Almaniyada çalışan gənc azərbaycanlı həkimlərin ATU-nun Tədris Cərrahiyyə Klinikasının Klinik-diaqnostik laboratoriyası, Anesteziologiya və reanimatologiya şöbəsinin həkim və rezidentləri ilə görüşü olub. Toplantını açan Rezidentura və magistratura şöbəsinin müdir müavini, assistent Namiq Xəlilov bildirib ki, görüş-seminar "Antibiotiklərin rasional istifadəsi" mövzusuna həsr edilib.
Helios Siegburg Klinikasının daxili xəstəliklər və ağciyər xəstəlikləri, süni tənəffüs və yuxu təbabəti şöbəsinin aparıcı mütəxəssisi, Almaniyada Azərbaycanlı Həkimlər Forumun həmtəsisçisi, Köln Universitetinin Tibb Fakültəsinin doktorantı Elvin Hüseynov çıxışında antibiotikə davamlılığın qarşısının alınması yollarından danışıb və insan mikrobiomunun xəstəlik və sağlamlıqdakı roluna diqqət çəkib: “Bildiyimiz kimi, antibiotiklər bakteriyaların böyüməsinə və inkişafına təsir göstərə bilən təbii və süni şəkildə sintez edilmiş maddələrdən ibarətdir. İnsan sağlamlığını təhdid edən bəzi ciddi xəstəliklərin olması halında antibiotiklərin qəbulu zəruridir. Lakin təəssüf ki, antibiotiklərin təsiri altında yalnız patogen bakteriyalar deyil, həm də bədənin faydalı mikroflorası ölür və antibakterial terapiya kursundan sonra mikrofloranın bərpası məcburidir. Antibiotiklər ən çox pnevmoniya, vərəm, qan zəhərlənməsi, kəskin mədə-bağırsaq infeksiyaları, cinsi yolla ötürülən infeksiyalar, əməliyyatdan sonrakı ağırlaşmalar zamanı təyin edilir. Antibiotiklərin geniş tətbiqi bu dərmanlara davamlı bakteriyaların ştamlarının yaranmasına səbəb olur. Antibiotiklərin təsiri altında orqanizm müxtəlif infeksiyalara qarşı müstəqil şəkildə müqavimət göstərmək qabiliyyətini itirir”.
Daha sonra Köln Universitet Klinikası, Mikrobiologiya, İmmunologiya və Gigiyena İnstitutunun həkimi Aysel Əhmədzadə pandemiya dövründə sürətlə yayılan, flukanazola davamlı “Candida aurius” infeksiyasından bəhs edib.
Göruşdə iştirak edən ATU-nun Yoluxucu xəstəliklər kafedrasının professoru Sədrəddin Atakişizadə və II Uşaq xəstəlikləri kafedrasının assistenti Gülnarə Nəcəfova mövzuyla bağlı öz fikirlərni söyləyiblər.
Maraqlı keçən toplantıda klinikanın həkim və həkim-rezidentlərini düşündürən suallar cavablandırılıb.
Görüş ATU-nun Tədris Cərrahiyyə Klinikasının Klinik-diaqnostik laboratoriyası və Rezidentura və magistratura şöbəsinin təşkilatçılığı ilə baş tutub.