ATU-nun Tədris Terapevtik Klinikası ilə Rezidentura və magistratura şöbəsinin birgə təşkil etdiyi növbəti seminar baş tutub. Belə ki, aparıcı mütəxəssislərin də qatıldığı tədbirdə ATU-nun I- ci Daxili xəstəliklər kafedrasının assistenti Aygün Kazımlı "Pulmonar hipertenziyanın diaqnostikası və müalicəsinə müasir baxış” mövzusunda çıxış edib.
A. Kazımlı bildirib ki, pulmonar hipertenziya (PH) ağ ciyər arteriyasında təzyiqin artması ilə səciyyələnən proqressiv xəstəlikdir: “Pulmonar hipertenziya həm də özündə müxtəlif kliniki vəziyyətləri birləşdirərək çoxlu sayda respirator və karidiovaskulyar xəstəliklərin gedişatına təsir edir”.
Müasir təsnifatla müəyyən edilmiş 5 klinik qrup- xüsusilə, ən çox yayılmış forması olan sol kameraların patologiyası səbəbindən yaranan pulmonar hipertenziya (PH) barədə iştirakçıları məlumatlandıran məruzəçi bu xəstəliyin digər klinik qrupları, xüsusiyyətləri və etiologiyadan asılı olaraq müalicə prinsiplərindən bəhs edib. Sözünə davam edən məruzəçi pulmonar hipertenziyanın diaqnostikasında sağ ürək kateterizasiyasının aparılmasının vacibliyini söyləyib və spesifik müalicənin önəmli məqamlarından danışıb. O, pulmonar hipertenziyanın yaranma səbəbləri, diaqnostikası, müasir müalicə metodları barədə ətraflı söhbət açaraq pulmonar hipertenziyanın xüsusi mərkəzlər və ekspertlər tərəfindən müalicə olunmasını tövsiyə edib.
Məruzəyə dair fikirlərini bölüşən Rezidentura və Magistratura şöbəsinin müdür müavini, assistent Namiq Xəlilov dünya əhalisinin 1% pulmonar hipertenziyadan əziyyət çəkdiyini diqqətə çatdırıb: “Ağ ciyər arteriyasında təzyiqin artması ilə səciyələnən proqressiv xəstəlik olan pulmonar hipertenziya özündə müxtəlif kliniki vəziyyətləri birləşdirərək çox sayda respirator və karidiovaskulyar xəstəliklərin gedişatına təsir etməklə PH ürək çatışmazlığına səbəb olur. Bu da öz növbəsində müalicə olunmadığı halda ölümlə nəticələnir. Ölkəmizdə PH xəstələrinin registri və ixtisaslaşmış müalicə mərkəzinin mövcud olmadığı üçün PH-a rastgəlmə tezliyi ilə bağlı doğru statistik məlumatlar vermək qeyri mümkündür”. O, əlavə edib ki, həkim və rezidentlərin diqqətini bu problemə yönəltmək prioritet məsələdir və pulmonar hipertenziyanın zamanında aşkarlanması xəstələrin həyat keyfiyyətinə müsbət təsir göstərə bilər.
Seminarda çıxış edən Tədris Terapevtik Klinikasının baş həkim Fəridə Hacıyeva pulmonar hipertenziyanın erkən aşkarlanmasının vacibliyini vurğulayaraq son illərdə pulmonar hipertenziyanın müalicəsində ciddi uğurların əldə edildiyini və bu müalicənin ölkəmizdə əlçatanlığı üçün müxtəlif sahədə çalışan həkimlərin diqqətini bu xəstəliyə yönəltməyin zəruri olduğunu bildirib.
Daha sonra I- ci Daxili xəstəliklər kafedrasının dosenti Xumar Qurbanova pulmonar arterial hipertenziyalı xəstələrin real kliniki praktikada zamanında və düzgün aşkarlanmasının çətinlikləri haqqında mövcud olan məqamlara toxunub.
Seminarın sonunda mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.