Martın 5-də Azərbaycan Tibb Universiteti Həmkarlar İttifaqı Komitəsinin XIV hesabat-seçki konfransı keçirilib. Əvvəlcə Dövlət Himnimiz səsləndirilib və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunub. Sonra ATU Həmkarlar İttifaqı Komitəsinin (HİK) 2017-2024-cü illərdəki fəaliyyətinə dair hesabat dinlənilib.
ATU HİK-in sədri, dosent Cahangir Qasımov çıxış edərək, son 7 il ərzində komitə tərəfindən görülən işlər haqqında danışıb. Bildirib ki, HİK-in XIV hesabat-seçki konfransı çox əlamətdar bir zamanda keçirilir: “Otuz il düşmən tapdağında olan torpaqlarımızın qaytarılmasına xalqımızın həmişə böyük ümidi və inamı vardı. Ulu Öndərin yaratdığı bu inam, qəhrəman ordumuzun döyüşkənlik ruhu və Müzəffər Ali Baş Komandanın qətiyyətli addımı ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük bir hissəsi düşmən tapdağından azad edildi və tarixə 8 noyabr - Zəfər Günü kimi yazıldı. 2023-cü il sentyabr ayının 19-dan 20-nə keçən gecə isə antiterror əməliyyatı dövlət suverenliyimizin tam bərpa olunması ilə nəticələndi və İlham Əliyev cənabları Xankəndi şəhərində üçrəngli bayrağımızı ucaltdı. Bundan ruhlanan qədirbilən xalqımız bu il fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində yenidən Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verdi”.
Sözünə davam edən C.Qasımov vurğulayıb ki, ATU-nun Həmkarlar İttifaqı Komitəsi rektorluqla öz münasibətini müvafiq qanunlara və Əmək Məcəlləsinə dair bağlanan kollektiv müqavilə əsasında qurub: “AHİK və Nazirlər Kabineti arasında bağlanan baş saziş və Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi ilə Səhiyyə Nazirliyi arasında bağlanmış sahə sazişinin şərtləri əsasında bağlanan bu müqavilədə əməkdaşlarımızın sosial-iqtisadi problemlərinin həlli, məzuniyyətlər, qadınların əməyi və digər sahələrdə əlavə imtiyazlar nəzərdə tutulur”.
Məruzəçi fəaliyyət dövrü ərzində HİK tərəfindən kollektivin sosial müdafiəsinin gücləndirilməsi, əməkdaşların asudə vaxtlarının səmərəli keçirilməsi və mədəni-kütləvi tədbirlərdə iştirakın, eyni zamanda “Təbib” istirahət düşərgəsində əməkdaşların yay istirahətinin təşkilindən danışıb.
O, son yeddi ildə universitetin xüsusi vəsaitləri hesabına əməkdaşlara verilən əlavə əməkhaqqının bir neçə dəfə artırıldığını, bütövlükdə bu illər ərzində 1328 nəfər əməkdaşa 173 000 manat həcmində maddi yardım göstərildiyini bildirib: “44 günlük Vətən müharibəsində də komitə öz köməkliyini əsirgəməmişdir. Belə ki, Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna HİK-in büdcəsindən 2000 manat vəsait köcürülmüşdür. O cümlədən Tədris Cərrahiyyə və Tədris Terapevtik Klinikalarında müalicə alan qazilərimizin ərzaq təminatını daha da yaxşılaşdırmaq məqsədi ilə 7 gün müddətində 5000 manat məbləğində ərzaq yardımı göstərilmişdir. Bundan əlavə, Zəfər Günü münasibəti ilə Həmkarlar İttifaqı Komitəsi tərəfindən şəhid ailələrinin hər birinə 300 manat, 9 nəfər Vətən müharibəsi iştirakçısının hər birinə isə 100 manat məbləğində pul mükafatları verilmişdir. Onu da bildirmək istəyirəm ki, I Qarabağ döyüşlərində şəhid olmuş üç əməkdaşımızın həyat yoldaşı və ya övladını, Vətən müharibəsində isə övladı şəhid olmuş üç əməkdaşımızı, yəni altı şəhid ailəsini HİK öz himayəsinə götürüb. Ayrılan həmin yardımlar komitənin xərclər smetasına daxil edilib və onlar bu yardımı mütəmadi ala bilirlər”.
Bundan sonra Təftiş Komissiyasının sədri, dosent Vüqar Cavadzadə illər üzrə aparılan hesabatların nəticələri ilə konfrans iştirakçılarını tanış edib.
İnsan anatomiyası və tibbi terminologiya kafedrasının məsləhətçi professoru Vaqif Şadlinski, Epidemiologiya və biostatistika kafedrasının müdiri, professor İbadulla Ağayev, Sitologiya, embriologiya və histologiya kafedrasının müdiri, professor Eldar Qasımov və Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı gigiyenası kafedrasının müdiri, dosent Şəhla Balayeva öz çıxışlarında hesabatı müsbət qiymətləndirərək, C.Qasımovun təşkilata sədrlik etdiyi illər ərzində təşkilatın nümunəvi fəaliyyəti, işçilərin sosial müdafiəsinin təşkilində prinsipial mövqeyi, bir çox layihələrdə təşəbbüskarlığını xüsusi qeyd ediblər. Qurumun nümunəvi təşkilatçı kimi fəaliyyət göstərməsi, işçilərin əməyinin qiymətləndirilməsi, onların asudə vaxtı və istirahətinin təşkili, ölkəmiz üçün əhəmiyyətli olan məsələlərdə gördüyü mühüm işlər vurğulanıb və C.Qasımovun yenidən sədrliyə namizədliyinin irəli sürülməsi təklif edilib.
Konfransda çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli Həmkarlar İttifaqı Komitəsinin uzun illərdən bəri universitetin həyatında aparıcı bir təşkilat kimi fəaliyyətini yüksək qiymətləndirib. Rektor vurğulayıb ki, vaxtilə bu quruma rəhbərlik etmiş professor Vaqif Şadlinski və mərhum professor Surxay Musayevin yaratdığı gözəl ənənələri bu gün də dosent Cahangir Qasımov layiqincə davam etdirir. O bildirib ki, universitetdə nizam-intizamın yaradılmasında, eləcə də bir sıra vacib məsələlərin həll edilməsində komitənin köməyi yaxından hiss edilir: “Mən də hesab edirəm ki, komitənin universitetimizdə müsbət istiqamətdə gördüyü işlər çoxdur və yeni tərkibdə seçilən heyət bundan sonra da qarşıda duran bir çox məsələlərin həllində rəhbərliyin yanında olacaq. Komitə tərəfindən əməkdaşların hüquqlarının müdafiə edilməsi, eləcə də onların “Təbib” istirahət düşərgəsində dincəlməsi, həmçinin tələbələrin vaxtlarını səmərəli keçirmələri üçün yaradılan şərait hamının diqqət mərkəzindədir. Əlbəttə, bütün bu görülən işlər Tibb Universitetini irəliyə aparmaq və onu daha da yüksəklərə qaldırmaq üçündür. Bütün bu vəzifələrin həyata keçirilməsində bir daha yeni seçiləcək heyətə uğurlar, möhkəm cansağlığı diləyirəm. Sizin hər birinizi isə qarşıdan gələn Novruz Bayramı münasibətilə təbrik edir, doğma universitetimizin tərəqqisi naminə fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram”.
Konfransda çıxış edən Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Komitəsinin sədri Arif Mərdanov ATU-nun Həmkarlar İttifaqı Komitəsinin hesabatını yüksək dəyərləndirib və gələcəkdə qarşıda duran vəzifələrin həyata keçirilməsində yeni seçiləcək heyətə uğurlar arzulayıb.
Konfransın sonunda universitetin Həmkarlar İttifaqı Komitəsinə 25, onun Təftiş Komissiyasına isə 5 nəfərlik yeni tərkib seçilib. Qulaq, burun-boğaz xəstəlikləri kafedrasının dosenti Cahangir Qasımov yekdilliklə ATU-nun Həmkarlar İttifaqı Komitəsinə yenidən sədr seçilib.
Qeyd edək ki, 2017-2024-cü illər ərzində ATU-nun Həmkarlar İttifaqı Komitəsi yeni klinikaların açılması ilə əlaqədar öz sıralarını daha da genişləndirib. Bu gün ATU HİK 4450-dən çox həmkarlar ittifaqı üzvünü özündə birləşdirən ən böyük ali məktəb təşkilatlarından biridir. Hazırda universitetin Həmkarlar İttifaqı Komitəsinin rəhbərliyi altında 6 fakültə, 4 klinika, 1 Elmi-Tədqiqat Mərkəzi və 1 İnzibati-təsərrüfat işçiləri həmkarlar ittifaqı təşkilatı, 58 qrup təşkilatı fəaliyyət göstərir.