Beynəlxalq patentlər almış ixtiralar böyük maraqla qarşılanıb
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin və Lənkəran Regional Elmi Mərkəzinin 2023-cü il üzrə illik hesabatına həsr olunmuş iclası keçirilib.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, eləcə də Səhiyyə, Kənd Təsərrüfatı, Elm və Təhsil nazirliklərinin, Azərbaycan Tibb Universitetinin Elmi işlər üzrə prorektoru, professor Rauf Bəylərovun rəhbərliyi ilə universitetimizin nümayəndə heyəti, bir sıra tibbi müəssisələrin direktorları, aidiyyəti şəxslər və KİV nümayəndələri iştirak ediblər.
Əvvəlcə AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin əhatə etdiyi institutlarda, həmçinin ali təhsil və tibb müəssisələrində 2023-cü ildə əldə olunan mühüm elmi nəticələri əks etdirən sərgiyə baxış keçirilib. Sərgidə ATU-nun alimləri təqdimatlar ediblər.
Əczaçılıq toksikologiyası və kimya kafedrasının müdiri, professor Eldar Qarayev diqqətə çatdırıb ki, apardıqları elmi-tədqiqat işlərinə ümumilikdə 10 patent alınıb: “Sonuncu patentimiz Avrasiya patentidir (Patent N 042306, Eurasian Patent Organization, 02.02.2023). Bu tədqiqat işimiz Azərbaycanda çay emalı müəssisələrində yaranan tullantılardan L-teanin və kofeinin ayrılıqda təmiz şəkildə alınmasına həsr olunub. Tədqiqat işində etanol və su kimi qeyri-toksik həlledicilərdən istifadə etməklə zehni fəaliyyəti yaxşılaşdıran bioloji fəal maddələr alınması yolları göstərilir. Düşünürük ki, gələcəkdə respublikamızda yaranacaq əczaçılıq istehsalı müəssisələri bu elmi tədqiqatımızdan bəhrələnəcək”.
ATU-nun Sitologiya, embriologiya və histologiya kafedrasının müdiri, professor Eldar Qasımov, Elmi Tədqiqat Mərkəzinin Elektron mikroskopiya şöbəsinin böyük elmi işçisi, dosent Fuad Rzayev və Bakı Dövlət Universitetinin Fizika Problemləri İnstitutunun Bioloji sistemlər fizikası laboratoriyasının aparıcı fizik-mühəndisi Rəşid Əliyevin birgə ixtirası olan “Elektron mikroskopda obyektləri fiksasiya etmək üçün istifadə olunan vakuum aparatı” da iştirakçılar tərəfindən maraqla qarşılanıb. Qeyd edək ki, cihaz Avrasiya Patent Təşkilatının qərarına əsasən, 2023-cü ildə beynəlxalq patentlə təltif edilib. Aparatın quruluşu, iş rejimi, texniki göstəriciləri və s. parametrlərlə bağlı bütün suallar müəlliflər tərəfindən cavablandırılıb.
Ötən il ərzində əldə olunmuş mühüm elmi nəticələrə ATU-nun Əczaçılıq kimyası kafedrasında aparılan elmi tədqiqatlar da daxil edilib. Belə ki, kafedra 2023-cü ildə əsas elmi nəticələrə dair 2 Avrasiya Patenti alıb. Birinci mühüm elmi nəticə 68 Galium-Fapi 46 radiofarmasevtik maddənin sintezi və yeni analiz üsuluna dairdir. Preparat Milli Onkologiya İnstitutunun Nüvə təbabəti Mərkəzində Pozitron Tomoqrafiyada (PET) radiomarker kimi istifadə edilir. İkinci mühüm elmi nəticə respublika florasında geniş yayılan Medicago-Qayonca cinsinə aid növdən yüksək antioksidant fəallığa malik bioaktiv maddələr kompleksinin alınması və tədqiqinə aiddir.
Əczaçılıq kimyası kafedrasının müdiri, professor Tahir Süleymanov və dissertant Razim Şükürov elmi nəticələr haqqında məlumat verib və sualları cavablandırıblar. Nəticələri yüksək qiymətləndirən AMEA-nın prezidenti gələcəkdə akademiyanın institutları ilə birgə elmi tədqiqatların aparılmasının məqsədəuyğunluğunu qeyd edib.
Sevindirici haldır ki, 2023-cü il üzrə illik hesabatda ATU-nun Tədris Cərrahiyyə Klinikasının professoru, Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri Vaqif Qələndərin də fəaliyyətinə yer ayrılıb. Onun ABŞ-da yüksək indeksli jurnallarda dərc olunmuş, dərsliyə salınaraq tədris olunan elmi yenilik və ixtiralarının Azərbaycan Tibb Universiteti və bütövlükdə ölkəmizin tibb elmi adına qürurverici olduğu vurğulanıb.