Fevralın 12-də ATU-nun Tədris Cərrahiyyə Klinikasında “Xəstəxana daxili infeksiyalar və xəstəxana daxili klinik infeksiyaların profilaktikası, əksepidemik tədbirlərin hazırlanması” mövzusunda geniş tərkibdə seminar keçirilib.
Şöbə müdirləri, rezidentlər, baş tibb bacıları və digər tibbi personalın qatıldığı seminarı giriş sözü ilə klinikanın baş həkimi, professor Fariz Camalov açaraq mövzunun aktuallığına diqqətə çatdırıb.
Bundan sonra klinikanın İnfeksion xəstəliklərə nəzarət şöbəsinin müdiri, professor Sədrəddin Atakişizadə mövzuya dair məruzə ilə çıxış edib. O, xəstəxana daxili infeksiyaların müasir dövrdə bütün dünyada aktual bir problem olaraq qaldığını vurğulayıb. Bildirib ki, bu istiqamətdə kifayət qədər işlərin görülməsinə, yeni müayinə və müalicə metodlarının sayının artmasına baxmayaraq, xəstəxana daxili infeksiyaya görə ölüm halları hələ də yüksək olaraq qalmaqdadır. Xəstəxana daxili infeksiyaların törədiciləri haqqında da ətraflı məlumat verən professorun sözlərinə görə, əsas problemlərdən biri bu törədicilərin antibiotiklərə davamlılığının yüksək olmasıdır. Belə ki, xəstəxana daxili infeksiyaların törədicilərinə qarşı xəstəxanada nəzarətsiz və bakterioloji müayinənin cavabına əsaslanmadan antibiotiklərdən istifadə resident mikroorqanizmlərin seleksiyasına səbəb olur. Ona görə də həmin törədicilər əksəriyyət antibiotiklərə davamlılıq göstərir və nəticədə mütəxəssislər ciddi problemlərlə üzləşir.
Seminarda xəstəxana daxili infeksiyaların laborator diaqnostikasından, profilaktikası və müalicəsindən, törədicilərin daha çox hansı antibiotiklərə həssaslıq göstərməsindən, damar yolu, sidik yolu kateterlərinə nəzarətin zəruriliyindən söhbət açılıb. Tibb işçilərinin və xəstələrin əl gigiyenasına aid vacib məqamlara toxunulub.
Daha sonra TCK-nın Mərkəzi Laboratoriyasının bakteriologiya şöbəsinin müdiri Leyla Həşimova mövzu ətrafında çıxış edərək İnfeksion xəstəliklərə nəzarət şöbəsi ilə laboratoriyanın birgə əməkdaşlığından danışıb. O, klinikada xəstəxana daxili infeksiyalarla bağlı ciddi bir problemin olmadığını, infeksiyaların qarşısının alınması üçün vaxtında profilaktik və əksepidemik tədbirlərin görüldüyünü deyib.
Seminarın sonunda mövzuya dair fikir mübadiləsi aparılıb və seminar iştirakçılarının sualları cavablandırılıb.