ATU-nun kitab fonduna yeni monoqrafiya daxil olub
Universitetimizin kitab fonduna I Cərrahi xəstəliklər kafedrasının professorları Saday Əliyev və Nuru Bayramov tərəfindən yazılmış yeni monoqrafiya əlavə edilib. “Nekrozlaşdırıcı fassiit” adı altında tərtib edilmiş bu kitab irinli-septik cərrahiyyənin aktual probleminə həsr olunub.
Cərrahiyyənin bu istiqamətdə müasir nailiyyətlərinə baxmayaraq, nekrozlaşdırıcı fassiit və onun xüsusi klinik forması olan Furnye qanqrenası haqqında dövri ədəbiyyatda çox az məlumat verilir. Bu informasiya boşluğu milli ədəbiyyatda da nəzərə çarpır. Bununla əlaqədar praktik həkimlər, xüsusi ilə ilk kontakt həkimləri (sahə həkimi, təcili yardım həkimi) bu patologiya barədə çox səthi məlumata malikdir. Buna görə də xəstəlik müxtəlif diaqnozlarla qeydə alınır, nəticədə bu patologiyanın həqiqi epidemioloji mənzərəsi haqqında məlumat almaq olmur. 4 fəsildən ibarət bu kitabda nekrozlaşdırıcı fassiitin və Furnyeqanqrenasının epidemiologiyası, etiopatogenezi, müasir diaqnostikası və müalicəsi ətraflı şərh edilib. Kitabın elmi-praktik əhəmiyyəti ondan ibarətdir ki, nekrozlaşdırıcı fassiit və Furnye qanqrenasının ənənəvi və müasir diaqnostika üsullarını (rentgenoloji, USM, KT, MRT) əks etdirən əyani materiallarla zənginləşdirilib. Geniş və müasir ədəbiyyat mənbələrinə və çoxillik şəxsi təcrübələrinə əsaslanan müəlliflər xəstəliyin diaqnostikasında və müalicəsində multidissiplinar yanaşma prinsiplərinin prioritet rolunu qeyd ediblər. Bu da müasir klinik cərrahiyyənin strateji doktrinasına uyğundur. Yüksək elmi-metodik səviyyədə yazılan kitab özünəməxsus dizayn keyfiyyəti ilə də seçilir.
Eyni zamanda monoqrafiyanın elmi-praktik keyfiyyətin əsas göstəricilərindən biri olan ədəbiyyat siyahısı və xarici müəlliflərin qeyd olunan patologiyanın müxtəlif aspektlərini əks etdirən elmi işləri ilə zənginləşdirilməsi oxucuya bu xəstəlik haqqında daha geniş məlumat almaq imkanı yaradır.
Professorlar S.Əliyev və N.Bayramov tərəfindən yazılmış monoqrafiya praktik həkimlər, rezidentlər, Tibb Universitetinin tələbələri üçün faydalı elmi-praktik vəsaitdir.