ATU-nun II Mamalıq və ginekologiya kafedrasının bir qrup əməkdaşı tərəfindən hazırlanmış “Mamalıq” dərsliyi işıq üzü görüb. 725 səhifədən ibarət kitaba ATU-nun I Mamalıq və ginekologiya kafedrasının müdiri, professor Elmira Əliyeva və Ə.Əliyev adına ADHTİ-nin Mamalıq və ginekologiya kafedrasının müdiri, professor Leyla Rzaquliyeva rəy veriblər.
II Mamalıq və ginekologiya kafedrasının müdiri, ə.e.x, t.e.d, professor Hicran Bağırovanın bilavasitə rəhbərliyi və elmi redaktorluğu ilə ərsəyə gələn kitab öz müasirliyi və aktuallığı ilə seçilir.
Təbabətin ən mühüm sahələrindən olan mamalığın əsasları bəşəriyyətin yarandığı ilk çağlarda meydana gəlib. Bu sahə öz qədimliyi ilə elmi və praktik cəhətdən həddindən artıq zənginləşmiş, şaxələnmiş və əhatələnmişdir. Mamalıq elminin digər elmlərə inteqrasiya etməsi hamiləliyin və doğuşların müxtəlif ağırlaşmalarının müasir diaqnostika, müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanmasına səbəb olub.
Kitabda hamilə qadın orqanizmində baş verən fizioloji proseslər, hamiləlik və zahılıq dövrlərinin gigiyenası, hamilə qadınların doğuşa fiziki və psixi hazırlığı, doğuşa yardımın və mamalıq əməliyyatlarının texnika və taktikası geniş şərh olunub. Burada, həmçinin hamiləliyin erkən diaqnostikasının müasir üsullarının, ana bətnində dölün vəziyyətinin və ona təsir edən amillərin şərhinə geniş yer verilib.
Dərslikdə dölün bətndaxili inkişaf anatomiyaları, yenidoğulmuşlarda rast gəlinən anomaliya və irsi xəstəliklər haqqında da məlumatlar öz əksini tapıb. Müəlliflər bildirir ki, kitabda əvvəlki nəşrlərdən fərqli olaraq ölkə patologiyasının xüsusiyyətləri nəzərə alınıb, bətndaxili inkişaf anomaliyalarının və irsi xəstəliklərin Azərbaycanda daha geniş yayılmış formalarının şərhinə xüsusi diqqət yetirilib.
Qeyd olunur ki, Azərbaycan dilində mamalıq fənni üzrə dərslik və dərs vəsaitləri olduqca azdır və adıçəkilən kitab bu sahədə çalışanlar üçün çox faydalı olacaq. Dərslik Azərbaycan Tibb Universitetinin tələbələrinə mamalıq fənni üzrə lazımi bilikləri toplamaqda yardım edəcək, ümumi praktik həkimlər isə gündəlik fəaliyyətlərində bu kitabdan yararlanacaqlar.
Məlumat üçün bildirək ki, “Mamalıq” dərsliyi ATU-nun Böyük Elmi Şurasının qərarına əsasən çap edilib. Universitetin tədris proqramı əsasında nəşr olunan bu elmi-praktik monoqrafiya indiyədək ölkəmizdə mamalıq-ginekologiyaya dair geniş mənada yazılan ilk kitabdır. Kitabdan ölkəmizdə fəaliyyət göstərən digər universitetlərin tibb fakültələrinin tələbələri, eləcə də rezidentlər, praktik həkimlər, elmi işçilər və fənnin tədrisi ilə məşğul olan professor-müəllim heyəti, həmçinin tədqiqatçılar da istifadə edə bilərlər.