Azərbaycan Tibb Universitetinin (ATU) Farmakologiya kafedrasında rəqəmsal resept (elektron resept) sisteminin tətbiqi ilə bağlı elmi-praktik seminar keçirilib. Kafedranın müdiri, professor Musa Qəniyev bu proqramın ölkəmizdə tibbi məlumatların əlçatanlığını, tibb mütəxəssislərinin vətəndaşlara daha sürətli və effektiv xidmət göstərməsini təmin edəcəyini bildirib.
Rəqəmsal resept layihəsinin dövlət başçısının 15 avqust 2023-cü il fərmanı ilə bu ilin əvvəlindən qüvvəyə mindiyini xatırladan M.Qəniyev qeyd edib ki, yeni növ reseptlər əvvəllər təyin edilmiş dərmanların dozalanma nisbəti və tarixini görməyə, eləcə də xəstəliklərə dərman təyininin Beynəlxalq Protokollara əsaslandığını müəyyən etməyə imkan verəcək. Bu, həm də dərman satışı sahəsində tranzaksiyaya (pul vəsaitləri ilə həyata keçirilən əməliyyatlara) nəzarəti və bu prosesin şəffaflığını təmin edəcək. Elektron Resept sisteminin tətbiqi və təlimat qaydalarının tədris proqramına daxil edilməsi zərurətdir.
Elmi-praktik seminarda Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Keyfiyyətə Nəzarət şöbəsinin müdiri, Elektron resept sisteminin AEM tərəfindən koordinatoru Səid Fərzullayev çıxış edərək Elektron Resept sistemi haqqında geniş məlumat verib. Qeyd edib ki, tibb müəssisələrində vətəndaşlara verilən reseptlərin elektron qeydiyyatının aparılmasında başlıca məqsəd vətəndaşların keyfiyyətli, təhlükəsiz və etibarlı səhiyyə xidmətlərinə əlçatanlığını təmin etməkdir. Bu sistem vətəndaşlara dərman vasitələrinin yazılması və əldə olunması prosesində tam şəffaflığı və əlçatanlığı təmin edir. Pasiyent müayinə olunduqdan sonra, ona yazılacaq hər bir dərman preparatı, elektron sistemdə vahid olaraq yerləşdirildikdə, ümumi sistemdən görünəcək. Yeni sistem həm də kağız dövriyyəsini azaltmağa, həkimlərin xəstələrə daha sürətli xidmət göstərməsinə şərait yaradacaq. Elektron reseptin tətbiqi ilə bütün əczaçılıq və tibb müəssisələrinin inteqrasiyası da təmin ediləcək.
Sonda S.Fərzullayev yeni sistemin tətbiqi ilə bağlı tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.