Martın 6-da dünyanın bir sıra ölkələrində Ümumdünya Qlaukoma ilə Mübarizə Günü kimi qeyd olunur.
Qlaukoma ilə Mübarizə Günü 2008-ci ildən Ümumdünya Qlaukoma Cəmiyyətləri və Ümumdünya Qlaukomalı Xəstələr Assosiasiyalarının təşəbbüsü ilə keçirilir.
Gözdaxili təzyiqin artması ilə səciyyələnən qlaukoma ən geniş yayılmış və təhlükəli oftalmoloji xəstəliklərdən biridir. Bu xəstəliyə el arasında “qara su” xəstəliyi də deyirlər. Xəstəlik əvvəlcə simptomsuz başlasa da, vaxtında müalicəsi aparılmayanda görmə dairəsi tədricən daralır, getdikcə gözün nuru zəifləyir və korluğa aparıb çıxarır. Qlaukoma nəticəsində itirilən görmə qabiliyyəti bərpa olunmur. Həkimlərin fikrincə, qlaukoma 60-dan artıq patologiya nəticəsində yaranır və vaxtında müalicə olunmadıqda sonu korluqla bitən xəstəliklərə səbəb olur. Qlaukoma xəstəliyi hər yaşda yarana bilər, lakin 40 yaşdan sonra onun yayılmasına daha çox rast gəlinir. Statistikaya görə, dünyada 107 milyondan artıq qlaukoma xəstəsi var və onlardan demək olar ki, hər beşindən biri göz nurunu tamamilə itirir.