Fevralın 9-da Azərbaycan Tibb Universitetində “Süd Vəzi Xəstəlikləri Mütəxəssisləri Assosiasiyasının I konfransı keçirilib. Dövlət himnimiz səsləndirildikdən sonra ATU-nun Onkoloji Klinikasının direktor müavini, dosent Nigar Mehdiyeva açılış nitqi ilə çıxış edib. O, assosiasiyanın I konfransının çox əlamətdar tarixi hadisə - növbədənkənar Prezident seçkiləri ərəfəsinə təsadüf etməsindən məmnunluğunu dilə gətirib. Böyük səs çoxluğu ilə yenidən ölkə başçısı seçilən cənab İlham Əliyevi tədbir iştirakçıları adından təbrik edərək, bu tarixi qələbəni 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı ilə tamamlanan zəfərlər silsiləsinin məntiqi nəticəsi kimi səciyyələndirib.
Çıxışında assosiasiyanın məqsədi, iş prinsipləri, eləcə də tibb sahəsinin həm elmi, həm praktiki həyatındakı rolundan söhbət açan N. Mehdiyeva qeyd edib ki, son dövrlərdə bu prosesin güclənməsi müşahidə olunmaqdadır: “Dünya statistikasına nəzər salsaq görərik ki, hər bir tibbi mütəxəssis əmək fəaliyyəti dövründə ən azı bir assosiasiyanın üzvü olur ki, müəyyən üstünlüklər qazansın. Kütləvi və istiqamətləndirilmiş, həmçinin fərdi tədqiqatlarda fəal iştirak etməyimiz, müvafiq qanunvericilik normalarının formalaşdırılması üçün assosiasiyalar bizə imkan yaradır. Bütün bunlar isə komanda işi olmadan mümkün deyil. Assosiasiyanın gücü onun nümayəndələrinin, üzvlərinin sayından qaynaqlanır. Ona görə də hər birimizin fərdi səsimiz böyük bir vahid səsin tərkib hissəsidir”.
Bu assosiasiyanın yaranmasına zəmin yaradan əsas səbəblərdən də danışan həkim-onkoloq bildirib ki, süd vəzi xəstəlikləri, o cümlədən süd vəzi xərçənginin erkən simptomları haqqında vaxtında müvafiq mütəxəssisə müraciət etmək olduqca vacibdir: “Gündəlik praktikamızda gecikmiş müraciət problemi ilə tez-tez rastlaşırıq. Yəni erkən müraciətin vacibliyi haqqında geniş kütləvi məlumatlandırıcı tədbirlərin aparılması xüsusilə önəmlidir. Profilaktika dedikdə ilkin olaraq skrininq haqqında düşünürük. ATU-nun Onkoloji Klinikası və Milli Onkologiya Mərkəzinın əməkdaşları regionlarda belə skrininqlər aparsalar da, etiraf etməliyik ki, bu proses pərakəndə xarakter daşıyır. Bu baxımdan əsas istiqamətlərdən biri bu skrininq proqramının hüququ əsaslarının işlənib hazırlanması və təkliflərin, bildirişlərin müvafiq qanunverici orqanlara çatdırılmasıdır”.
O da vurğulanıb ki, gələcəkdə peşəkar kadrların yetişdirilməsi, qurumlar arası, ölkələr arası əlaqələrin genişləndirilməsi assosiasiyanın qarşısında duran prioritet məsələlərdəndir.
Bundan sonra ATU-nun Onkoloji Klinikasının dosenti Həqiqət Vəliyeva assosiasiyanın idarə heyətinin və şöbə rəhbərlərinin seçilməsi, şöbələrin gələcək fəaliyyətinin planlaşdırılması barədə tədbir iştirakçılarına geniş məlumat verib.
ATU-nun Onkoloji Klinikasının dosenti Nəsimi Qasımov və Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri, Beynəlxalq Plastik Cərrahiyyə Assosiasiyasının idarə heyətinin həqiqi üzvü, plastik və rekonstruktiv cərrah, professor Vaqif Qələndər də tədbirdə çıxış edərək öz təkliflərini səsləndiriblər və assosiasiyanın işinə uğurlar arzulayıblar.
Daha sonra ATU-nun Onkoloji Klinikasının dosenti Tamara Quliyevanın “Süd vəzi xəstəliklərinin profilaktika, diaqnostika, müalicə və müşahidəsində cərrahların multidissiplinar komandanın digər üzvlərindən gözləntiləri” və Milli Onkologiya Mərkəzinin əməkdaşı Elxan Kazımovun “Multidissiplinar komandanın süd vəzi xəstəliklərinin profilaktika, diaqnostika, müalicə və müşahidəsində cərrahlardan tələbləri” mövzusunda məruzələri dinlənilib.
“Biz birlikdə güclüyük!” devizi altında keçirilən konfransda mütəxəssislər xəstələrin klinik təhlilini də aparıblar.