Professor Sabir Əliyev: Şanlı Zəfər nəticəsində nəinki ərazi bütövlüyümüzü bərpa etdik, həm də qisasımızı aldıq
Bu gün Azərbaycan Tibb Universitetində Xocalı soyqırımının 32-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
Əvvəlcə faciə qurbanlarının və ərazi bütövlüyümüz uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Universitetin Tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev tədbiri açaraq, dünyada insanlığa sığmayan ən qəddar və amansız terror hadisələrindən biri olan Xocalı soyqırımı haqqında danışıb: "Bu gün biz hər il olduğu kimi, yenə də xalqımızın tarixi faciələrindən birini anmağa toplaşmışıq. XX əsrdə Azərbaycan xalqının yaşadığı faciələri, soyqırımları, qətliamları bəlkə də dünyada heç bir xalq yaşamayıb. Əgər biz keçən əsrin əvvəlindən danışmağa başlasaq, o zaman görərik ki, tarixin müxtəlif dönəmlərində - 1905, 1907, 1917 və 1918-ci illərdə mənfur düşmənlərimiz tərəfindən ölkəmizə hücumlar edilib, qətliamlar törədilib. Bundan əlavə, 1948 və 1988-ci illərdə xalqımız Qərbi Azərbaycandan həm deportasiyaya məruz qalıb, həm də ağır və faciəli günlər yaşayıb".
Sözünə davam edən prorektor deyib: “Lakin bunlardan ən böyüyü 1992-ci il fevral ayının 25-dən 26-na keçən qarlı-şaxtalı bir qış gecəsində baş veriib. Erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə 7 min əhalisi olan Xocalıda genosid aktı həyata keçirdi və şəhəri yerlə-yeksan etdi. Bu hücum zamanı Xocalıda yalnız 3 minə yaxın insan qalmışdı. Çünki mühasirədə olduğu 4 aydan artıq vaxt ərzində əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 200-ə yaxınının taleyi indiyədək məlum deyil. Hazırda işğaldan azad olunan ərazilərdə bərpa-tikinti işləri gedir. Bu günlərdə Xocalı şəhərində aparılan qazıntı işləri zamanı növbəti kütləvi məzarlıq aşkarlanıb və 5 nəfərin qalıqları tapılıb”.
S.Əliyev diqqətə çatdırıb ki, bəşər tarixinin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımına tarixi qiymət verilməsi məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra mümkün oldu: “Çox təəssüf ki, əksər ölkələr ikili standart nümayiş etdirərək Xocalıda törədilən soyqırımını görməzdən gəlirdi. Xocalıda baş verənlər uzun illər hər birimizin ürəyini göynətsə də, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər yaralarımıza məlhəm, yaşadığımız acılara təsəlli oldu. Şanlı Zəfər nəticəsində nəinki ərazi bütövlüyümüzü bərpa etdik, həm də başımıza gətirilən faciələrin qisasını aldıq”.
Sonra Xocalı faciəsinə həsr olunmuş videoçarx nümayiş olunub. Burada bir daha nəzərə çatdırılıb ki, müharibə qanunlarına zidd olaraq atıcı silahlar, ağır artilleriya mülki insanlara yönəlmişdi. Şəhərdə yalnız dinc, əliyalın sakinlər hədəfə alınmışdı. Beləliklə, Xocalıda baş verənlər dinc əhaliyə qarşı genosid aktı idi.
ATU-nun İctimai fənlər kafedrasının müdiri, professor Qoşqar Əliyev çıxışında bildirib ki, bütövlükdə Azərbaycan xalqına qarşı yönəlmiş Xocalı soyqırımı ermənilərin ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır: “Dinc, əliyalın insanların bu cür amansızlıqla qətlə yetirilməsi düşmənin məkrli planı idi. Xocalıda əhaliyə qarşı törədilən bu amansızlıq düşmən üçün çox dərin məna daşıyırdı. Çünki həmin dövrdə ölkəmizdə dövlətçilik, ordu quruculuğu istənilən səviyyədə deyildi. Bundan istifadə edən düşmən isə bir-birinin ardınca şəhərləri, rayonları zəbt edirdi. Xocalı Qarabağda çox strateji əhəmiyyət daşıyan bir şəhər idi. Bundan başqa, törədilən soyqırımı Azərbaycan xalqına, yenicə müstəqilliyini bərpa etmiş ölkəyə zərbə olmaqla, həm də azərbaycanlıları sındırmaq, sarsıtmaq məqsədi daşıyırdı. Ümummilli Lider Heydər Əliyev demişdir: “Xocalı soyqırımı, eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”. Bu sözlərin mənası çox dərindir. Məhz Ulu Öndər hələ ilk dəfə Xocalı soyqırımına siyasi qiymət verərkən bu ifadələri işlədib. Bu ifadələr lakonik şəkildə həm Xocalı soyqırımının əsas mahiyyətini açıqlayır, həm də bu günümüzdə, gələcəyimizdə bu genosid hadisəsini tanıtmaq, bəşəriyyəti erməni vəhşiliklərindən qorumaq istiqamətində çox tutarlı bir faktdır".
Q.Əliyev onu da əlavə edib ki, Xocalı soyqırımının dəhşətlərini bizə çatdıran Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevə də borcluyuq: “Biz məhz həmin videogörüntülərin və ölkəmizdə soyqırımın tanıdılması istiqamətində aparılan tədbirlərin nəticəsində başımıza gətirilən genosidi bütün dünyaya nümayiş etdirə bildik. İndi yalnız ölkəmizdə deyil, həmçinin respublikamızdan kənarda da soyqırımı qurbanlarının əziz xatirəsi yad edilir”.
İctimai səhiyyə fakültəsinin tələbəsi Fidan Rəhmanlı və Müalicə-profilaktika fakültəsinin tələbəsi Selcan İsazadənin Xocalı soyqırımına dair bədii-publisist mahiyyətli çıxışları tədbir iştirakçılarını bir daha yaddaşlardan silinməyən o qanlı faciəyə qaytarıb. Onlar tariximizin şanlı və qanlı səhifələrinin gələcək nəsillərə ötürülməsində belə tədbirlərin yüksək vətənpərvərlik ruhu aşılaması baxımından əhəmiyyətini vurğulayıblar.
Toplantını yekunlaşdıran professor S.Əliyev millətimizin tarixində baş vermiş faciələrin ildönümlərinin qeyd edilməsində universitet tələbələrinin aktivlik nümayiş etdirməsini təqdirəlayiq hal kimi qiymətləndirib: “Bu günün gəncləri olan sizlər qan yaddaşımız olan Xocalı soyqırımını heç vaxt unutmamalı və əsl həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün əlinizdən gələni etməlisiniz”.