Artıq arxada qoyduğumuz 2023-cü ildə dərc edilən kitabların sırasına daha biri əlavə olunub. Belə ki, dosentlər Şəfəq İbrahimova, Aytən Sultanova, professor Sergey Alimetov, tibb üzrə fəlsəfə doktorları Məsməxanım Məcidova, Aynur Hümbətova və uzman psixiatr Alim Alimetovun birgə müəllifliyi ilə “Geriatriya” monoqrafiyası işıq üzü görüb. Ana dilimizdə həmin mövzuya dair ilk elmi-praktik, monoqrafik kitabda ahıl və qoca şəxslərdə ən çox rast gəlinən xəstəliklər və sindromların klinikası, diaqnostikası, müalicə reabilitasiyası və profilaktikası öz əksini tapıb.
Məlumat üçün bildirək ki, XX əsrin ortalarından başlayaraq dünyanın inkişaf etmiş ölkələrində əhalinin yaş quruluşu göstəriciləri arasında ahıl və qoca insanların artması prosesi gedir. Birləşmiş Millətlər Təşkilatının dünya əhalisinin 1950-2050-ci illər arasında quruluş dəyişikliklərinə həsr olunmuş analitik məruzəsinə əsasən, XXI əsrdə əhalinin qocalması prosesi davam edəcək və dünyanın bütün ölkələrində, o cümlədən Azərbaycanda da qlobal fenomen olacaq. BMT-nin bu barədə hesabatına görə, yaşı 60 və ondan çox olan insanların sayı 2015-ci ildə əhalinin 20%-ni təşkil etmiş, 2025-ci ildə 24%, 2050-ci ildə isə 30-33% olacaq.
Azərbaycanda ahıl yaşlı insanların sayı inkişaf etmiş ölkələrin həmin göstəricilərinə nisbətən və orta dərəcədə inkişaf etmiş ölkələrlə müqayisədə yüksəkdir.
Əhali arasında yüksək yaşlı qrup nümayəndələrinin sayca artması tibbi, sosial və psixoloji problemlərin çoxalmasına gətirib çıxarır. Ahıl və qoca insanlarda rast gəlinən əsas problemlər ilk növbədə yaşla əlaqədar inkişaf edən xəstəliklərlə bağlıdır. Bunlara ürək-qan damar sistemi, hərəki-dayaq orqanları xəstəlikləri, Alzheymer xəstəliyi, şəkərli diabet və onkoloji xəstəliklər birbaşa aiddir. Adları çəkilən patologiyalar pasiyentlərin həyat keyfiyyətini ciddi şəkildə pisləşdirir. Ona görə də praktik olaraq xəstəliklərin inkişafı ilə sinxron şəkildə əlilliyin və ölümün artması qeyd edilir.
Bu problemlərin adekvat və vaxtında həlli üçün səhiyyə sistemi müvafiq şəkildə və dərəcədə hazırlıqlı olmalıdır. Odur ki, geriatriya sahəsində işin təşkili və icrası üçün həm də müasir geriontoloji məlumatları özündə cəm edən diqqətəlayiq ədəbiyyatın ana dilində varlığına ehtiyac duyulurdu. Məhz bu məqsədlə yazılan monoqrafiya tələbələr, gənc həkimlər, rezident və magistrlər, terapevtlər, geriatrlar və ahıllara tibbi xidmət göstərən digər həkimlər üçün nəzərdə tutulub.