Azərbaycan Tibb Universitetinin əcnəbi tələbələri arasında dost Pakistandan gələnlər az deyil. Ölkəmiz və universitetimiz barədə təəssüratlarını öyrənmək üçün onlardan bir neçəsi ilə görüşdük. Fikirlərini öyrəndiyimiz tələbələr I Müalicə-profilaktika fakültəsində təhsil alırlar.
Hamza Muhammad bizimlə söhbətində bildirdi ki, hələ öz ölkəsində olarkən ATU haqda tanışlarından məlumat alıb: “Tibb Universitetini tanışlarım mənə tövsiyə edəndən sonra internetdə də axtarışlara başladım. Buranı seçdim. Universitetin şəraiti, müəllimlər tərəfindən keçirilən dərslər çox xoşuma gəlir. Bizə hər gün yeni biliklər öyrədirlər. Ailədə 3 uşağıq. Onlar məndən kiçikdirlər. Vaxtı çatanda onlara da bu universiteti seçməyi təklif edəcəyəm. İnanıram ki, təklifimi dəyərləndirəcəklər”.
Bütün araşdırmalarına baxmayaraq, Azərbaycana gəlməmişdən öncə Hamza Muhammad ölkəmizi belə təsəvvür etmirmiş. Xüsusilə paytaxtımıza heyran olub: “Artıq Bakı mənim üçün doğma bir şəhərə çevrilib. Estetik baxımdan çox gözəl şəhərdir. Çox şey diqqətimi çəkir. Heydər Əliyev Mərkəzi, Alov qüllələri çox gözəldir. Bu məkanlarda təşkil olunan sərgilərdə iştirak etdim, bəyəndim.
Hava soyuq olsa da, artıq Novxanı çimərliyində də olmuşam. Doğrudur, çimməsəm də, Xəzərin havasından xüsusi zövq almışam. Azərbaycanlı dostlarım da var, onlarla xoş münasibətdəyəm.
“Univerium” tələbə şəhərciyində qalıram. Orada azərbaycanlı tələbələr də yaşayır. Onlarla ünsiyyətdə oluram. Çox istiqanlıdırlar və çalışırlar ki, hansısa bir çətinliyin olanda sənə yardım etsinlər. Azərbaycanın gözəl yerlərini gəzmək istəyirəm. Quba, Qəbələ, Şahdağı görmək fikrim var. Təbiəti, gözəllikləri seyr etməyi xoşlayıram. Qış mövsümündə, imtahanlardan sonra ilk olaraq Şahdağa getmək niyyətindəyəm”.
Dania Cahangir Pakistanın Siyaqut şəhərindəndir. Qohumları Azərbaycan Tibb Universitetində təhsil alır. Daniaya ATU haqda məlumatı da onlar verib: “Tibb Universiteti haqqında daha ətraflı məlumat toplamaq üçün internet araşdırması etdim. Amma bu qədər yaxşı olacağını təxmin etmirdim. Universitetdə bizə lazım olan hər cür şərait var. Burada özümə azərbaycanlı rəfiqələr də tapmışam. Onlar yardımsevər və dostcanlıdırlar.
Təhsildən və müəllimlərimdən razıyam. Müəllimlərimin hamısını sevirəm. Günel Rüstəmova isə çox istiqanlıdır. Dərsi bizim anlayacağımız səviyyədə izah etməyə çalışır”.
Dania milli xörəklərimizdən də söhbət açdı. Şah plovu çox xoşladığını dedi: “Deyərdim ki, şah plovun əvəzi yoxdur. Çox istərdim, onun bişirilmə qaydasını öyrənim. Pakistana dönüncə hazırlayım, qohumlarım da dadına baxsın.
Yataqxanada azərbaycanlı tələbələrin çayı necə dəmə qoyduqları da diqqətimi çəkdi. Bizdən fərqli olaraq, sizdə ədviyyatlardan çox istifadə edilmir. Artıq dəmləmə qaydasını öyrənmişəm. Evimizə dönəndə mən də sizin kimi çay dəmləyəcəm.
Bakıda məşhur alış-veriş mərkəzi olan “Sədərək”də də oldum. Oradan özümə paltar aldım. Şəhərinizin mərkəzi, “İçərişəhər” çox xoşuma gəldi. Qədim tikililər diqqətimi cəlb etdi. Vaxtım olsa, Qəbələyə getməyi planlaşdırıram”.
Abdul Sani isə Lahor şəhərindəndir. Universitetimiz barədə məlumatı yaxın dostundan əldə edib. Ailəsinin Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanında da evləri var: “Oralarda oxumaq imkanım var idi. Amma dostumun tövsiyəsi ilə Bakını, Azərbaycan Tibb Universitetini seçdim. Seçimimdən peşman olmadım, çox razıyam.
Universitetin ərazisi çox genişdir, auditoriya zalları səliqəlidir. Müəllimlərimdən çox razıyam. Savadlı və yardımsevər müəllimlərimiz bizə bildiklərini həvəslə öyrətməyə çalışır”.
Bakının təmiz və səliqəli olması Abdul Saninin diqqətini çəkib: “Ən çox ruhumu dincəldən dənizkənarı bulvar oldu. Qız qalası, Şirvanşahlar sarayında olmuşam. Bakının gecələri daha gözəldir. Azərbaycanın başqa yerlərini də görmək istəyirəm. Yeni gəldiyim vaxtlar darıxırdım, indi öyrəşmişəm. Çayınızı xüsusilə sevirəm”.