ATU-nun Neyrocərrahiyyə kafedrası Rezidentura və magistatura şöbəsi ilə birgə Tədris Cərrahiyyə Klinikasında rezidentlər üçün neyrocərrahiyyə dair növbəti seminar keçirib. Seminara moderatorluq edən şöbənin müdir müavini, assistent Namiq Xəlilov bu dəfəki mövzunun onurğa xəstəliklərinin konservativ və ya cərrahi əməliyyatının planlaşdırılmasında sagittal balansın roluna həsr edildiyini bildirib.
Bundan sonra Neyrocərrahiyyə kafedrasının müdiri, dosent Rövşən Xəlilzadə “Sagittal balans” mövzusunda çıxış edib. Məruzəçi qeyd edib ki, sagittal balansın tibdə əhəmiyyəti düzgün duruş və fəqərə sütununun doğru quruluşunu təmin etməkdən irəli gəlir. Bu, fəqərə sütununun üstünlüyünü və mərtəbəsini qorumağa kömək edir və qamət quruluşunu pozisiyasının istiqamətini tənzimləyir: “Sagittal balansın düzgün qurulması və qorunması fiziki fəaliyyətlər zamanı və gündəlik həyatda fəqərə sütununun qorunmasına kömək edir. Bu, yüklərin düzgün şəkildə paylanmasına və fəqərə sütununun normal funksiyasına təsir göstərir. Sagittal balansın qorunması bel ağrıları və digər əzələ problemlərinin qarşısını almağa kömək edə bilər. Çünki bu, fəqərə sütununun düzgün pozisiyası və dəstəyi təmin etməklə əlaqəlidir. Fəqərə sütunu sinir sistemində əhəmiyyətli bir rol oynayır. Sagittal balansın qorunması nevropatik sistemlərin normal fəaliyyətini təmin etməyə kömək edir və sinir impulslarının düzgün şəkildə ötürülməsini saxlayır”.
II Müalicə-profilaktika fakültəsinin dekanı, dosent İsrail Məhərrəmbəyli məruzə ətrafında çıxış edərək vurğulayıb ki, sagittal balans bel problemlərini müalicə edən bütün praktikantlar və xüsusilə əməliyyatdan əvvəlki dövrdə cərrahlar üçün nəzərə alınmalı olan bir amildir.
Geniş diskussiya şəraitində keçən seminarda mövzuya dair suallar məruzəçi tərəfindən ətraflı cavablandırılıb.
Tədbirdə kafedranın müəllimləri və neyrocərrahiyyə üzrə təhsil alan rezidentlər və tələbələr iştirak ediblər.