Azərbaycan Tibb Universitetində ötən il dekabrın 29-dan etibarən payız semestrinin qış imtahan sessiyasına start verilib. İmtahan prosesini izləmək üçün universitetin İmtahan Mərkəzində olduq.
Filologiya üzrə fəlsəfə doktoru, İmtahan Mərkəzinin müdiri Ülkər Cəfərova bizə ətraflı məlumat verdi. Bildirdi ki, universitetin Tədris Departamenti tərəfindən tərtib edilmiş plan cədvəlinə uyğun olaraq, dekabrın 29-dan imtahanlara start verilib: “Bu tədris ilindən etibarən qeyri-ixtisas fənləri üzrə aralıq imtahanları ləğv olunub. Ona görə də tələbələr semestr imtahanlarına sıfır balla daxil olurlar. Amma əvvəllər Azərbaycan dili, multikulturalizm, xarici dil, fəlsəfə və digər qeyri-ixtisas fənlərindən 40 bal aralıq qiymətləndirmə ilə imtahanlara daxil olur, əksəriyyəti müvəffəqiyyət qazanırdı. Tələbələrin çoxu qeyri-ixtisas fənlərinə ciddi yanaşmadığı üçün bu il kəsilənlərin olduğunu müşahidə edirik. Qeyri-ixtisas fənlərindən tələbələrə 50 sual düşür və maksimum 100 ballıq şkala ilə qiymətləndirilir. Suallar 50 dəqiqə ərzində cavablandırılmalıdır. Təəssüf ki, kəsilənlər arasında əlaçılara rast gəlinir. Tələbə hiss etməyə başlayıb ki, əgər tədris olunursa, deməli təkcə ixtisas fənlərinə deyil, qeyri-ixtisas fənlərinə də ciddi şəkildə hazırlaşmaq lazımdır. Hesab edirəm ki, qeyri-ixtisas fənləri üzrə aralıq imtahanlarının ləğvi doğru qərardır və gələcəkdə müsbət nəticəsini göstərəcək. Yəni növbəti imtahanlarda tələbələr qeyri-ixtisas fənlərinə də ciddi yanaşacaq, öyrənməyə can atacaqlar”.
Ü.Cəfərova imtahan zamanı 1-3 kurs tələbələrinə nümunəvi testlərdən az mövzu salındığını və əksəriyyətinin gizli suallar olduğunu bildirdi. Ona görə də aşağı kurs tələbələrində ciddi çalışqanlıq hiss olunduğunu və verdikləri imtahanlardan nəticələr əldə etdiklərini söylədi: “Əvvəlkilərdən fərqli olaraq, artıq testlərin tərtibində də irəliləyişlər var. Testlər az səhvlə tərtib olunduğundan, imtahanı da rahat şəkildə apara bilirik. Bəzən isə apellyasiya şikayətləri də əsassız olur. Məsələn, bu semestr 30-a yaxın tələbə Anatomiya fənnindən düşmüş sualdan şikayət etdi, hamısı əsassız oldu. Qayda pozuntularına da çox rast gəlinmir”.
Nəzarətçilərin sayı üç dəfə azaldılıb
İmtahan Nəzarət Qrupunun rəhbəri Pəri İsaqova işlərində yeniliklər edildiyini, bu semestr az tərkibli nəzarət qrupu ilə işlədiklərini diqqətimizə çatdırdı: “Əvvəllər 158 nəzarətçi ilə işləyirdik. Onların da əksəriyyəti ya gəlmir, ya da işlərinə məsuliyyətsiz yanaşır, gec gəlirdilər. Belə hallar istər-istəməz, işimizdə problem yaradırdı. Bu dəfə onların içərisində ən aktiv və işinə məsuliyyətlə yanaşanları seçdik. Artıq aralıq qiymətləndirmədən bu yana 55 fəal nəzarətçi ilə işləyirəm. Onlar vaxtlı-vaxtında imtahanlara gəlir, vəzifələrinə məsuliyyətlə yanaşırlar. Nəticə göz önündədir. Tələbələr də imtahanlarını sakit və intizamlı şəkildə verirlər. İndiyədək ciddi qayda pozuntusuna rast gəlinməyib”.
Nəzarətçilərdən İlqar Qacar, Sevinc İbrahimova da imtahanın normal keçdiyini bildirdilər. Yüngül qayda pozuntularına rast gəlindiyini, xəbərdarlıqdan sonra tələbələrin onları aradan qaldırdığını qeyd etdilər.
Digər nəzarətçi Vəfa Həsənova da əvvəlki vaxtlara nisbətən indi imtahan prosesinin daha yaxşı keçdiyini bildirdi: “Əvvəllər tələbələr bir-birindən istifadəyə cəhd edirdilər. İndi belə hallar müşahidə olunmur. Onlar artıq oxumaq məsuliyyətini dərk edirlər”.
İmtahan verən tələbələrin də fikirlərini öyrəndik. Zeynəb Əlizadə II Müalicə-profilaktika fakültəsinin 1-ci kursunda oxuyur. İnformatikadan imtahan verib: “Mənim üçün çox uğurlu keçdi. Çünki yaxşı hazırlaşmışdım. Maksimum balı (50 bal) toplaya bildim. Zalda sakitçilikdir. Heç bir kənar müdaxilə yoxdur”.
Oxuyan tələbə müvəffəqiyyət qazanır
MPF-2-nin 1-ci kurs tələbəsi Lətifə Hacıyeva artıq 2-ci dəfədir Tibb Universitetinin tələbəsi adını daşıyır. 2012-ci ildə Əczaçılıq fakültəsini bitirib: “Amma daxilən bir hiss məni heç vaxt tərk etmirdi. Mənə elə gəlirdi ki, insanları müalicə etsəm, daha çox uğur qazana bilərəm. Ona görə də ciddi şəkildə hazırlaşdım və Müalicə-profilaktika fakültəsinə daxil oldum. İmtahanlar şəffaf şəkildə aparılır, ona görə də oxuyan tələbə müvəffəqiyyət qazanır. Mən də müvəffəqiyyət qazananlardan oldum”.
Tələbələrdən Əbdülrəhim Mürsəlov, Emil Xəlilov da yüksək əhval-ruhiyyə ilə zalı tərk edirdilər. Məlum oldu ki, onlar da uğur qazanan tələbələrdəndirlər. Bundan sonrakı imtahanlarda da çətinlik çəkməyəcəklərini diqqətimizə çatdırdılar.
Tələbələrin şikayət proseduru asanlaşdırılıb
Universitetin Apellyasiya Komissiyasının sədri, professor Eldar Qarayev son illər komissiyanın fəaliyyətində edilmiş yeniliklərdən söhbət açdı: “İki ildir ki, imtahanlarda baş verən şikayətlərin araşdırılması üçün təşkil edilmiş Apellyasiya Komissiyasının sədri vəzifəsində çalışıram. Bu illər ərzində komissiya tələbələrin çoxsaylı müraciətlərinə baxıb. Hər semestrdə təxminən 5000-5500 müraciət olur. Əsaslı şikayətlər təmin edilir, tələbələrin ballarına əlavə olunur. Obyektivliyi təmin etmək məqsədilə hər gün aparılan hesabatlar elektron poçt vasitəsilə ATU-nun rektoruna, Tədris Departamentinə, İnformasiya texnologiyaları şöbəsinə göndərilir və sonda ümumi hesabat hazırlanır. Komissiya səhər saat 9-dan axşam saat 9-dək fəaliyyət göstərir. Beləliklə, imtahan bitəndən sonra 3 saat ərzində tələbənin müraciət etmək hüququ təmin olunur. Əsasnaməyə görə, tələbə etdiyi şikayətə ekspertin verdiyi rəylə razılaşmaya və rektora şikayət edə bilər. Bu zaman yeni komissiya təşkil olunur, şikayətə yenidən baxılır. Bu semestrdə bir neçə tələbə bu hüququndan istifadə edib. Biz şikayət əsasında yenidən komissiya təşkil etdik, şikayətlərdən bəziləri əsaslı hesab olundu”.
Professor Eldar Qarayev şikayətlərin sadələşdirilməsi üçün 3 dildə - Azərbaycan, ingilis və rus dillərində ərizə nümunələri tərtib olunduğunu nəzərə çatdırdı: “Eyni zamanda Apellyasiya Komissiyasının telefon nömrəsini də qeyd etmişik ki, tələbələr ərizələrinin nəticələrini zəng etməklə öyrənə bilsinlər. Daha bir yenilik isə həm bizim, həm də tələbələrin vaxt itkisinin qarşısı aldı. Belə ki, əksər hallarda tələbələr narazı qaldığı sualın nömrəsini yadda saxlaya bilmirdi. Nömrəni öyrənmək üçün otaqda kompüter qarşısında böyük növbə yaranırdı.
Rəhbərliklə razılaşma əsasında tətbiq etdiyimiz yeniliyə əsasən, tələbə öz narazılığını kompüter proqramında bayraq şəklini qoymaqla ifadə edir. Nəticədə işimiz xeyli asanlaşdı, vaxt itkisi aradan qalxdı”.