İnsan ömrünün ən qaynar, maraqlı dövrlərindən biri tələbəlik həyatıdır. Yataqxana şəraitində yaşayan, tələbəliyini bu mühitdə keçirənlər isə sanki bərkə-boşa düşür, qarşıdakı müstəqil həyatın çətinliklərinə daha yaxşı hazır olurlar. Çünki yataqxanada yaşayan tələbələr təkcə oxumaqla kifayətlənmir, eyni zamanda özlərinə yemək hazırlayır, paltarlarını yuyur, qaldıqları otağı səliqəli saxlayır, insanlarla ünsiyyət qurmağı öyrənir və təbii ki, dostlar tapırlar.
Bəs Azərbaycan Tibb Universitetinin 1 saylı qızlar yataqxanasında vəziyyət necədir? Buranın sakinləri hansı şəraitdə yaşayır, özlərini necə hiss edir? Onlara münasibət, göstərilən rəftar hansı səviyyədədir? Bu və digər suallara cavab almaq məqsədilə 1 saylı yataqxanada olduq.
Mühafizəçi xanım gəlişimizin məqsədini bilən kimi, daxili qaydalara uyğun olaraq, yataqxananın komendantı Gülnarə Xəlilova ilə əlaqə saxladı. Fikirləşirdim ki, qəfil gəlişimiz Gülnarə xanımın bəlkə də ürəyincə olmayacaq. Amma onun bizi xoş qarşılaması, yataqxana ilə tanış olmağımıza, o cümlədən tələbələrlə ünsiyyət qurmağımıza şərait yaratması düşüncələrimi alt-üst etdi.
İşləyən tələbələr nəzərə alınır
Gülnarə xanım söhbətimiz zamanı yataqxana barədə məlumat verdi, tələbələrin hansı qayda ilə yerləşdirildiyini nəzərimizə çatdırdı. İlk öncə isə burada səliqə-sahmana və nizam-intizama ciddi nəzarət olunduğunu bildirdi. Qeyd etdi ki, tələbələrin yataqxanaya yerləşdirilməsi planlı şəkildə olur: “Onlar əvvəlcə universitetin Tələbələr Həmkarlar İttifaqı Komitəsinin sədri Cahangir Qasımova müraciət edirlər. Bizə order təqdim etdikdən sonra isə yataqxanada otaqla təmin olunurlar. Hazırda yataqxanada 155 tələbə yaşayır. Onlardan 102 nəfəri Azərbaycan, 13-ü Türkiyə, 27-si İran, 4-ü Hindistan, 2-si Sudan, 5-i Pakistan, 1-i Somali, 1-i isə Vyetnam vətəndaşıdır. Yataqxanamızda 75 otaq var ki, onların 69-u yaşayış üçündür. Otaqlar 1, 2, 3, 4 nəfərlikdir”.
G.Xəlilova yataqxana rejimi ilə bağlı da məlumat verdi. Bildirdi ki, yataqxananın qapısı səhər saat 7-də açılır, axşam saat 12-də isə bağlanır: “Tələbə gecikəcəksə, bu barədə əvvəlcədən bizə məlumat verməlidir. Yataqxanada qalan tələbələr arasında işləyənlər var. İş vaxtı gec bitirsə, yəni tələbə 12-dən sonra gələcəksə, iş yerindən arayış təqdim etməlidir. Belə olan halda, mühafizəçilər məlumatlandırılır və tələbənin universitet ərazisinə və yataqxanaya daxil olmasına icazə verilir. Və yaxud deyək ki, tələbə gecə vaxtı qohumlarıgildən gəlir və saat 12-yə çatmayacaq. Yenə də bizə məlumat verilir, dəqiqləşdirmə üçün qohumları ilə əlaqə saxlanılır və sonra yataqxanaya buraxılır. Əcnəbi tələbələrlə bağlı bu məsələ daha sadədir. Çünki onların Bakıda qohumlarının olub-olmaması barədə bizdə məlumat var”.
Komendantla söhbətdən sonra otaqlardakı şəraitlə tanış olmaq üçün bir neçə qapını döyürük. Hansı otağa girdiksə, səliqə-sahman, təmizlik göz oxşayırdı.
Türkiyə vətəndaşı Sudenaz Cerrahoğlu yataqxananın yeni sakinlərindəndir. İki nəfərlik otaqda qalır. Otaq yoldaşı hazırda Türkiyədə olduğundan, yalnız onun fikirlərini öyrənirik. Hazırlıq kursunda oxuduğunu, şəraitdən razı qaldığını, yataqxanada özünü evdəki kimi hiss etdiyini deyir: “Gülnarə xanım kübar bir insandır. Onu çox sevirik. Bizimlə xoş rəftar edir. Sıxıntımız olan kimi, ona deyirik, aradan qaldırır. Bizi məmnun etməyə çalışır, darıxmağa qoymur. Burada rəfiqələr də tapmışam. Özümü evimizdəki kimi hiss edirəm”.
Mətanətin ifası tələbələrin ürəyincədir
Oğuz rayonundan olan Mətanət Kərimli Müalicə-profilaktika fakültəsinin 4-cü kursunda oxuyur. 4 ildir yataqxanada yaşayır. Otağı olduqca səliqəlidir. Divara söykədilmiş gitara gözümə dəyir. Kimin ifa etdiyini soruşuram. Məlum olur ki, tələbələrə mane olmamaq şərtilə ara-sıra ifa edir. Tələbə yoldaşları onun səsləndirdiyi mahnılara həvəslə qulaq asırlar. Komendantın və tələbə yoldaşlarının davranışından hiss olunur ki, Mətanətin xətrini çox istəyirlər. O da yataqxanadakı şəraitdən razılıqla danışır: “Otaqlarımız yaxşı isidilir. Birinci mərtəbədə hamamımız var. Camaşırxanamız, rahat şəraiti olan oxu zallarımız da fəaliyyət göstərir. Paltarlarımızı yuyur, qurutmaq üçün eyvanlardan istifadə edirik. Ütüləmək üçün isə xüsusi otaq ayrılıb. Bir-birimizə mane olmadan yataqxananın imkanlarından rahat şəkildə istifadə edə bilirik”.
Türkiyə vətəndaşı İlayda Küçük yataqxanada hər şeyin qaydasında olduğunu söyləyir: “Heç nədən narazılığım yoxdur. İsti-soyuq suyumuz var. Təmizlik işləri ilə məşğul olan xanımlardan da razıyam. Yataqxanada gigiyenik qaydalara, təmizliyə riayət olunur. Hər şey ürəyimcədir. Bizimlə xoş rəftar edirlər. Sanki biz burada onlarla ana-bala kimiyik”.
Valideynlər də komendantdan razıdır
Tələbələrə asudə vaxtlarında televizora baxmaq üçün dəhlizdə şərait yaradılıb. Hər otağa masa, hər tələbə üçünsə stul, kitab rəfi, paltar şkafı, dolab və çarpayı qoyulub. Həmçinin duş kabinələri, hamam və mətbəx fəaliyyət göstərir. Hər mərtəbədə xörək hazırlamaq üçün şərait var. Otaqlarda telefon və fendən başqa elektrik cihazlarından istifadəyə icazə verilmir.
Tələbələrdən bəzilərinin dəhlizdə istirahət etdiyini görüb, onlara yaxınlaşırıq. Sevda Əsədpur İran vətəndaşıdır. Urmiyadan gəlib. Stomatologiya fakültəsində təhsil alır. 3 ildir yataqxanada yaşayır: “Hesab edirəm ki, özümü başqa yerdə narahat hiss edər, qala bilməzdim. Bura mənim üçün çox rahatdır. Mühafizəmiz də yaxşı, etibarlı şəkildə təşkil olunub. Gülnarə xanım isə bir ana kimi həmişə qayğımıza qalır. Özü bizə tapşırıb ki, hansısa problemimiz olsa, dərhal əlaqə saxlayaq. Valideynlərim də tez-tez Gülnarə xanımla əlaqə saxlayır, mənim davranışlarımla maraqlanırlar. Onlar da komendatımızdan razıdırlar”.
Oxu zalına diqqət yetiririk. Burada tam sakitlikdir. Dərsə hazırlaşan iki tələbə bizim oxu zalına daxil olmağımızdan xəbər tutmur. Xarici görünüşlərindən əcnəbi olduqları hiss edilir. Onlardan birinə yaxınlaşıram. Yəqin yataqxanada kənar şəxs gördüyü üçün əvvəlcə bir az təəccüblənir. Amma biləndə ki reportaj hazırlamağa gəlmişik, özünü ürəklə təqdim edir.
“Ölkənizi seçməkdə yanılmadım”
Öyrənirik ki, müsahibimiz Viktoriya Vismaya Somali vətəndaşıdır. Müalicə-profilaktika fakültəsində təhsil alır. Tələbə yoldaşları kimi, o da şəraitdən razıdır. Deyir, Azərbaycan Tibb Universitetini seçdiyi üçün özünü şanslı hesab edir: “İnternet vasitəsi ilə Tibb Universiteti ilə maraqlandım. Gördüm ki, şərtlər mənə uyğundur. Tanışlardan burada təhsil alanlar da var idi. Onlar da buranı məsləhət gördü. Seçimimdə yanılmadım. Yataqxanadakı, ümumiyyətlə universitetdəki şərait məni qane edir. Geri dönüncə, xaricdə təhsil almaq istəyən tanıdıqlarıma Azərbaycan Tibb Universitetini seçməyi tövsiyə edəcəm”.
Digər tələbə isə Hindistan vətəndaşı Jia Zachariyadır. Onu ölkəmizə gətirib çıxaran tanışları, onların xalqımız barədə ağızdolusu danışması olub: “Dedilər ki, xalqınız çox qonaqpərvər və mehribandır. Doğrudan da elədir. İstiqanlı və yardımsevərsiniz. Yataqxana həyatı mənə doğma gəldi. Buranı ikinci evim kimi hiss edirəm. Hər kəsdən razıyam”.
“Dolmanız çox dadlıdır, plovunuza söz ola bilməz”
Oxu zalına yeni daxil olan tələbəni söhbətə tuturuq. Hindistan vətəndaşı Maseha daha əvvəl fikirlərini öyrəndiyimiz Jia ilə rəfiqədir. O da Jianın dediklərini təkrarlayır. Azərbaycanlı tələbələrlə çox yaxşı münasibətdə olduğunu, milli yeməklərimizin dadına baxdığını və bəyəndiyini əlavə edir. Deyir ki, dolmanız çox dadlıdır, plovunuza da söz ola bilməz. Çalışır ki, ölkəmizdə olduğu müddətdə Azərbaycan dilini öyrənsin. Bacarığını göstərmək üçün bəzi sözlərimizi özünəməxsus tərzdə səsləndirir. İçərişəhərdə, dənizkənarı bulvarda olub. Bakı haqda şövqlə danışır.
İsmayıllıdan gəlmiş Sədəf Musayeva isə Müalicə-profilaktika fakültəsinin 4-cü kursunda oxuyur. Bildirir ki, yataqxana həyatı onun yaddaşında unudulmayan anlar kimi qalacaq. Rahat şərait yaratdıqları üçün universitetin rektoru, professor Gəray Gəraybəyliyə, Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Cahangir Qasımova təşəkkürünü bildirir. Problemləri ilə maraqlanmaq üçün Cahangir müəllimin vaxtaşırı onlara baş çəkdiyini qeyd edir.
Valideynlərlə görüş üçün Qonaq evi təşkil olunub
Yataqxanada Qonaq evi də təşkil olunub. Tələbələrin yalnız ana və bacılarına görüş üçün yataqxanaya daxil olmağa icazə verilir. Tələbələr Qonaq otağında yaxınları ilə görüşür, sərbəst şəkildə söhbət edə bilirlər.
Mühafizənin yaxşı təşkili üçün isə qeydiyyat kitabları tərtib olunub. Kitablardan birində yataqxanada qalan tələbələrin şəkilləri, barələrində məlumat, valideynlərin nömrələri öz əksini tapıb. Digər kitab isə mühafizəçidə olur, tələbələrin giriş-çıxışı ilə bağlı məlumatlar qeyd edilir.
Reportajı hazırlayarkən yataqxananın təmizliyi, səliqə-sahmanı ilə məşğul olan xanımları da yaddan çıxarmırıq. Onların arasında eləsi var ki, 20 ildən artıqdır burada işləyir. Məleykə Gülməmmədova, Zəngurə Vəliyeva, Könül Əhmədova, Səbinə Feyzullayeva, Rahilə Mərufovanın təmizkarlığından təkcə komendant yox, tələbələr də razıdır.
Yataqxanadan xoş-əhval ruhiyyə ilə ayrılırıq. Dünyanın dörd bir tərəfindən olan gələcəyin həkimlərinin həyatlarının bu dövrünü həmişə şirin xatirələrlə yada salacaqlarına əminəm.