ATU-nun Tibb və sağlamlıq elmləri təhsili kafedrası yarandığı iki il ərzində müxtəlif təlim kursları təşkil edib. Belə ki, kafedranın fəaliyyət istiqamətlərindən biri tələbələrlə işdirsə, digəri pedaqoji heyətin fəaliyyəti ilə bağlıdır.
Bu müddət ərzində görülən işlərlə bağlı kafedranın müdiri, dosent Samir Cavadlı məlumat verib: “Qeyd edim ki, Böyük Elmi Şuranın 2023-cü il 25 iyun tarixli qərarına əsasən, hansısa kafedrada vakant yerləri tutmaq üçün professor-müəllim heyəti, həmçinin əməkdaş olmayan digər mütəxəssislər müsabiqədə iştirak etməzdən öncə “Pedaqoji peşəkarlığın inkişafı” proqramı üzrə təlimlərdə iştirak etməli və bununla bağlı sertifikat almalıdırlar. Bu iştiraka görə müəllimlərə on bal ayrılıb. Üç istiqamət üzrə müəyyənləşən bu təlimlər tədris, araşdırmalar və professor-müəllim heyəti üçün pedaqoji peşəkarlığın inkişaf etdirilməsindən ibarətdir. Bundan başqa, ekspert müəllimlər üçün çoxseçimli sualların hazırlanması, tətbiqi və analizi, təlimlərin keçirilməsi, tələbələrə maketlər üzərində kliniki bacarıqların tədrisi və qiymətləndirilməsi, həmçinin tibb təhsilində baş verən yenilikləri, innovasiyaları aşkar etmək və bunları həmkarlarımızla paylaşmaq üçün davamlı araşdırmalar aparırıq”.
Kafedra müdiri bildirib ki, bu təlimlər adətən 7-8 gün davam edir: “Əvvəllər təlimləri semestr ərzində həyata keçirirdik. Lakin müəllimlərə daha rahat olun deyə, dərslər bitdikdən sonra, yəni imtahan dövründə aparırıq. Təlimlər səhər saat 9-dan 2-yə qədər davam edir. Bu müddət ərzində professor-müəllim heyətinə tibb təhsili haqqında yeniliklər, dünyada bu sahə üzrə tərtib edilən modellər barədə məlumatlar verilir, proqram hazırlanması və inkişaf etdirilməsi, dəyərləndirilməsi, həm nəzəri, həm də praktiki bacarıqlar öyrədilir. Bundan başqa, universitetdə kiçik qruplar şəklində tədris var. Burda həm laborator dərslər, həm də praktik seminar məşğələlər aparılır. Eləcə də böyük qruplarda mühazirə dərslərinin aparılma qaydalarındakı yeniliklər, bu məsələdə dünya təcrübəsi, istifadə olunan vəsaitlər diqqətə çatdırılır. Bütün bunlarla yanaşı, həm tələbələrin, həm də proqramların qiymətləndirilməsi metodları, test suallarının hazırlanması, onların analizi qaydaları müəllimlərə öyrədilir. Təlimin sonuncu günü iştirakçılardan öyrəndikləri əsasında bir dərs nümunəsi istənilir və 15 dəqiqəlik videoçəkiliş aparılır. Müzakirələrdə nümunə dərs haqda fikirlər bildirilir”.
Təlimə qatılanlar arasında narazıların olduğuna da diqqət çəkən S.Cavadlı vurğulayıb ki, onlar bəzən bu yaşda təlimə cəlb edilmələrindən gileylənir: “Müəllimlərdən bəziləri ilk gün narazılıq etsə də, sonradan fikirləri dəyişir və təlimlərin maraqlı keçdiyini bildirirlər. Qeyd edim ki, hər semestrdə 130-150 müəllim təlimdən keçir. Yanvarın 7-dən fevralın 15-dək 200-ə qədər müəllimin təlimdən keçməsi nəzərdə tutulub. Növbəti təlimimiz isə may ayında, ekspert müəllimlərimiz üçün test suallarının hazırlanması istiqamətində olacaq. Sevindirici haldır ki, artıq təlimlərimizdə könüllü iştirak etmək istəyənlər də var. Hətta 2 saylı Bakı Tibb Kollecinin 5 müəllimi hazırda bizim təlimlərin iştirakçısıdır. Bundan başqa, ötən il Yeni Klinikanın əməkdaşları üçün təlim təşkil etdik”.
S.Cavadlı ilə söhbətdən sonra “Pedaqoji peşəkarlığın inkişafı” proqramı üzrə təlimlərə qatılan müəllimlərin də fikrini öyrəndik. ATU-nun Ortopedik stomatologiya kafedrasının assistenti Həcər İsmayılova razılığını ifadə etdi: “Əvvəlcə qeyd edim ki, 20 ildən çoxdur bu kafedrada çalışıram. Bu gün kursumuz başa çatır, kiçik formatda açıq dərs hazırlayacağıq. Kursa gələndən indiyədək günümüzün biri də boşa getməyib. Təlimlər çox səmərəli oldu. Arada kursdan çıxıb ekspert kimi imtahana gedib-gəlmişəm və itirdiyim 45-50 dəqiqə üçün təəssüflənmişəm. Burada bilmədiklərimizi öyrəndik, bildiklərimizi paylaşdıq, çalışdığımız sahəyə dair yenilikləri tətbiq etməyin üsullarını mənimsədik. Çox təşəkkür edirəm ki, bizim üçün belə bir kurs təşkil edilib”.
Əczaçılığın texnologiyası və idarəçiliyi kafedrasının baş müəllimi Aidə Bəndəliyeva: “Artıq altıncı gündür ki, bu proqram çərçivəsində müxtəlif mövzularda mühazirələri dinləməkdəyik. Burada təqdim olunan mövzular tədris proqramlarının düzgün tərtib olunmasını, hər bir müəllimin tədris vaxtı liderlik funksiyalarını bilməsini öyrədir. Böyük və kiçik qruplarda tədrisin necə qurulması, həmçinin bacarıq təlimi, kliniki fənni tədris edən müəllimin klinikalarda işinin təşkili, mənimsənilmə səviyyəsinin necə qiymətləndirilməsi, tədris mövzularının planlaşdırılması, eləcə də slaydların tərtibi, bacarıq imtahanlarının təşkili və qiymətləndirilməsi ilə bağlı çox maraqlı mühazirələr dinlədik. Ən çox razı qaldığım məqamlardan biri kafedrada mühazirə deyən müəllimlərin hazırlıqlı olmaları, mövzuları anlaşıqlı dildə çatdırmaları, əyani şəkildə slayd vasitəsi ilə təqdim etmələri, eləcə də suallarımızı əhatəli cavablandırmaları oldu.
Hesab edirəm ki, bu kursların biz müəllimlər üçün çox böyük praktiki əhəmiyyəti var. Bu kafedranın bütün əməkdaşlarına dərin təşəkkürümü bildirirəm”.