Sağlamlıq hər kəsin haqqıdır

1948-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı yaradılıb. ÜST-ün təsis olunduğu 7 aprel tarixi 1950-ci ildən etibarən hər il Ümumdünya Sağlamlıq Günü kimi qeyd olunur.

Bu əlamətdar gündə bütün dünyada müxtəlif tədbirlər keçirilir, sağlamlıq sahəsində araşdırmalar təşviq edilir. Hər il bu münasibətlə bir şüar seçilir. Bu da həmin mövzulara diqqət çəkmək fürsəti kimi dəyərləndirilir. Məqsəd isə insanların hər yerdə sağlamlıq və rifahın ən yüksək səviyyəsinə çatmasına nail olmaqdır.

ÜST bildirir ki, müalicəyə və ümumiyyətlə, səhiyyə xidmətlərindən istifadəyə, riskli davranışlardan çəkinməyə, sağlamlığın qorunması və təşviqinə daim diqqət yetirilməlidir. Xüsusilə, gənclərin fiziki, mənəvi və sosial baxımdan balanslı həyat yaşaya bilməsi önəm daşıyır. Cəmiyyətin ən kiçik struktur blokları olan fərdlərin sağlamlığı bütövlükdə cəmiyyətin sağlam olmasını təmin edir. Bu kontekstdə müalicə müəssisələrinin, profilaktik səhiyyə müəssisələrinin işi böyük əhəmiyyət kəsb edir.

Amma bütün bunlara baxmayaraq, dünyada milyonlarla insanın sağlamlıq hüququ getdikcə daha çox təhlükə altına düşür. Xəstəliklər və fəlakətlər ölüm və əlilliyin ciddi səbəblərinə çevrilir. Münaqişələr insanların həyatını məhv edir, ölüm, ağrı, aclıq və psixoloji iztirablara səbəb olur. Eləcə də havanın çirklənməsi iqlim böhranına gətirib çıxarır. Dünya üzrə qapalı və açıq şəraitdə havanın çirklənməsi hər 5 saniyədə bir can alır. ÜST-ün hamı üçün Sağlamlığın İqtisadiyyatı Şurası müəyyən edib ki, ən azı 140 ölkə öz konstitusiyalarında sağlamlığı insan hüququ kimi tanıyır. Bununla belə, bir sıra ölkələr öz əhalisinin səhiyyə xidmətlərindən istifadə hüququnu həyata keçirmək üçün qanunlar qəbul etmir və ya onları tətbiq etmir. Bu, 2021-ci ildə ən azı 4,5 milyard insanın - dünya əhalisinin yarıdan çoxunun əsas səhiyyə xidmətləri ilə tam əhatə olunmadığını təsdiqləyir. Bu kimi problemlərə diqqəti yönəltmək üçün bu il Ümumdünya Sağlamlıq Gününün şüarı belədir: “Sağlamlığım mənim haqqımdır”.

Bu şüar hər bir insanın hər yerdə keyfiyyətli səhiyyə xidmətləri, təhsil və məlumat, o cümlədən təhlükəsiz içməli su, təmiz hava, düzgün qidalanma, keyfiyyətli yaşayış məskəni, layiqli əmək və ətraf mühit şəraiti və ayrı-seçkilikdən azad olmaq hüququnu müdafiə və təbliğ etmək üçün seçilib.

Ölkəmizdə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublıkasının Qanunu mövcuddur. Əhalinin sağlamlığının qorunması hər bir insanın fiziki və ruhi sağlamlığının mühafizəsinə, onun fəal uzun ömürlülüyünün artırılmasına, tibbi yardımla təminatına yönəldilmiş siyasi, iqtisadi, hüquqi, elmi, tibbi, sanitar-gigiyena xarakterli tədbirlərin məcmusundan ibarətdir. Bu Qanun əhalinin sağlamlığının qorunması sahəsində vətəndaşlarla dövlət orqanları, eləcə də dövlət və qeyri-dövlət səhiyyə sistemlərinin subyektləri arasında yaranan münasibətləri tənzimləyir.

 

Mədinə Hacıyeva

Tibb və sağlamlıq elmləri təhsili kafedrasının assistenti, t.ü.f.d.