ATU-nun kafedra müdiri deyir ki, hazırki siqaretlərin toksiki təsiri əvvəllər istifadə olunan tənbəkidən qat-qat yüksəkdir
ATU-nun Ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov yerli televiziya kanallarına geniş müsahibə verib. O, müsahibəsində ətraf mühitin çirklənməsinin dolayısı ilə ağciyər xərçənginə gətirib çıxarması ilə bağlı suala da aydınlıq gətirib.
Bildirib ki, havanın çirklənməsi ağciyərlərin, bronxların, ümumilikdə tənəffüs orqanlarının zədələnməsində və müxtəlif xəstəliklərin, o cümlədən ağciyər xərçənginin yaranmasında əsas faktordur. Amma onun sözlərinə görə, insan orqanizmi üçün siqaretçəkmənin zərəri havanın çirklənməsindən daha çoxdur: “Havanın çirklənməsi pnevmokonioz dediyimiz peşə toz xəstəliyinin yaranmasına səbəb ola bilir. Eyni zamanda insanın uzun müddət çirkli hava ilə nəfəs alması ağciyər xərçənginin yaranmasında da əsas faktorlardan biridir. Əhalinin sıx yaşadığı şəhərlərdə havanın vahid həcmində olan toz hissəciklərinin, xüsusilə də kiçik, 3 monometrə qədər olan hissəciklərin ağciyərlərin daha dərinliklərinə, yəni kiçik tənəffüs, bronx yollarına qədər getməsi və onları zədələməsi geridönməz dəyişikliklərin yaranmasına səbəb olur. İstər maşın tüstüsü, istərsə də sənaye müəssisələrinin fəaliyyəti nəticəsində havaya buraxılan zərərli qarışıqlar, tikinti işləri zamanı əmələ gələn toz hissəcikləri nə qədər çox olarsa, bu, insanların tənəffüs orqanlarına, ağciyərlərə bir o qədər mənfi təsir göstərər. Həmçinin siqaretin ağciyərə çirkli havadan daha zərərli olmasını mütləq söyləməliyəm. Çünki insan təmiz hava şəraiti olan mühitdə yaşasa belə, əgər tütünçəkmədən istifadə edirsə, həm özünün, həm də istifadə etdiyi tüstünün tərkibindəki qarışıqların ətrafa yayılması nəticəsində başqalarının sağlam tənəffüs hüququ pozulur. Beləliklə, ağciyər xərçəngi və son dövrlərdə çox rast gəlinən, ağciyər toxumasının sərtləşməsi kimi tanınan İdiopatik Pulmoner Fibroz (İPF) xroniki ağciyər xəstəliyinə tutulma riski artır. Bütün dünyada, eləcə də ölkəmizdə sürətlə artan, ölüm göstəricisinə görə 3-4-cü yerdə dayanan, interstisial ağciyər xəstəlikləri içərisində daha aktual olan idiopatik ağciyər fibrozunun ilkin və başlıca yaranma səbəbi də tütünçəkmədir”.
Ekoloji təmizliyin, havanın çirklənməsinin qarşısını almağın vacibliyini, ancaq siqaretçəkmənin daha ciddi problem olduğunu vurğulayan həkim-ftiziopulmonoloq təəssüflə qeyd edib ki, dövlət rəhbərliyi səviyyəsində qərarların verilməsinə, ictimai yerlərdə siqaret çəkməyin qadağan edilməsinə və müəyyən cərimələrin tətbiqinə baxmayaraq, insanlarımız arasında bu zərərli vərdişdən istifadə edənlərin sayı hələ də kifayət qədərdir. Son dövrlərdə oğlan tələbələrlə yanaşı, qız tələbələr arasında siqaret çəkənlərin çoxaldığını da təəssüf hissi ilə xatırladan və bunu dünyanın hansısa ölkəsinin xanımlarına bənzəmək cəhdi kimi dəyərləndirən dosent R.Bayramov onu da diqqətə çatdırıb ki, siqaretin bəzən stressə müsbət təsir göstərməsi haqda yayılan fikirlər də yanlışdır. Siqaret çəkmək nəinki stressi aradan qaldırmır, əksinə, stressin orqanizmə neqativ olan tərəflərini birə-beş artırır. Bundan əlavə, hazırda istifadə olunan siqaretin tərkibində tütündən başqa istənilən kimyəvi maddə var və bu maddələrin toksiki təsiri əvvəllər istifadə olunan tənbəkinin təsirindən qat-qat yüksəkdir.