ATU-nun Tədris Terapevtik Klinikası Rezidentura və magistratura şöbəsi ilə birgə növbəti seminar keçirib. İştirakçıları salamlayan klinikanın baş həkimi Fəridə Hacıyeva seminarın qızılca xəstəliyınə həsr olunduğunu bildirib və məruzəçini - pediatr ixtisası üzrə təhsil alan III kurs rezident Aytac Quluzadəni təqdim edib.
Sonra rezidentin kuratoru, klinikanın Uşaq xəstəliyi şöbəsinin müdiri, assistent Qoşqar İsmayılov mövzu ilə bağlı fikirlərini səsləndirib və sözü A.Quluzadəyə verib. Məruzəçi çıxışında qızılcanın səbəbləri, simptomları, qorunma yolları və evdə müalicə üsullarını ətraflı təhlil edərək söyləyib ki, o, virus mənşəli, kəskin antroponoz infeksion xəstəlikdir: “Paramiksovirusların morbiliviruslar cinsinə məxsus RNT tərkibli virus tərəfindən törədilir. Bu virus hava və damcı yolu ilə keçərək bir yaşdan beş yaşadək uşaqlarda inkişaf edir. Qızılcanı adətən yaşlı insanlar daha ağır keçirir. Həmçinin anadan keçən passiv immunitetlə əlaqədar üç aya qədər uşaqlarda qızılca baş vermir.
Bu virus dörd mərhələ - inkubasiya, prodromal, səpkilər və rekonvalessensiya dövrlərinə ayırd edilir. Rubeola virusu tərəfindən yaradılan qızılca, əsasən hava-damcı yolu ilə yayılır və dəri ləkələri, hərarət, limfa düyünlərinin şişməsi kimi əlamətlərlə xarakterizə olunur. Koplik ləkələri qızılca üçün patoqnomikdir, filatov, ağızda yanağın selikli qişasında alt kiçik azı dişləri bərabərliyində adətən bir-biriləri ilə birləşməyən ağımtıl rəngdə ləkələr meydana çıxır.
Ağırlaşmalara gəldikdə isə, nekrotik və ya irinli-nekrotik panbronxit, peribronxial ocaqlı pnevmoniya, kəskin qızılca ensefaliti, kataral-nekrotik, fibrinoz xoralı kolit, sepsis, nekrotik tonzillit, otit baş verə bilər”.
Sonra Rezidentura və magistratura şöbəsinin müdir müavini, assistent Namiq Xəlilov mövzuya dair çıxış edərək vurğulayıb ki, qızılca xüsusilə uşaqlar arasında yayılan, lakin böyüklərdə də rast gəlinə bilən yoluxucu xəstəlikdir. Xəstəlik, adətən xəfif keçsə də, hamilə qadınlarda doğulacaq körpəyə ciddi təsir edə bilər. Çıxışlarda qeyd olunub ki, qızılcadan qorunmaq üçün ən mühüm addım peyvənd olunmaqdır.
Sonda məruzəçi iştirakçıların mövzu ilə bağlı suallarını cavablandırıb. Tədbirdə klinikanın rezidentləri və tələbələr iştirak ediblər.