ATU-nun Tələbə Elmi Cəmiyyətinin təşkil etdiyi “Tələbə elmi-tədqiqat işi necə aparılmalıdır?” mövzusunda seminar keçirilib.
Seminarda çıxış edən ATU-nun elmi işləri üzrə prorektoru, professor Rauf Bəylərov TEC konfranslarının tələbələrin gələcək fəaliyyəti üçün böyük əhəmiyyət daşıdığını vurğulayaraq tədbirin çox aktual mövzuya həsr edildiyini bildirib: “Hər bir ölkənin yüksəlişi elmin inkişafından asılıdır. Sevindirici haldır ki, Tibb Universitetinin tələbələri arasında elmə olan maraq getdikcə artmaqdadır. Bu tip tədbirlərimiz məhz həmin marağın gücləndirilməsi, gənclərin inkişafı baxımından olduqca faydalıdır”. Çıxışında bu günlərdə Özbəkistanın Səmərqənd şəhərində tibb elminin fundamental və kliniki fənləri üzrə daxili-distant formatda keçirilən beynəlxalq tələbə olimpiadasına toxunan prorektor əlavə edib ki, Mərkəzi Asiyanın ən qədim tibb universitetində - çoxəsrlik tarixə malik Səmərqəndin yüksək ixtisaslı tibb kadrları hazırlayan Dövlət Tibb Universitetində baş tutan həmin tədbirdə ATU-nun tarixində ilk dəfə olaraq beynəlxalq olimpiadada qalibiyyət əldə edilib: “Belə ki, II Müalicə- profilaktika fakültəsinin tələbəsi Gülgün Məmmədli I-ci, Stomatologiya fakültəsinin tələbələri Süsən Yaqubova və Emel Mahalova II-ci, I Müalicə- profilaktika fakültəsinin tələbəsi Tamara Mahalova isə III-cü yerə layiq görülüblər.
Bu möhtəşəm beynəlxalq olimpiadada öz əzmkarlığı, zəhmətkeşliyi və yaradıcı elmi fəaliyyəti ilə seçilən, ölkəmizə qalibiyyətlə dönən tələbələrimizi, o cümlədən Tələbə Elmi Cəmiyyətini bu böyük nailiyyət münasibətilə təbrik edir və gələcəkdə yeni-yeni uğurlar arzulayıram”.
Cəmiyyətin hazırkı durumu və gələcək fəaliyyət proqramı haqqında məlumat verən TEC-nin Elmi rəhbəri, tibb elmləri doktoru Muşviq Həsənov bildirib ki, təşkilatın sıraları ildən-ilə genişlənir və qaydalar da günün tələblərinə uyğun olaraq yenilənir. O, qeyd edib ki, bu ənənənin davamı kimi yaxın zamanda “Elmi rəhbər necə olmalıdır?” mövzusunda da əlavə bir seminarın keçirilməsi nəzərdə tutulub. Bundan başqa TEC-in fəaliyyət proqramına daxil olan məsələlərdən biri də qabaqcıl ölkələrin tibb mütəxəssisləri ilə təcrübələrin bölüşdürülməsi, universitetlər və cəmiyyətlər arasında koordinasiyanın qurulmasıdır ki, bu da tibbin aktual sahələrinə dair elmi araşdırmaların aparılması və tibb təhsilinə inteqrasiyası baxımından əhəmiyyətlidir.
Tədbirdə çıxış edən TEC-nin sədri Həmid Səfərli, fakültə dekanları, Elşad Novruzov, İsrail Məhərrəmbəyli, Elmira Əliyeva, Fərəh Mədətli, fakültə TEC-nin rəhbəri Aqil Əliyev və başqaları tədqiqat işi aparan tələbələr üçün universitetdə əlverişli şəraitin olduğunu söyləyiblər. Bildiriblər ki, tələbələr öz axtarışlarını indi daha müasir üsullarla həyata keçirir və daha aktual mövzular seçirlər. Bundan başqa ənənəvi olaraq hər il keçirilən TEC-in konfranslarında çıxış edən tələbələrin elmi məruzələri toplum halında yığılaraq çap olunur ki, bu da onların marağına səbəb olur. Onlar söyləyiblər ki, son dövrlər TEC-nin konfranslarına təqdim edilən məruzələrin əksəriyyəti öz aktuallığı, müasirliyi və təcrübi əhəmiyyəti ilə fərqlənir.
Çıxışlarda vurğulanıb ki, tələbələrin elmi tədqiqat işi tədris prosesinin ən vacib komponentlərindən biridir. Tələbələr elmi konfranslarda və olimpiadalarda iştirak edir. Bütün bunlar tələbələrə həmfikir insanları tapmaq, onlara özlərini elmi cəmiyyətin bərabərhüquqlu üzvü hesab etmək imkanı verir. Tədqiqat işlərinin yerinə yetirilməsi prosesində tələbələrə müxtəlif təcrübələr, sorğular, tədqiqatlar, hesablamalar aparmaqla həll edilməli olan konkret tapşırıqlar verilir. Bu tapşırıqların yerinə yetirilməsi üçün tələbələrdən müəyyən bilik və bacarıqlara malik olmaq, ədəbiyyatla işləmək, hesablamalar aparmaq, qrafiklər qurmaq, müxtəlif proqramlarla işləmək bacarıqları tələb olunur. Bütün bu göstərilənlərin öhdəsindən gəlmək üçün elmi dərəcəsi olan, istehsalatda təcrübəyə malik olan ixtisaslaşmış müəllimlər tələbələrə köməklik və rəhbərlik edirlər.
Toplantıda TEC-in qarşısına qoyduğu planlardan danışılıb və onun fəaliyyətinin daha da yaxşılaşdırılması üçün bir sıra təklif və rəylər irəli sürülüb. Çıxışlardan sonra maraqlı müzakirələr də aparılıb. Toplantı sual-cavablarla başa çatıb.