların əsas vəzifəsi isə tələbələrin asudə vaxtının səmərəli keçirilməsi, onların problemlərinin aşkarlanıb, fakültə rəhbərliyinə çatdırılması, sosial durumu zəif olan tələbələrə diqqət və qayğının artırılmasıdır.
E.Novruzov çıxışı zamanı Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsil Tələbə Krediti Fonduna müraciət edən tələbələrin tədris illərinə görə say göstəricisində artım müşahidə olunduğunu müsbət qiymətləndirib. Eyni zamanda tələbələrin bilik və bacarıqlarının artırılması, asudə vaxtlarının səmərəli keçirilməsi məqsədi ilə görülən işlərdən, Tələbə Elmi Cəmiyyətində aparılan elmi tədqiqatlardan, tələbələrin beynəlxalq konfranslarda iştirakından ətraflı söhbət açıb. Tələbənin gələcəkdə arzusunda olduğu, yiyələnmək istədiyi ixtisası daha yaxından tanıması məqsədilə həyata keçirilən “Rezident həyatı yaşa” layihəsinə isə xüsusi diqqət çəkərək, layihədə 180 tələbənin (onlardan 115-i I MPF, 65-i II MPF) iştirak etdiyini, 8 bazadan istifadə olunduğunu söyləyib.
Çıxışının sonunda Nazirlər Kabinetinin qərarına və “Tədrisin təşkilinə dair universitetdaxili qaydalar”ın müvafiq bəndinə uyğun olaraq, tələbənin fənnin 25%-dən çoxunda iştirak etmədikdə, həmin fənnin imtahanına buraxılmadığını və bu həddin ali təhsil müəssisəsi tərəfindən azaldıla biləcəyini xatırladan fakültə dekanı, bəzi təkliflərini də şura üzvlərinin diqqətinə çatdırıb. Bu təkliflər sırasında üzrsüz səbəbin ləğv olunması və ya 10%-ə qədər endirilməsi, üzrlü səbəbə aid olan xəstəliklərin sayına yenidən baxılması, üzrlü səbəb kimi bəzi xəstəliklərin davamiyyət limitinin 25%-ə qaldırılması, tibbi arayış təqdim edən tələbələrin arayışlarının universitetdaxili həkim komissiyası tərəfindən təsdiq və ya inkar edilməsi kimi məsələlər yer alıb.
Məruzə ətrafında çıxış edən Anesteziologiya və reanimatologiya kafedrasının müdiri, professor İsfəndiyar İsmayılov 2018-ci ildə yenidən təşkil olunan kafedranın maddi-texniki bazasının universitet rəhbərliyinin diqqət və qayğısı sayəsində dinamik olaraq yaxşılaşdığını söyləyib. Kafedrada testlərin ilbəil yeniləndiyini vurğulayan professor, gələcəkdə görülməsi nəzərdə tutulan işlər barədə də danışıb. Bildirib ki, universitetimizdə, eləcə də xarici ölkə universitetlərinin eyniadlı kafedralarında təşkil edilən ixtisasartırma kurslarından bəhrələnmək, ingilis dilində dərs aparan müəllimlərin sayını 7-8 nəfərə çatdırmaq və dərs otaqlarının birini maneken və muljajlarla təmin edərək praktik vərdişlər otağına çevirmək əsas hədəflərdir.
I Mamalıq-ginekologiya kafedrasının müdiri, professor Elmira Əliyeva, İnsan anatomiyası və tibbi terminologiya kafedrasının müdiri, dosent Anar Abdullayev də çıxışlarında dekanlığın işini yüksək qiymətləndiriblər. Dekanlıqla kafedraların operativ əlaqəsinin ümumi fəaliyyətin effektivliyini əhəmiyyətli surətdə artırdığını bildirən natiqlər, mövcud problemlərə dair təkliflərini də səsləndiriblər.
Müzakirələri yekunlaşdıran professor Gəray Gəraybəyli müasir tələblərə uyğun hazırlanan və fakültənin bütün fəaliyyətini əhatə edən kifayət qədər dolğun, maraqlı bir hesabat dinlədiklərini vurğulayıb: “Həqiqətən də burada deyilənlərlə həmfikirəm ki, dekanlıq kafedraların yoxlanılması, təqdimatların yazılması və zəruri tədbirlər görülməsinə, eyni zamanda sosial layihələrin həyata keçirilməsinə və tələbələrin iştirakı ilə elmi konfransların təşkilinə həmişə məsuliyyətlə yanaşır”.
Universitetin rəhbəri dünya praktikasında tətbiq olunan hazırlıq həftəsinin I Müalicə-profilaktika fakültəsində həyata keçirilməsini də müsbət qiymətləndirib. Xatırladıb ki, I kursa qəbul olan tələbələrin dərslərdən öncə məlumatlandırılması, universitetin auditoriyaları, kitabxanası, kafedraları ilə əvvəlcədən əyani tanış olması vacibdir.
Universitetimizdə ingilis dilində dərs apara bilən müəllimlərə hələ də böyük ehtiyac olduğunu vurğulayan professor G.Gəraybəyli bildirib ki, hansısa əməkdaşın vəzifə yüksəlişində, həmçinin yeni əməkdaşın işə qəbulunda bu amil mütləq nəzərə alınmalıdır: “Diqqətinizə çatdırım ki, xarici tələbələrin qəbulu Elm və Təhsil Nazirliyi tərəfindən mərkəzləşmiş qaydada aparılır. Oradan universitetimizə qəbul üçün 1200 nəfər xarici tələbə müraciət etmişdi. Ancaq çox təəssüf ki, biz cəmi 600-ə yaxın tələbə qəbul edə bildik. Çünki auditoriya imkanımız, ən əsası da, müəllim resurslarımız daha çox tələbə qəbul etməyə imkan vermir. Ona görə də xarici dil bacarığı olan gənc kadrların bu prosesə cəlb edilməsi birinci dərəcəli məsələdir”.
Nizam-intizam məsələsinin vacibliyini önə çəkən, testlərin hazırlanması, davamiyyət limitinin keçilməsi, tibbi arayışların təqdim edilməsinə dair suallara aydınlıq gətirən rektor, çıxışının sonunda fakültəyə və fakültənin nəzdində olan bütün kafedralara uğurlar arzulayıb.
Hesabat məruzəsinə dair müzakirələr bitdikdən sonra digər məsələlərə də baxılıb. Yaqub Qurbanovu Ailə təbabəti kafedrasına məsləhətçi-professor vəzifəsinə seçən, dərslik, dərs vəsaitlərinin nəşrinə razılıq verən Elmi Şura, Səhiyyə Nazirliyi tərəfindən göndərilən, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı tərəfindən hazırlanan və ATU-nun müvafiq kafedralarından müsbət rəy alan klinik protokolları da təsdiqləyib.
Daha sonra ATU-nun professor-müəllim, tədris-köməkçi, mühəndis-texniki heyəti və inzibati-təsərrüfat işçilərinin vəzifə maaşlarının və əlavə əməkhaqqının 2024-cü il yanvarın 1-dən orta hesabla 10% artırılması barədə rektorun müşaviri, baş mühasib İlqar Mehrabovun təqdimatını təsdiqləyən Elmi Şura, müsabiqə məsələlərini həll etməklə öz işini yekunlaşdırıb.