“Bir çox hallarda əlilliyə gətirib çıxaran, hətta ölümlə nəticələnən ağır xəstəliklərin qarşısını yalnız peyvəndlə almaq mümkündür”. Bu fikri ATU-nun II Mamalıq və ginekologiya kafedrasının assistenti Zərifə Hüseynova “Peyvənd nə dərəcədə vacibdir” sualına cavab verərkən söyləyib.
Əlavə edib ki, hazırda bir çox yoluxucu xəstəliklərə qarşı profilaktik peyvəndlər aparılır: “Peyvənd xəstəlik törədən mikroblara qarşı orqanizmin mübarizə qabiliyyətini xeyli gücləndirir, nəticədə toxuma və hüceyrə elementləri müvafiq mikrobları məhv etmək üstünlüyü qazanır. Eləcə də göz yaşı, ağız suyu, limfa, onurğa, onurğa beyin mayesi, xüsusilə qanda mikroblara və onların zəhərli maddələrinə qarşı əks-təsir göstərən maddələr əmələ gətirir ki, bu da insana 80-90% sağlamlıq təminatı verir. Peyvənd kimi istifadə etmək üçün xəstəlik törədən mikrobların özündən və onların toksinlərindən vaksin hazırlanır. Vaksinlər müəyyən temperaturda qızdırılmaqla və yaxud mikroböldürücü dərmanlarla öldürülmüş mikroblardan müxtəlif bioloji, fiziki və kütləvi amillərin təsiri altında xəstəliktörətmə qabiliyyətini itirmiş diri mikroblardan əldə edilir”.
Sözünə davam edən həkim bildirib ki, diri mikroblardan hazırlanan vaksin daha effektli nəticə verir: “Nəzərə çatdırım ki, ilk və təkrar peyvəndlər bir dəfə aparılır. Vərəmə yoluxmamış şəxslər 5-7 il fasilə olmaqla 30 yaşa qədər peyvənd edilir. Doğum evində peyvənd almamış, vaxtından əvvəl doğulmuş uşaqlara BSJM vaksini vurulur. Qızılca əleyhinə - 12 aylığında ilk peyvənd bir dəfə aparılır. Əgər göstəriş və əks-göstərişlərə riayət edilərsə, peyvəndin heç bir qorxusu yoxdur”.
Peyvəndin bir sıra növlərinin mövcud olduğunu qeyd edən Z.Hüseynova onun aparılma qaydalarından da söhbət açıb. Bildirib ki, vərəm əleyhinə doğum evində peyvənd almamış və ən azı 2,300 qr çəkisi olan vaxtından qabaq doğulan uşaqlara BSJ-li vaksin vurulur: “Həmçinin qrip əleyhinə - ilk peyvənd 7 ildə bir dəfə, difteriya əleyhinə isə 9 və 16 yaşda aparılır. Bundan başqa, polimeritə qarşı - 3 aylıqda, 1-2, 2-3, 7-8 və 15-16 yaşlarda peyvənd aparılır. İlk peyvənd 45 gün fasilə verməklə 3 dəfə, birinci və ikinci təkrar peyvəndlər isə 45 günlük fasilə ilə 2 dəfə olmalıdır. Üçüncü və dördüncü təkrar peyvəndlər isə 1 dəfə aparılır”.