TU-nun Tədris Terapevtik Klinikasında Rezidentura və magistratura şöbəsi Nevrologiya kafedrası ilə birgə seminar keçirib. Bildirilib ki, Kliniki Tibbi Mərkəzin nəzdindəki Uşaq Nevroloji Xəstəxanasının həkimi, uşaq nevroloqu Ülkər Mürsəlova “Yenidoğulmuşlar arasında qeyri-travmatik kəllədaxili qansızmalar” mövzusunda məruzə ilə çıxış edəcək.
Seminarı açan Nevrologiya kafedrasının müdiri, professor Aytən Məmmədbəyli əvvəlcə məruzəçi haqqında məlumat verib. Diqqətə çatdırıb ki, Ü.Mürsəlova Birləşmiş Ərəb Əmirliyində və Türkiyənin İstanbul şəhərində pediatrik nevrologiya üzrə rotasiya keçib. İsrailin Rambam Hospitalında 3 aylıq təkmilləşmə kursunda olub. Onun “Milli nevrologiya jurnalı”nda və Moskvada “İnternauka” jurnalında elmi məqalələri dərc olunub. Azərbaycan Uşaq Nevroloqlar Assosiasiyasının üzvü, ATU-nun doktorantıdır.
Bundan sonra məruzəçi çıxışında yenidoğulmuşlar arasında qeyri-travmatik kəllədaxili qansızmaların risk faktorları, neonatal itkilər, klassifikasiyalar və görülməsi lazım olan tədbirlərdən bəhs edib. O bildirib ki, vaxtından əvvəl doğulmuş uşaqlar beyində və ətraflarda qanaxmalardan əziyyət çəkirlər: “Beyin qanaması riski həyatın ilk 5 günündə ən yüksək olur. Qanamalar çətin doğuş zamanı və ya yeni doğulmuş körpədə yaranan ağırlaşmalar nəticəsində partlaya bilən qan damarlarının inkişaf etməməsi nəticəsində yaranır. Buna görə də neonatal bölmədə standart prosedur qanaxmanı aşkar etmək üçün bütün vaxtından əvvəl doğulmuş körpələrdə beyin ultrasəs müayinəsini aparmaq çox vacibdir. Bu müayinə müşahidə müddəti ərzində müntəzəm olaraq aparılır”.
Diskussiya şəklində aparılan müzakirələrdə Rezidentura və magistratura şöbəsinin müdir müavini, assistent Namiq Xəlilov dünyanın müxtəlif regionlarında yenidoğulmuşlarda kəllədaxili qansızmaların rastgəlmə tezliyinin kəskin fərqləndiyini bildirib. O deyib ki, Türkiyədə və İranda bu patologiyanın geniş yayılması onun ölkəmizdə də yayılma ehtimalının yüksək olduğunu göstərir.
Professor Aytən Məmmədbəyli yenidoğulmuşlar üçün kəllədaxili qansızmaların çox yüksək dərəcəli ölüm və əlilliyə səbəb olma təhlükələrindən biri olduğunu deyib. Vurğulayıb ki, perinatal patologiyalar arasında bu patologiya kiçik paya sahib olsa da, ölüm səbəbləri arasında onun payı 10 dəfə yüksəkdir.
Fizioterapiya və tibbi reabilitasiya kafedrasının müdiri, dosent Paşa Mehdiyev isə gələcəkdə bu cür körpələrdə olan prediktorlar və onlara müdaxilədə mütləq fizioterapiyaya ehtiyac olduğunu deyib.
Tədbirin sonunda iştirakçıları düşündürən suallar cavablandırılıb.