Martın 26 epilepsiya günüdür
Bənövşəyi Gün (Purple Day) bütün dünyada epilepsiya haqqında məlumatlılığın artırılmasına həsr olunmuş beynəlxalq kütləvi tədbirdir. Hər il martın 26-da dünya ölkələrində yaşayan insanlar bənövşəyi paltar geyinməyə və epilepsiya ilə bağlı maarifləndirmə tədbirlərinə ev sahibliyi etməyə dəvət olunur. Bənövşəyi gün 2008-ci ildə epilepsiya xəstəsi olan və insanların vəziyyəti haqqında danışmasını istəyən Kanadalı gənc qız Cassidy Megan tərəfindən yaradılmışdır. Cassidy bənövşəyi rəngdən istifadə etmək qərarına gəldi, çünki lavanda epilepsiyanın beynəlxalq çiçəyi kimi tanınır.
Epilepsiya sinir sisteminin xroniki xəstəliyi olub, təkrarlanan qıcolma tutmaları ilə xarakterizə olunur. Əsrlər boyu epilepsiya qorxu, anlaşılmazlıq, ayrı-seçkilik və sosial stiqma ilə əhatə olunub. Bir çox ölkələrdə stiqmanın bəzi formaları bu günə qədər davam edir və xəstəlikdən təsirlənən insanların və onların ailələrinin həyat keyfiyyətinə təsir edə bilir. Epilepsiya dünyada ən çox yayılmış xəstəliklərdən hesab olunur. Epilepsiyanın tibbi və sosial əhəmiyyəti yüksək olaraq qalmaqdadır. Bu onun əhali arasında yayılması ilə əlaqədardır.
Epilepsiya baş beynin qabığında həddindən artıq neyronal boşalmalar nəticəsində yaranan, təkrarlanan, əsasən də təxribat olunmayan tutmalarla xarakterizə olunur ki, bu tutmalar da öz növbəsində hərəki, hissi, vegetativ, düşüncə və psixi funksiyaların pozulması ilə müşaiət olunurlar. Onlar beynin müxtəlif sahələrində baş verə bilər. Tutmaların tezliyi ildə bir dəfədən az olmaqla gündə bir neçə dəfəyə qədər dəyişə bilər.
Dünyada hər il təxminən 5 milyon insana epilepsiya diaqnozu qoyulur. Yüksək gəlirli ölkələrdə hər 100 000 nəfərdən 49-na epilepsiya diaqnozu qoyulduğu təxmin edilir. Aşağı və orta gəlirli ölkələrdə bu rəqəm 139: 100 000 çata bilər.
Epilepsiya xüsusilə uşaq və yeniyetmə dövründə daha çox rast gəlinən nevroloji patologiyalardandır. Xəstəlik, 1 yaşa qədər uşaq həyatında maksimum olmaqla, hər 100000 əhali sayına 15-113 hal təşkil edir. 15 yaşa qədər uşaqlarda hər 1000 uşaq sayına 5-8 hal təşkil edir.
Epilepsiyadan əziyyət çəkən insanlarda vaxtından əvvəl ölüm riski əhalinin orta göstəricisindən təxminən üç dəfə yüksəkdir. Epilepsiya müxtəlif səbəblərdən yarana bilir. Etioloji amillərə struktur, genetik, yoluxucu, metabolik, immun və naməlum etioloji amillər aiddir.
Uşaqlıq dövründə başlayan epileptik tutmaların uzunmüddətli prognozu qeyri-müəyyəndir. Uşaqlıqda epilepsiyadan əziyyət çəkən xəstələrin əksəriyyəti yetkinlik yaşına çatdıqları vaxta qədər tutmalardan azad olsalar da, sosial və təhsil problemləri ilə bağlı risklər yüksək olaraq qala bilir.
Epilepsiya xəstəliyinə nəzarət etmək mümkündür. Epilepsiya xəstələrinin 70%- ə qədəri qıcolma əleyhinə dərmanlarla düzgün müalicə ilə qıcolmasız yaşaya bilər. Əgər epilepsiya xəstəsi iki-dörd il ərzində qıcolmalardan azaddırsa, müvafiq klinik, sosial və fərdi amillər nəzərə alınmaqla antikonvulsanların dayandırılması nəzərdə tutula bilər.
Epilepsiyanın vaxtında aşkarlanıb müalicə olunması, sonrakı ağırlaşmaların qarşısını almağa, xəstələrin həyat şəraitinin yaxşılaşmasına səbəb ola bilər.
Sona Əliyeva
ATU-nun nevrologiya kafedrasının assistenti