Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında aparılan eksimer cərrahiyyəsində yeni metodun tətbiqinə başlanılıb. Bu barədə Klinikanın Oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılov məlumat verib.
Q.İsmayılovun sözlərinə görə, dünyada 30 ildən artıqdır ki, görmə qüsurlarının aradan qaldırılması üçün eksimer lazer üsulundan istifadə olunur. Bu müddət ərzində əməliyyatın aparıldığı lazer cihazlarında, həm də proseduran tətbiqi texnikalarında yeniliklər olub. Onlardan biri də eksimer lazer cərrahiyyəsində morya üsuludur.
“Eksimer cərrahiyyəsi zamanı buynuz qişanın üzərində kəsik aparılır. Müxtəlif metodikalar məhz kəsiyin hansı üsulla aparılmasından asılıdır. Tətbiq edilən yeni metodika zamanı hər növ korniyada kəsik aparıla bilir. Hər cür korniyalarda bu kəsiklərin icrası üçün həlqələrimiz (ring) mövcuddur. Əməliyyat zamanı buynuz qişanın şüa sındırmasından asılı olaraq, yastı kornealardan (39-40 kornea) ən dik olanlara (48-50-kornea) kimi kəsiklər aparılır, bu kəsiklərin hər birinə uyğun olaraq həlqələrdən (rinq) istifadə olunur. Hazırda bizim klinikada bütün rinqlərin kornea kəsiklərində aparılması mümkündür”.
Qeyd edək ki, eksimer lazer əməliyyatlarında PRK üsulu, Xp (dairəvi kəsiklə fləp qaldırılması), lasik, femto saniyə üsulularından istifadə olunurdu. ATU-nun Tədris Cərrahiyyə Klinikasında tətbiq edilən “morye” isə flepin qaldırılması üçün ən son metodikadır.
Eksimer lazer əməliyyatından gözün və buynuz qişasının formasından asılı olaraq yaranan sınma qüsurlarını – miopiya, astiqmatizm və hipermetropiyanı müalicə etmək üçün istifadə olunur. Nəticədə xəstələr eynəkdən azad olur. Bu əməliyyat buynuz qişa toxumasının qalınlığının yetərli olan 18- 39 yaş arasındakı xəstələrdə aparıla bilər.