Mütəxəssis deyir ki, autik spektrin pozuntusu olan uşaqların bacı-qardaşları risk altındadır
“Autik spektrin pozuntusu (ASP) psixi inkişafın kompleks pozulmasıdır. Sosial dezadaptasiya, sosial əlaqələrin mümkün olmaması, davranışın stereotipliyi, yəni hərəkətlərin təkrarlaması ilə xarakterizə olunur”. Bunları ATU-nun Nevrologiya kafedrasının dosenti Mahirə Məmmədova uşaqlarda autizm spektrinin pozuntularında nevroloji aspektlərdən söhbət açarkən deyib.
O bildirib ki, ilk dəfə olaraq 1911-ci ildə İsveçrə psixiatrı Eyqen Bleyler tərəfindən “autizm” termini elmi ədəbiyyata gətirilib. “Autizm” termini “autos” yunan sözündən əmələ gəlib, “özüm” deməkdir: “Hələ keçən əsrin ortalarında autizm çox nadir xəstəlik olub. Lakin vaxt keçdikcə bu xəstəliyi olan uşaqların sayı artıb. Statıstika göstərir ki son 30-40 ildə 10 min əhaliyə 4-5 nəfərdən 50-116 nəfərədək artıb. Oğlanlar qızlardan daha çox xəstələnir. Autik spektr pozuntularının səbəbi tam aydın deyil, müxtəlif hipotezlər irəli sürülür: Genetik meyillilik, sinir sisteminin inkişaf pozulmaları, xarici amillərin təsiri, hamiləlik zamanı infeksiya, kimyəvi təsir, doğuş travmaları, anadangəlmə mübadilə pozulmaları, bəzi dərman və sənaye toksinlərinin təsiri”.
ASP olan uşaqlarda psixi inkişafın xüsusiyyətlərindən danışan həkim vurğulayıb ki, uşaq autizmi uşağın bütün sferalarının - intellektual, emosional hiss, hərəkət, diqqət, təfəkkür, yaddaş və nitq inkişafının pozulmasıdır: “Nitq inkişafının pozulması lap erkən yaşlarında özünü göstərir. Qığıldamanın ləngiməsi, yaxud heç olmaması, sonra uşağın böyüklərlə ünsiyyət zamanı nitqin inkişaf etməməsi və yaxud adını çağıranda reaksiya verməməsi, deyilənləri yerinə yetirməməsi.
Belə uşaqlar adətən 2 yaşında çox az söz deyir. 3 yaşında cümlə qura bilmir. Bu zaman uşaqlar çox vaxt sözləri stereotip təkrarlayır. Bəzi uşaqlarda nitq inkişaf etmir, bəzilərində isə inkişaf edir, lakin ünsiyyət pozulmaları olur. Uşaqlar əvəzlik müraciətindən istifadə etmir və özü haqqında üçüncü şəxs kimi danışır. Bəzi hallarda əvvəl əldə olunan nitqin regresiyası qeyd olunur.
Belə uşaqlar ətrafdakılarla ünsiyyət və emosional kontaktın çətin və yaxud heç olmaması səbəbindən taktil kontaktlardan çəkinir, göz kontaktı praktiki olaraq olmur, mimiki reaksiyalar qeyri-adekvat olur və jestlərin istifadəsində çətinlik çəkir. Onlar gülümsəmir, valideynlərə dartınmır, lakin böyüklər qucağına götürdükdə müqavimət göstərirlər. Yəni özlərinin və ətrafdakıların emosiyalarını təyin edə bilmirlər. Autizm olan uşaqlar başqa uşaqlarla kontakta girmir, yaxud onlardan çəkinir, digər uşaqlarla əməkdaşlıq etmir və çox vaxt təklikdə olmağa meyillidirlər”.
Sözünə davam edən mütəxəssis söyləyib ki, tədqiqi davranış pozğunluğu uşaqları yeni vəziyyətə cəlb etmir və ətraf mühit, oyuncaqlar onlara maraqlı deyil: “Autizmli uşaqlar oyuncaqları qeyri-adi istifadə edir. Məsələn, maşını sürmür, onun bir təkərini saatlarla fırladırlar. Nadir hallarda yemək təkliflərində də çox seçici ola bilər. Bəzən uşaqlar yeməyi iyləməyə başlayır ki, bu da onlarda ikrah, təhlükə hissi yarada bilər. Bununla bərabər, uşaqlar yeməli olmayan əşyaları yeməyə çalışır.
Özünü qoruma davranışının pozulması: uşaq çox vaxt səbəbi müxtəlif olan təhlükəli vəziyyətə düşür, səbəbi xarici qıcığın uşaqda qeyri-kafi reaksiya törətməsidir. Məsələn, qəfildən olan səs uşağı həmin istiqamətə getməyə məcbur edə bilər və o, real təhlükənin olmasına məhəl qoymadan hündürlüyə qalxar, iti əşyalarla oynayar, baxmadan yolu keçər.
Hərəki inkişafın pozulması: uşaq yöndəmsiz yeriməyə başlayır. Bəziləri barmaqları üstə gəzir, əl və ayağın koordinasiyasının pozulması nəzərə çarpacaq dərəcədə olur. Belə uşaqlara məişət fəaliyyətini öyrətmək çətindir. Onlar təqlid etməkdə və ozünəxidmət bacarıqlarını mənimsəməkdə çətinlik çəkirlər.
Onların qavrama pozğunluqlarında yüksək inpulsivlik olur. Ətraf mühitin parçalanması, obyektiv dünyanın vahid mənzərəsinin təhrif edilməsi, diqqəti cəmləşdirmə konsentrasiyasında pozulma müşahidə olunur”.
Onların düşüncə xüsusiyyətlərindən də bəhs edən Mahirə xanım deyib ki, ASP olan uşaqlarda sərbəst öyrənmədə çətinliklər qeyd edilir. Autizmli uşaqlar baş verənlərdə səbəb-nəticə əlaqələrini anlamağa diqqət yetirmir. Onlar böyüklərə qulaq asmaqdan, onlarla birgə iş görməkdən imtina edir, davranışları tez-tez aqressiv partlayışlar, müqavimət, qışqırmalarla müşayiət olunur.
Autik spektr pozulmalarının diaqnostikasından da söhbət açan həkim əlavə edib ki, bu əsasən 3 kriteriyaya ayrılır: “Sosial adaptasiyanın pozulması, ünsiyyət sferasında pozulma, stereotipik davranış.
Autizm üçün bilinən bir biomarker yoxdur. Bu o deməkdir ki, heç bir qan və ya genetik analiz xəstəliyi tanıya bilməz. Bunun əvəzinə həkimlər və mütəxəssislər bir insanın autizm olub-olmadığını müəyyən etmək üçün təkrar kliniki müayinə və müşahidələrə, tibbi tarixçələr və anketlərin göstəricilərinə əsaslanmalıdırlar. Bunun üçün də psixoloji, neyropsixoloji, uşağın ailəsi və ətrafı ilə işləmək, psixososial terapiya və loqopedik korreksiya etmək lazımdır.
Müalicə məqsədilə vitaminlər, düşüncə proseslərini yaxşılaşdıran və nitq inkişafını stimullaşdıran nootrop preparatlar, eləcə də yüksək impulsivlik, aqressivlik, neqativizm, özünə qapanma əlamətləri olduqda, psixotrop dərmanlar kömək edə bilər. Bəzi hallarda autizm epileptik tutmalarla müşayiət olunur. Belə hallarda epilepsiya əleyhinə preparatlar təyin edilməlidir”.
Mütəxəssisin sözlərinə görə, körpələrin ASP simptomları və əlamətlərinə görə müntəzəm yoxlanılması vacibdir. O cümlədən belə uşaqların bacı-qardaşları ASP xüsusiyyətlərini inkişaf etdirmə riski altındadır. Bu səbəbdən onlar yalnız autizmlə əlaqəli simptomlar üçün deyil, həm də nitq gecikmələri, öyrənmə çətinlikləri, sosial problemlər və yaxud depressiv simptomların aşkarlanması məqsədilə müayinədən keçməlidirlər.