ATU-nun rektoru, professor Gəray Gəraybəylinin sərəncamı ilə universitetdə Tibb və sağlamlıq elmləri və Təcili tibb kafedralarının yaradılması haqda məlumat vermişdik. Eyni zamanda bildirmişdik ki, yaz semestrində stomatologiya ixtisası üçün Ortodontiya kafedrası fəaliyyətə başlayacaq. Artıq 16 fevral 2024-cü ildən etibarən kafedra fəaliyyət göstərir.
“Təbib” qəzetinə bu barədə açıqlama verən kafedranın müdiri, dosent Ramidə Şadlinskaya bildirib ki, ortodontiya stomatologiyanın diş-çənə anomaliyalarının etiologiyasını, patogenezini, diaqnostikası və müalicə üsullarının xüsusiyyətlərini öyrənən bir sahəsidir: “Diş-çənə sisteminin anomaliyaları üz-çənə nahiyəsinin xəstəlikləri arasında ilk yerlərdən birini tutur. Yerli tədqiqatçıların hesablamalarına görə, Azərbaycanda uşaqlar arasında diş-çənə anomaliyaları və onların ağırlaşmalarının yayılması 75-80% təşkil edir. Diş-çənə anomaliyaları üz-çənə nahiyəsində kobud morfoloji və funksional pozğunluqlarla müşayiət olunur. Bu baxımdan ölkəmizdə ortodontik yardımın təşkilində yüksək keyfiyyətli və yüksək ixtisaslı yanaşma tələb olunur. Ortodontiyanın stomatologiyanın digər sahələrindən köklü şəkildə fərqləndiyini qeyd etmək çox vacibdir. Müasir dünya stomatoloji praktikasında ortodontlara digər ixtisasların stomatoloqları ilə müqayisədə daha yüksək nəzəri və praktiki hazırlıq tələbləri qoyulur. Avropa İttifaqı, Asiya, Şimali və Cənubi Amerikada ortodontların yüksək səviyyədə hazırlığı buna sübutdur. Ortodontiya təhsilinin tarixi 100 ildən artıq bir dövrü əhatə edir. İlk ortodontiya məktəbi 1886-cı ildə ABŞ-da açılıb və o vaxtdan bəri ABŞ-da 87 universitet, Böyük Britaniyada 15 aparıcı universitet, Almaniyada 25 universitet və bir çox digər Avropa, Şimali və Cənubi Amerika, Afrika, Asiya və Avstraliya universitetləri yerli və xarici tələbələr üçün diplomdan sonra ortodontik təhsil proqramları təklif edir. Bu gün dünyada Ümumdünya Ortodontlar Assosiasiyasının (WFO) himayəsi altında birləşmiş, rəsmi qeydiyyatdan keçmiş 114 ortodontik assosiasiya fəaliyyət göstərir. Qardaş Türkiyədə ortodontiya ixtisası 1927-ci ildən rəsmi olaraq tanınıb və hazırda ölkədə bakalavr və rezidentlərin hazırlığı ilə məşğul olan 144 ortodontiya kafedrası fəaliyyət göstərir. Təhsil bütün tibb fakültələrində aparılır. Postsovet məkanının bütün respublikalarında ortodontiya ayrıca ixtisasdır və bir çox universitetlər ortodontiya proqramı üzrə diplomdansonrakı təhsil proqramı təklif edir”.
Azərbaycanda ortodontik xidmətin formalaşma mərhələsində olduğunu və yeni müvafiq standartların işlənib hazırlanmasını tələb etdiyini vurğulayan R.Şadlinskaya, ölkəmizdə ortodontiya fənninin ötən əsrin 70-ci illərinə qədər tədris olunmadığını söyləyib. Onun sözlərinə görə, ilk dəfə ortodontiya ixtisasının tədrisi 1979-cu ildə Ramiz Həşimovun rəhbərliyi ilə Cərrahi stomatologiya kafedrasının nəzdində təşkil edilib. Sonralar isə ortodontiya üzrə təhsil proqramının tədrisi Uşaq stomatologiyası kafedrasında aparılıb.
Hazırda stomatoloqlarımız arasında ortodontiya ixtisasına maraq artır ki, bu da müasir həyatın xüsusiyyətləri ilə izah edilir. Yeni kafedranın da bu zərurətdən yaradıldığını deyən müsahibimiz respublikamızda ortodontların hazırlıq səviyyəsi ilə dünya standartları arasında müəyyən uyğunsuzluğun olduğunu təəssüf hissi ilə qeyd edib: “Müasir reallıqlarda əhaliyə ortodontik yardımın daha böyük faizi ortodontik müalicənin əsasları üzrə təhsil almamış, anatomiya, biologiya, biomexanika, insan orqanizminin böyüməsi və inkişafı, eləcə də ortodontik müalicə üzrə dərin bilikləri olmayan həkimlər tərəfindən həyata keçirilir. Bu gün stomatoloqların böyük əksəriyyəti gəlir əldə etmək üçün, çox vaxt heç bir tibbi göstəriş olmadan əhaliyə ortodontik müalicə təklif edir. Ortodontiyanın nəzəri əsaslarını lazımi səviyyədə bilməyən və lazımi praktiki bacarıqlara malik olmayan bu həkimlər faktiki olaraq xəstələrin sağlamlığına xələl gətirir və bir sıra hallarda diş-çənə sistemində mövcud pozğunluqları daha da ağırlaşdırırlar”.
R.Şadlinskaya bu gün Azərbaycanın innovativ inkişafı üçün hökumət və dövlət başçısı tərəfindən elm və təhsil sahəsində aparılan uğurlu islahatların tibb elmi və onun mühüm sahələrindən biri olan stomatologiyadan da yan keçmədiyini diqqətə çatdırıb. Qeyd edib ki, bu nöqteyi-nəzərdən ATU rektorunun Ortodontiya kafedrasının yaradılması haqqında sərəncamı ölkəmizin tibb təhsilində və stomatologiya sahəsində daha dərin bilik və bacarıqlar əldə etmək imkanı yaradacaq.
Bütün lazımi avadanlıqlarla tam təchiz olunan və yüksək təcrübəli peşəkar heyətin fəaliyyət göstərdiyi gənc kafedranın hazırda 12 rezidentinin öz kuratorlarının rəhbərliyi altında klinik və tədqiqat proqramlarında iştirak etdiyini söyləyən kafedra müdiri bildirib ki, rezidentlər həm kafedranın əməkdaşları tərəfindən, həm də dəvət olunan mütəxəssislər tərəfindən aparılan mütəmadi mühazirə saatlarına qatılırlar. Bu da onların tibbi biliklərini artırmaq və praktiki bacarıqlarını genişləndirmək üçün mühüm bir imkandır.
Kafedranın gələcək fəaliyyət planlarından da danışan dosent R.Şadlinskaya vurğulayıb ki, əsas məqsəd ortodontiya sahəsində ətraflı tədqiqat və təhsil proqramlarında iştirak etmək, müasir təhsil metodlarının tətbiqi ilə tələbələrin öyrənmə təcrübəsini zənginləşdirmək, ortodontiya sahəsindəki yeniliklərlə cəmiyyəti məlumatlandırmaq və üz-çənə nahiyəsinin sağlamlıq mədəniyyətinin təbliğinə töhfə verməkdir. Bundan əlavə, elmi istiqamətdə aparılan tədqiqat nəticələrini prestijli elmi jurnallarda və beynəlxalq konfranslarda təqdim etmək, eləcə də qlobal təcrübə və bilik əldə etmək üçün beynəlxalq mübadilə proqramlarına qatılmaq yeni yaradılan kafedranın gələcək planlarına daxildir.