Bildiyiniz kimi, qəzetimizin səhifələrində daha çox yeni elmi kitablar, təbabətin müxtəlif sahələrinə dair monoqrafiyalar, dərsliklər, dərs vəsaitlərinin nəşri barədə məlumat veririk. Amma onun da fərqindəyik ki, tibb alimləri, həkimlər, şəfqət bacıları təkcə fiziki sağlamlığımızın deyil, həm də mənəvi sağlamlığımızın keşikçiləridir.
Onların arasında bədii yaradıcılıqla məşğul olanlar kifayət qədərdir və hər biri sözün şəfqəti ilə də insanlara şəfa bəxş etməyə çalışır. Elə özü də tibb sahəsində çalışan şairə Sara Göyçəlinin toplayıb ərsəyə gətirdiyi, “Təbib” qəzetinin əməkdaşı, tədqiqatçı-jurnalist Qabil Zimistanoğlunun redaktorluğu ilə işıq üzü görən almanax da “Sözün şəfqəti” adlanır.
Kitabda vaxtilə və hazırda Azərbaycan Tibb Universitetində çalışan əməkdaşların, həmçinin dünyasını dəyişən yaradıcı şəxslərin şerləri, xatirələri, məqalələri, esseləri toplanıb. Almanaxa daxil edilən poeziya nümunələri rəngarəngdir, oxucuda fərqli ovqat yaradır.
Düşünürük ki, daim gərgin işlə məşğul olan peşə sahiblərinin hərdən öz ruhlarına bədii sözün gücü ilə sığal çəkməyə ehtiyacı var. Məhz bu baxımdan “Sözün şəfqəti” almanaxının tibb sahəsində fəaliyyət göstərən hər kəs üçün faydalı bir kitab olacağına inanırıq. Eyni zamanda əminik ki, həkim oxucular öz həmkarlarını başqa bir yöndən də tanıyaraq, onları şəfqətli söz adamı kimi də sevəcəklər.