Son illərdə dermatologiyanın başın tüklü hissəsinin dərisini və tüklərini öyrənən sahəsi - trixologiya tibbi və estetik baxımdan çox aktuallaşıb. Dermatoloqlar bu istiqamətə daha çox diqqət yetirməyə başlayıblar. Bu fikirləri “Təbib” qəzetinə ATU-nun Dermatovenerologiya kafedrasının dosenti Səbinə Əhmədova deyib.
Onun sözlərinə görə, tüklər hər bir insanın xarici görünüşünün və özünəqiymətin mühüm tərkib hissəsidir. Başın tüklü hissəsinin dərisi həm kişilərdə, həm də qadınlarda fərdiliyi əks etdirir: “Tüklərin tökülməsi, seyrəlməsi, alopesiya (ocaqlı, androgenetik, universal və s.) mövzusu çox genişdir. Dermatoloji müraciətlərin strukturunda tük xəstəlikləri 8%-ə çatır, lakin onların həqiqi yayılması daha yüksəkdir. Çünki xəstələrin əksəriyyəti ixtisaslaşmış həkimlərə yox, kosmetoloji mərkəzlərə müraciət edir”.
Müsahibimiz iki trixoloji problem - fizioloji (payız) tük tökülməsi və onu ağırlaşdıran səbəblər, həmçinin androgenetik alopesiyadan söhbət açaraq vurğulayıb ki, coğrafi-iqlim cəhətdən mövcud 11 iqlim qurşağından 9-u Azərbaycanın payına düşür və burada quru subtropik iqlim şəraiti üstünlük təşkil edir: “Bu fakt tüklərin strukturuna mənfi fiziki təsir göstərir. Günəş radiasiyasının orqanizmə müsbət təsiri (D vitamini hasilatı) ilə yanaşı, tüklər ultrabənövşəyi (UB) şüaların dağıdıcı təsirinə məruz qalır. Tük özəyinin əsasını ultrabənövşəyi şüaların təsiri altında məhv olan keratin zülalı təşkil edir və nəticədə tüklərdə zülal itkisi və piqment deqradasiyası baş verir. Tüklərə bu təsir çox vaxt nəzərə alınmır, yalnız dərini UB şüalardan qorumağa üstünlük verilir. Fizioloji tük tökülməsi bütün insanlarda adətən payızda müşahidə olunur. Lakin yay mövsümündə UB şüaların başın tüklü hissəsinin dərisinə və tüklərə zərərli təsiri, tüklərin tökülməsi patoloji xarakter daşıyır. Nəticədə tüklərin kəmiyyət və keyfiyyəti kəskin şəkildə dəyişir. Tüklər intensiv şəkildə tökülür, tutqun, kövrək, cansız və quru olur”.
Həkim-dermatoloq yay mövsümündə tüklərə və baş dərisinə xüsusi qoruyucu vasitələrin tətbiqini, UB şüaların zərərli təsirlərinin qarşısını almaq üçün insolyasiyanın artırılmasını zəruri hesab edir: “Bura xüsusi nəmləndirici maskalar, yağlı yuyucu vasitələr, keratinli və peptidli tük kondisionerləri daxildir. Fizioloji tük tökülmə və alopesiya çox geniş və mübahisəli bir mövzudur. Həm kişilər, həm də qadınlarda rast gəlinən androgenetik alopesiyadan (AGA) bəhs etmək mümkündür. O, trixoloji patologiyadır, əsas səbəbləri isə irsi meyllilik və hormonal pozuntulardır. Bütün keçəlləşmə hallarının 95%-ni AGA təşkil edir. Bu tip alopesiya yerli (təpə nahiyəsi) və ya yayılmış (diffuz) tük tökülməsi şəklində özünü göstərir”.
S.Əhmədova onu da bildirib ki, tük özəyinin böyüməsi 3 fazadan: anagen – tüklərin 80%-nin yerləşdiyi aktiv böyümə (müddəti 2-6 il), katagen – böyümənin geriləməsi (müddəti təxminən 2 həftə) və telogen – tüklərin 20%-nin yerləşdiyi dincəlmə mərhələsindən (müddəti 3-4 ay) ibarətdir.
AGA-nı androgenlərin (kişi cinsi hormonları) tük follikuluna təsiri ilə əlaqəli proqressiv tük tökülməsi kimi səciyyələndirən mütəxəssis, bütün androgenetik alopesiya hallarının 95%-nin irsi xarakter daşıdığını söyləyib. Eyni zamanda əlavə edib ki, 30 yaşlı kişilər arasında hər 3 nəfərdən biri, 50 yaşında hər ikinci, 70 yaşda isə 80%-i AGA-ya meyllidir: “O cümlədən Qafqaz kişilərində dazlaşmaya meyllilik asiyalılara nisbətən daha çoxdur. AGA-ya negroid irqinin nümayəndələri arasında daha az təsadüf edilir. Qadınların isə yaşından asılı olmayaraq 20-40 faizində AGA baş verir. Tüklərin böyüməsi dövrü epitelial və dermal komponentlər arasında mürəkkəb qarşılıqlı əlaqə prosesidir. Dermal komponent kişi cinsi hormonu androgen ilə əlaqələndirilir (AGA-nın əsas səbəbi), onun hiper hasilatı stress triggerləri ilə gücləndirilir”.
Bundan başqa, AGA-nın dəmir və digər mikroelementlərin aşağı səviyyədə olması ilə müşayiət olunduğunu deyən dosent S.Əhmədova vurğulayıb ki, yağlı dəri (yağlı seboreya) androgenetik alopesiyanın səbəbi deyil, çünki piy vəziləri androgenlərə həssas olmur. Həm qadınlarda, həm də kişilərdə AGA-nın triggerləri həddindən artıq androgen səviyyələrinə, androgen reseptorlarına qarşı həssaslığın artmasına və androgen mübadiləsinin yerli toxuma pozuntusuna səbəb olan patoloji endokrin disfunksiyalar ola bilər: “AGA diaqnostikası üçün çox dəqiq və əlverişli olan fototrixoqram üsulundan istifadə edilir. AGA-nın ən erkən əlaməti telogen (dincəlmə) mərhələsində tüklərin sayının artmasıdır. Bu fakt onların androgenlərə qarşı həssaslığının və müvafiq olaraq həm kişilərdə, həm də qadınlarda AGA-nın erkən mərhələlərində androgenlər və onların törəmələri ilə uğurlu konservativ topik terapiyanın göstəricisidir (menoksidil kişilərdə 5%, qadınlarda 2%).
Qadınlarda AGA üçün farmakoterapiya qanda testosteronun qatılığını, kişilərdə isə dehidrotestosteron (DHT) səviyyəsini azaltmağa yönəldilib. Spironolakton, simetidin, siproteron, Yarin kontraseptivi və s. dərmanlar antiandrogenik xüsusiyyətlərə malikdir. Alopesiyanın bütün növləri, eləcə də AGA üçün fizioterapiya, inyeksion və cərrahi üsullar tətbiq olunur”.