Bu günlərdə Elmi-Tədqiqat Pediatriya İnstitutu ilə ATU-nun I Uşaq xəstəlikləri kafedrasının rezidentlər üçün birgə seminarı keçirilib. Bu barədə “Təbib” qəzetinə I Uşaq xəstəlikləri kafedrası üzrə rezidentlərin rəhbəri, t.ü.f.d. Nüşabə Mollayeva məlumat verib.
Onun sözlərinə görə, nadir rast gəlinən xəstəliklərə, eyni zamanda epidemioloji vəziyyətlə əlaqədar qızılca infeksiyasına həsr olunmuş məruzələrin təqdimatından öncə çıxış edən ATU-nun Elmi işlər üzrə prorektoru, I Uşaq xəstəlikləri kafedrasının müdiri, professor Rauf Bəylərov rezidentlərin öz nəzəri biliklərini təkmilləşdirməsi və praktik bacarıqlarını yüksəltməsi baxımından bu cür seminarların mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, müzakirəyə çıxarılan mövzuların aktuallığını nəzərə alaraq rezidentləri diskussiyalarda fəal olmağa çağırıb. Bildirib ki, bu tip seminarların keçirilməsində əsas məqsədlərdən biri də rezidentlərin öz tədqiqatlarının nəticələrini, ayrı-ayrı xəstəliklərlə bağlı fikirlərini auditoriyaya çatdırmasına, həmçinin qarşılıqlı fikir mübadiləsinin aparılmasına imkan yaratmaqdır. Professor Rauf Bəylərov rezidentlərin klinikalarda növbətçiliyə qalmasının, konkret xəstələr üzərində klinik təhlillər aparmasının vacibliyinə də toxunaraq, təqdimatlarda bu amillərin nəzərə alınacağına əminliyini diqqətə çatdırıb.
Bundan sonra rezidentlərdən Şəhanə Qasımova “Qlikogenezlər. Qoşe xəstəliyi”, Humay Zeynalova “Yenidoğulanlarda VACTERL assosiasiyalı anadangəlmə inkişaf qüsurları”, Gülnar Əlizadə “Yenidoğulmuşlarda ən çox rast gəlinən xromosom anomaliyaları”, Ləman Əzizova “Crischelli sindromu”, Aysel Rəhimova və Nigar Bayramova isə “Uşaqlarda qızılca infeksiyası” mövzusunda təqdimatlarla çıxış ediblər.
Adıçəkilən mövzulara dair fikirlərini seminar iştirakçıları ilə bölüşən I Uşaq xəstəlikləri kafedrasının professoru Səbinə Qarayeva, kafedranın dosenti Səbirə Hüseynova və Elmi-Tədqiqat Pediatriya İnstitutunun dosenti Nailə Rəhimova məruzəçilərə öz tövsiyələrini veriblər.
Seminarda Rezidentura və magistratura şöbəsinin müdir müavini, dosent Ləman Əlizadə, ATU-nun və Pediatriya İnstitutunun rezidentləri və pediatrlar iştirak ediblər.
Geniş diskussiya şəraitində keçən seminarın sonunda məruzəçilər tədbir iştirakçılarının təqdim olunan mövzulara dair suallarını cavablandırıblar.