Azərbaycan aliminin protez bazisində anatomik relyefin formalaşdırılması üsulu beynəlxalq səviyyədə patent alıb. Azərbaycan Tibb Universitetinin Ortopedik stomatologiya kafedrasının assistenti, t.ü.f.d. Yuris Bayramovun müəllifi olduğu elmi-tədqiqat işi beynəlxalq Avrasiya patenti qazanıb.
Y.Bayramovun sözlərinə görə, ATU-nun Tədris Stomatoloji Klinikası və Ortopedik stomatologiya kafedrasının dəstəyi ilə yerinə yetirilən “Üst çənə tam çıxarılan lövhəli protezinin anatomik relyefinin formalaşdırılması üsulu” adlı tədqiqat işi bu sahədə yenilikdir: “İkincili tam adentiyanın əsas ortopedik müalicə üsulu tam çıxarılan lövhəli protez hazırlanmasıdır. Hazırlanmış tam çıxarılan lövhəli protezi pasiyentin istifadəsinə təhvil verdikdən sonra vaxt keçdikcə protezlərə aid şikayətlər söylənilir. Bu şikayətlərdən ən əsası protezi istifadə etdikcə dadbilmə qabiliyyətinin azalması göstərilir. Müxtəlif ədəbiyyat mənbələrində qeyd olunan şikayətlər pasiyentin fizioloji qocalması və qazanılmış sistemik xəstəlikləri ilə əlaqələndirilir.
Ancaq məlum ənənəvi üsulla üst çənəyə hazırlanmış tam çıxarılan lövhəli protez sahəsinin relyefi protez bazisinin içəri səthində qalır. Protez bazisinin bayır səthi isə cilalanıb pardaqlanmış hamar səth şəklində olur. Əsas problemi yaradan da elə budur. Çünki istənilən funksiya yerinə yetirildikdə, dil həmin nahiyəyə söykənir. Bizim təkmilləşdirilmiş üsulda isə palatinal sahə relyefi eyni ilə protezin bayır palatinal sahəsində də əks olunur və vizual olaraq görünür. Ön palatinal hissədə yerləşən qırışlar dilin üzərindəki dadbilmə məməciklərini təmizləyərək qıcıqlanmasına səbəb olur. Bu isə öz növbəsində dilin üzərindəki məməciklərin atrofiyasını ləngidir və dadbilmənin pozulmasının qarşısını alır”.
Beləliklə, tədqiqat işi qeyd olunan problemi aradan qaldıracaq və bundan əziyyət çəkən pasiyentlər üçün faydalı olacaq.