Sinifdə şagird sayının təhsilalanların sağlamlıq vəziyyətinə təsiri

Araşdırmalar göstərir ki, sinif otaqlarında mikroiqlimin pisləşməsi şagirdlərin müvəffəqiyyət göstəricilərinə də mənfi təsir edir

Uşaq və yeniyetmələrin inkişafı və sağlamlığının formalaşdığı müddətin çox hissəsi ümumtəhsil müəssisələrində keçir və onların əsas fəaliyyətini də tədris təşkil edir. Təhsil sisteminin vəzifəsi isə böyüyən nəslə elmlərin əsasları haqqında dərin biliklər vermək, lazımi vərdiş və bacarıqlar yaratmaq, həmçinin vətəndaşlıq dünyagörüşünü formalaşdırmaqdır.

Bununla yanaşı, sağlam və təhsilli nəsil yetişdirmək üçün məktəbdə uşaq və yeniyetmələrin sağlamlığı da qorunmalıdır. Uşağın sağlamlıq vəziyyəti və inkişafı, dinamikada əqli iş qabiliyyətinin dəyişməsi, mənimsəmə və dərsə davamiyyət göstəricisi sinif otağının tutumu və şagird sayı, onun planlaşdırılması və təchizatı ilə qırılmaz surətdə əlaqədardır.

Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli qərarına əsasən, “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”ndə şagird sayı və mebel təchizatı sinfin tutumuna uyğun müəyyən edilir və hər uşağa sinifdə ən azı 2 kv metr sahə düşməlidir. Bu tələbə uyğun məktəblərimizdə sahəsi 36 və 48 kv metr olan sinif otaqlarında maksimum 18 və 24 uşaq təhsil ala bilər. Buna müvafiq olaraq 9 və 12 ədəd iki yerli və ya 18 və 24 ədəd bir yerli parta tələb olunur.

Sinif otağında partalar adətən üç sırada və üç cərgədə yerləşdirilməli, lövhədən şagird masalarının 1-ci cərgəsinə qədər məsafə 300 sm, istisna hallarda ən azı 240 sm, sonuncu cərgəyə qədər olan məsafə isə 860 sm olmalıdır. Partaların yerləşdiyi sıralar arasında məsafənin 60 sm, xarici divardan I parta sırasına qədər məsafənin 50-70 sm, daxili divardan III parta sırasına qədər məsafənin 50-70 sm, axırıncı partadan arxa divara, lövhənin əks tərəfində olan divara qədər olan məsafənin isə 70 sm-dən az olması sinif tərtibatının və sinifdə iş zonasının münasib ölçülərinin pozulması deməkdir.

Sinifdə şagird sayının 40 nəfər və daha çox olması parta sayını 20 ədəd və daha çox artırır ki, bu da tədris otaqları layihələndirilərkən nəzərdə tutulan ümumi iş zonasında şagirdlər (tədris stollarının yerləşməsi) və müəllim üçün iş zonası, eləcə də əyani-tədris və texniki-tədris vasitələri yerləşdirilən, şagirdlərin fərdi məşğələləri və aktiv fəaliyyət zonaları üçün sahələrin azalmasına səbəb olur. Sinifdə şagird sayının çox olması nəticəsində havanın fiziki və kimyəvi tərkibi də dəyişir ki, nəticədə otaq havasında karbon qazının miqdarı artır, oksigenin miqdarı azalır, toz və bakterial çirklənmə əhəmiyyətli dərəcədə yüksəlir və ağciyər ventilyasiyasının enməsi hipoksiya vəziyyəti yaradır.

Belə şəraitdə uzun müddət qalan uşaq və yeniyetmələrdə mərkəzi sinir sisteminin funksional vəziyyəti dəyişir, iş qabiliyyəti pisləşir, başagrısı, süstlük və əzginlik yaranır. Sinif otağında yüksək rütubət, hava cərəyanının az olması və temperaturun artması orqanizmdən istiliyin verilməsinin də pisləşməsinə səbəb olur. Bütün bunlar təbii ki, uşaqların sağlamlıq vəziyyətinə təsir edir.

Gigiyenik cəhətdən uşaqların görmə qabiliyyətinin pozulmaması üçün lövhə ilə birinci sıra arasındakı (ən azı 240 sm) və yaşdan asılı olaraq dəyişən görmə bucağı lövhədən birinci yan sıra partalara qədər məsafələr nəzərə alınmalıdır. ÜST-ün məlumatına görə 1,97-3,4 milyard insan miyopiyadan əziyyət çəkir. Bunlardan 265 milyondan 369 milyona qədəri yetkinlik yaşına çatmayan uşaq və yeniyetmələrdir. Şərqi Asiya ölkələri və Sinqapur məktəbliləri arasında miyopiya 65%-80% olmaqla həyəcanverici dərəcədə yüksək səviyyələrə çatıb. 2050-ci ilə qədər miyopiyanın dünya əhalisinin 50%-ni əhatə edəcəyi proqnozlaşdırılır və bütün dünyada 21-ci əsrin əsas ictimai sağlamlıq problemi kimi tanınır.

Tədqiqatların nəticəsi göstərir ki, məktəblərin tutumunun artırılması miyopiya ilə yanaşı, kəskin respirator xəstəliklərin, qrip, tonzillit və s. kimi məktəb xəstəliklərinin artmasına, yüksək səs-küyə, yaşlar üzrə təcridin çətinləşməsinə səbəb olur. Böyük tutumlu məktəblərdə kəskin xəstəliklər 2 dəfə, vegetativ- damar distoniyası və başağrı şikayətləri 2-3 dəfə yüksəkdir. Sinif otaqlarının sahəsi və hündürlüyünün az, uşaqların sayının isə çox olması və ventilyasiyanın səmərəsiz təşkili otaq havasında toksik mübadilə məhsullarının yol verilən konsentrasiyadan bir neçə dəfə artıq olmasına gətirib çıxarır. Araşdırmalar göstərir ki, sinif otaqlarında mikroiqlimin pisləşməsi şagirdlərin müvəffəqiyyət göstəricilərinə də mənfi təsir edir.

Milli maraqlara xidmət edən təhsil sisteminin təşkilində dövlət təhlükəsizliyinin tələbləri mütləq nəzərə alınmalı və iqtisadi, sosial, hərbi, mənəvi təhlükəsizlik prinsiplərinə əməl olunmalıdır. Bir sözlə, tədris prosesində akademik biliklərin əldə edilməsi heç bir əsasla gənc nəslin - şagirdin sağlamlığı hesabına olmamalıdır.

 

Şəhla Balayeva

Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının müdiri,

Zöhrə İsmayılova

kafedranın dosenti