ATU-nun Tədris Cərrahiyyə Klinikasının Neonatologiya şöbəsi Rezidentura və magistratura şöbəsi ilə birgə rezidentlər üçün növbəti seminar keçirib.
Şöbə müdirinin müavini, assistent Namiq Xəlilov mövzunun "Yenidoğulmuşlarda görülən xəstəliklərin rentgenoloji diaqnostikası" olduğunu diqqətə çatdırıb və sözü TCK-nın Neonatal və intensiv terapiya şöbəsinin müdiri, assistent Sərxan Elbəyiyevə verib.
Çıxışında neonatal dövrdə olan xəstəliklərdən və erkən diaqnostikadan, həmçinin diferensial diaqnostikadan bəhs edən məruzəçi müxtəlif ağciyər patologiyalarında rentgenlə görüntüləmə ilə diaqnozun qoyulması zamanı diqqət edilməli məqamlar haqda ətraflı məlumat verib. Diferensial diaqnostikada fərqli kölgəliklərin düzgün tanınmasının böyük əhəmiyyət daşıdığını bildirən S.Elbəyiyev mekonium aspirasiyası sindromu, pnevmotoraks, həzm sisteminin müxtəlif hissələrinin atreziyaları, hidrops, malrotasiya, yarımçıqdoğulmuşlarda sıx və nadir görülən ağciyər patologiyaları (respirator distress sindrom, anadangəlmə surfaktant əksiklikləri), tranzitor taxipnoe, anadangəlmə pnevmoniyalar, hava qaçağı sindromları (pnevmotoraks, pnevmomediastinum, pnevmoperikardium), yarımçıqdoğulmuşlarda daha sıx görülən nekrotizəedici enterokolit, spontan intestinal perforasiya, doğuş travmaları (kaput suksadenum, sefalhematoma, subqaleal qanaxma, körpücük sümüyü sınıqları zamanı yenidoğulmuşun rentgen görüntülərində nələrə diqqət olunması haqda geniş çıxış edib.
Tədbirdə neonatologiya üzrə təhsil alan rezidentlər iştirak ediblər.