Professorun illər öncə qollarını yerinə bərpa etdiyi pasiyentlər indi də normal həyatlarını yaşayır
1999-cu ilin adi yay günlərinin birində Türkiyənin aparıcı televiziya kanallarında və nüfuzlu qəzetlərində belə bir sensasiyalı xəbər yayıldı: “İstanbulun Çərkəzköy məhəlləsində yerləşən toxuculuq sexində 28 yaşlı Mustafa maşında təmizlik işi apararkən dəzgah onun qolunu dirsəkdən qoparıb. Yaralını 7 xəstəxanaya aparsalar da, heç bir həkim qəbul etməyib. Nəhayət, Çapa xəstəxanasına gətiriblər. Gənc azərbaycanlı həkim Vaqif Qələndər bu ağır işi öz öhdəsinə götürüb və xəstə üzərində 9 saat ərzində gərgin əməliyyat apararaq misilsiz qələbə qazanıb”.
Sonradan bu xəbər bütün dünyaya yayılıb və hamı gənc həkimin apardığı ağır əməliyyatdan danışıb. Əslində kəsilmiş qolun yerinə birləşdirilməsi tibb aləmində bir neçə dəfə olub. Lakin mütəxəssislərin fikrincə, Mustafanın qolunun bərpası o zamankı dünya standartlarına görə mümkün deyildi. Çünki dəzgah qolu qoparmaqla yanaşı, əzmişdi də.
Qeyd edək ki, “Təbib” qəzeti də hadisə ilə bağlı 8 sentyabr 1999-cu il tarixli sayında Azərbaycan Tibb Universitetinin yetirməsi olan gənc həkim Vaqif Qələndər haqqında “Yaxşı oğul başucalığı gətirər” başlıqlı məqalə dərc etmişdi.
Bu qürurverici hadisədən 25 il sonra bir sual maraq doğurur: “Görəsən Vaqif həkimin vaxtilə bərpa etdiyi o qol indi də işləyirmi”. Suala cavab almaq üçün professorun özü ilə əlaqə saxladıq: “Bəli, bu hadisə də daxil olmaqla, iki dəfə dirsəkdən qopmuş qolun təkrar yerinə replantasiyası (bərpa olunması) əməliyyatını həyata keçirmişəm. Pasiyentlərin hər ikisi Türkiyə vətəndaşları olub. Biri 6, digəri isə 9 saat çəkən əməliyyatlarla qollarını yerinə replantasiya etmişəm. Sizin də qeyd etdiyiniz kimi, ilk dəfə belə əməliyyatı 1999-cu ildə Türkiyənin İstanbul Universitetində, Çapa tibb fakültəsinin Plastik və Rekonstruktiv Mikrocərrahiyyə Mərkəzində uzmanlıq üzrə təhsil aldığım vaxt aparmışam. Mənə qədər o xəstəni bir neçə yerə aparsalar da, heç kim əməliyyat etməmişdi. Həmin əməliyyata görə dünyada tanınmağa başladım. Belə ağır əməliyyatın digərini isə 2004-cü ildə Azərbaycanda, Travmatologiya İnstitutunda həyata keçirmişdim. Bu pasiyentim Türkiyə səfirliyində işləyən bir türk idi. Rayondan gəldiyi zaman yol qəzasına düşmüşdü və onun da qolu dirsəkdən qopmuşdu. Qolu təkrar yerinə replantasiya etdim. Onu da deyim ki, bu əməliyyatların hər ikisini təmənnasız etmişdim”.
Həmin xəstələrin sonrakı durumu haqqında məlumat verən Vaqif həkim bildirib ki, onların hər ikisi yaşayır və tez-tez zəng edərək hal-əhval tuturlar: “Əməliyyatdan 14 il sonra Mustafa Bakıya gəlib məni ziyarət etdi. Xeyli söhbətdən sonra onu yenidən müayinə etdik. Keçən müddət ərzində heç bir problem baş verməmiş və iş qabiliyyəti tamamilə bərpa olunmuşdu. Pasiyentin əl-qol funksiyalarının əvvəlki və sonrakı durumu ilə bağlı bir videoçəkiliş etdik və indi də bu işimizdən məmnunluq hissi duyuruq. Təvazökarlıqdan uzaq olsa da, nəzərinizə çatdırım ki qopmuş qolun replantasiyasını ölkəmizdə ilk dəfə mən həyata keçirsəm də, bu məsələ bir qədər kölgədə qaldı. Lakin dünyanın qəbul etdiyi beynəlxalq rekonstruktiv plastik cərrahiyyə kitabına mənim metodikamın adının ayrıca salınması özü bir tarixdir və fəxrlə demək olar ki, bu, Azərbaycan səhiyyəsinin uğurudur”
Məlumat üçün bildirək ki, Azərbaycan Tibb Universitetinin professoru Vaqif Qələndər Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun plastik və rekonstruktiv cərrahiyyə ixtisası üzrə rezidentlərinin kuratoru olaraq, bu istiqamətdə bir çox dərslik və dərs vəsaitlərinin müəllifidir.
ABŞ-ın Florida universitetində Rui Fernandesin muəllifi olduğu “Local and Regional Flaps in Head Neck Reconstruction” dərsliyində onun “Daxili döş arteriyası cərrahiyyəsi: yeni flebin təsviri” adlı bərpa üsulu bu sahənin mütəxəssisləri tərəfindən “Vaqif Qələndər metodikası” kimi tədris olunur. Onun 6 yeni cərrahiyyə metodu, 78 elmi əsəri xarici ölkə jurnallarında və konfrans materiallarında nəşr olunub.
Bir çox xarici ölkələrin elmi konfranslarında məruzəçi kimi iştirak edən professor V.Qələndər ölkəmizdə 3 dəfə Beynəlxalq Plastik və Rekonstruktiv Cərrahiyyə konfranslarının təşkilatçısı olub. O, Azərbaycan Plastik Cərrahiyyə İctimai Birliyinin qurucusu və sədri olmaqla, həm də Beynəlxalq Plastik və Rekonstruktiv Cərrahiyyə Konfederasiyasının idarə heyətinin üzvü, Beynəlxalq Plastik və Estetik Cərrahiyyə Assosiasiyasının milli katibidir.
Vaqif Qələndərin elmi yenilikləri və ixtiralarının ABŞ-da yüksək indeksli jurnallarda və dərsliklərdə əks olunması AMEA-nın Tibb bölməsinin ötən il üçün hesabatına daxil edilib.