Miqrenlə qarışdırılan baş ağrıları
ATU-nun Tədris Terapevtik Klinikasında Nevrologiya kafedrası ilə Rezidentura və magistratura şöbəsi növbəti birgə seminar keçirib. Tələbə-rezidentlərlə yanaşı, müəllimlərin də qatıldığı tədbiri Nevrologiya kafedrasının müdiri, professor Aytən Məmmədbəyli açıb. O, seminarın çox maraqlı bir mövzuya - “Gərginlik tipli baş ağrıları”na həsr edildiyini, məruzəçinin isə ölkəmizdə miqren və baş ağrıları üzrə akademik təhsil almış, Beynəlxalq Baş Ağrıları Cəmiyyətinin qrant mükafatçısı, elmi-tədqiqat və klinik təcrübəyə malik yeganə mütəxəssis olduğunu diqqətə çatdırıb.
Məruzəçi haqqında ətraflı məlumat verən A.Məmmədbəyli bildirib ki, hazırda Respublika Diaqnostika Mərkəzində çalışan dr. Sərxan Əmirquliyev Avropada ən böyük mərkəzlərdən biri sayılan Danimarka Baş Ağrıları Mərkəzində işləyib. O, burada klinik təcrübə ilə yanaşı, həm də Kopenhagen Universitetinin Nevroloji fakültəsində miqren patofiziologiyasının öyrənilməsinə həsr olunmuş beynəlxalq randomizəolunmuş tədqiqatlarda araşdırmaçı-həkim vəzifəsində çalışıb. Professor əlavə edib ki, Sərxan həkim dünyada məşhur olan “Headache” və “Cephalalgia” kimi jurnallarda dərc edilmiş elmi məqalələrin müəllifidir.
S.Əmirquliyev, həmçinin Almaniyanın Kristian Albrecht Universitetində "Miqren və baş ağrıları" üzrə magistr dərəcəsi alıb, bu ölkədəki "Schmerzklinik" klinikasında dəfələrlə praktik ixtisasartırma kurslarında iştirak edib.
Bundan sonra söz məruzəçiyə verilib. Çıxışında baş ağrılarının epidemiologiyası, patofiziologiyası, diaqnostikası, müasir müalicə üsulları və profilaktikasından bəhs edən Sərxan həkim bildirib ki, stress baş ağrısının bir növüdür: “Gərginlik baş ağrısı (tension headache) çiyin və boyun əzələlərinin gərginliyi nəticəsində yaranır. Stressdən qaynaqlandığı düşünülsə də, stress artıran faktordur. Daha çox başda ağırlıq, basılma, sıxılma olaraq ifadə edilir. Gərginlik başağrısı ürəkbulanma, qusma, işıqdan narahat olma kimi miqren xüsusiyyəti daşımır. Kəmlənmiş siqnal, baş ağrısı, təzyiq və gərginlik şəklində ağrı adətən ikitərəfli olur. Ağrı boynun və başın arxasından boyuna və gözlərə yayılır. Gündəlik həyat fəaliyyətləri ağrı şiddətini artıra bilməz. Bu ağrılar qadınlarda daha çox müşahidə olunur.
Bəzən bu, miqren ağrıları ilə qarışdırıla bilər. Gərginlik tipli baş ağrılarında (GTBA) qusma və bulanma nadir və mülayimdir. İşığa və səsə həssaslıq var, amma miqrendəki qədər deyil”.
Sözünə davam edən mütəxəssis əlavə edib ki, miqrenə adətən GTBA olan bir xəstədə rast gəlinir. GTBA bəzən miqren hücumlarını başlada bilər: “Bəzi xəstələrdə, iki ağrı arasında fərq qoymaq bəzən mümkün olmur. Ağrı 30 dəqiqədən 7 günə qədər davam edə bilər. Xəstələr tez-tez yuxusuzluq və yuxu problemləri yaşayır. Qadınlarda post-travmatik stress pozğunluğu, depressiya və depressiv əlamətlər görünür. Nəticə tam olaraq bilinmir: seretoninə həssaslıq və gərginlik nəticəsində boyun əzələlərində olan mərkəzi ağrı olduğu düşünülür”.
Sonda diskussiya şəraitində müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Seminarda Tədris Terapevtik Klinikanın baş həkimi Fəridə Hacıyeva, Rezidentura və magistratura şöbəsinin müdir müavini, assistent Namiq Xəlilov və mütəxəssislər iştirak ediblər.