Fizioterapiya və tibbi reabilitasiya kafedrasının assistenti Rəna Səmədova: "Erkən reabilitasiya prosesi xəstəni uzunmüddətli əlillikdən azad edir"
Parkinson - yaşlı insanlarda ən çox rast gəlinən xroniki, getdikcə proqressivləşən neyrodegenerativ xəstəliklərdən biridir. Ədəbiyyata nəzər saldıqda məlum olur ki, bu xəstəliyin əlamətləri hələ eramızdan əvvəl qədim Misirdə qeydə alınıb. Amma 1817-ci ildə ingilis həkimi Ceyms Parkinson bu xəstəliyin əlamətlərini Londonun sakinləri üzərində öyrənərək ilk dəfə təsvir edib və onu “əsmə iflici” adlandırıb. Bu səbəbdən də sonrakı dövrdə xəstəlik alimin adı ilə tanınıb.
Parkinson xəstəliyi (PX) zamanı qabıqaltı strukturların, xüsusən də qara maddənin neyronlarının zədələnməsi və ölümü baş verir. Qeyd etmək lazımdır ki, bu xəstəliyə əsasən yaşlı insanlar (65 yaşdan yuxarı) və daha çox kişilər düçar olur. Buna baxmayaraq, nadir hallarda xəstəlik cavan insanlarda da yarana bilər (Yuvenil parkinsonizm). Parkinsonizm sindromunun əsas təzahürlərinə hərəkətin ləngiməsi, əzələ tonusunun artması, sakit vəziyyətdə yaranan baş və ətrafların əsməsi, bükücü vəziyyət, yerişin pozulması (xırda addımlarla), dayanıqsızlıq, tez-tez baş verən yıxılmalar, “donmuş vəziyyət” və s. simptomları aid etmək olar. Əslində parkinsonizm sindromunun əsasında birincili (Parkinson xəstəliyi və yuvenil parkinsonizm) və ikincili (müxtəlif serebrovaskulyar xəstəliklər, ensefalit, travma, zəhərlənmə, bəzi dərmanların qəbulu və s.) səbəblər dayana bilər. Həmçinin bir sıra neyrodegenerativ xəstəliklərdə də parkinsonizm sindromuna rast gəlmək olar (Parkinsonizm plyus).
PX əsasən ləng gedişata malik olsa da, getdikcə proqressivləşəndir. İlk olaraq birtərəfli başlayıb, mərhələdən-mərhələyə inkişaf edərək xəstələrin gündəlik həyatlarına mühüm dərəcədə təsir edir. Belə ki, bu xəstələrdə özünə qulluq, ayağa qalxmaq, dayanıqlı vəziyyətdə müvazinəti qorumaq, yerimək, qida qəbulu, əqli fəaliyyət və s. proseslərin müstəqil icrası getdikcə çətinləşir və bu onları tədricən kənar şəxslərdən asılı edir. Bu səbəbdən xəstəlik multidissiplinar yanaşma tələb edir – nevroloqla yanaşı, xəstəliyə erkən dövrdən həkim-reabilitoloqun, fizioterapevtin müdaxiləsi və kompleks reabilitasiya proqramının hazırlanması olduqca vacibdir. Fizioterapiya və tibbi reabilitasiyanın məqsədi: Qan dövranını yaxşılaşdırmaq, baş beyində metabolik proseslərin səviyyəsini qaldırmaq, əzələ tonusunu, ümumi “donuq” vəziyyətini və əsməni azaltmaq, xəstəliyin inkişaf prosesini ləngitmək, xəstələrin fiziki və emosional aktivliyini yüksəltməkdən ibarətdir.
Parkinson xəstəliyinin proqressivləşən gedişata malik olduğunu nəzərə alaraq, reabilitasiyanın əsas vəzifəsi xəstəliyin inkişafını ləngitmək və xəstənin həyat keyfiyyətini mümkün dərəcədə artırmaqdır. Reabilitasiya hər zaman nevroloq tərəfindən düzgün tənzimlənmiş medikamentoz müalicə ilə bərabər aparılmalıdır. Bəzi hallarda konservativ müalicə effektsiz olduqda, cərrahi müdaxilə tələb oluna bilər (palidotomiya, talamotomiya, dərin beyin stimulyasiyası). Antiparkinsonik preparatlar xəstəliyin əsas simptomlarının təzahürünü azaltsa da, xəstəliyin inkişaf etməsi getdikcə dozaların artırılmasını tələb edir və xəstələrdə bir çox fəsadlar yaratmış olur. Burada erkən başlanan fiziki reabilitasiyanın rolu danılmazdır. Belə ki, fiziki reabilitasiya patoloji simptomların artma tempinin azalmasına, yaranmış funksional pozulmalara xəstələrin adaptasiyasına və hərəki potensialın artmasına kömək edir. Reabilitasiya proqramı hər bir xəstə üçün xəstəliyin formasından, mərhələsindən, yanaşı xəstəliklərdən və digər xüsusiyyətlərdən asılı olaraq individual hazırlanır. Bu xəstələrin kompleks terapiyasında kinezioterapiya, aerob məşqlər, tredmil, Skandinaviya yerişi, müvazinət və yeriş məşqləri, hidroterapiya, müalicəvi masaj, fizioterapiya, statokinezoqramma ilə bioidarə etmə, loqoped ilə məşqlər, VR-oyunlar, rəqslər və s. geniş istifadə olunur.
Xəstəliyin əsas təzahürlərindən biri odur ki, postural pozulmalar (vəziyyətin və duruşun pozulması) tədricən xəstələrdə bükücü vəziyyətin (“maneken” vəziyyəti) alınmasına gətirib çıxarır. Burada əsas problem xəstələrin iradi hərəkətlərin proqramlaşdırılması və ardıcıllığında çətinlik çəkmələridir. Belə hallarda müalicəvi-gimnastika kompleksi dayanıqlığın, gücün, dözümlüluyün inkişafına, dönmə, qalxma, yerimə manevrlərinin öyrənilməsinə və tremorun idarə olunmasına yönəldilir. Məşqlərin təşkili zamanı bir çox aspektlərə diqqət yetirilməsi vacibdir – məşqlər antiparkinsonik dərmanların qəbulundan 1,5 saat sonra başlamalı, əvvəl aşağı tempdə olmalı, ağrı ilə səciyyələnməməlidir və ilkin mərhələdən etibarən əzələ kontrakturaların, artrozların və ağrının qarşısının alınmasına yönəldilməlidir. Eyni zamanda, emosional sahədə pozulmalar neyropsixoloqlar tərəfindən tənzimlənməlidir.
Beləliklə, Parkinson xəstəliyi bütün dünyada olduqca aktual tibbi və sosial problem olaraq qalır. Düzgün seçilmiş medikamentoz müalicə və erkən başlanan reabilitasiya prosesi xəstəni uzunmüddətli əlillikdən azad edir və həyat keyfiyyətini yüksəldir.