Mayın 17-də Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti, Səhiyyə Nazirliyinin K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu və Azərbaycan Uşaq Cərrahları Assosiasiyasının birgə təşkilatçılığı ilə Azərbaycanda Uşaq Cərrahiyyəsi Günləri I Beynəlxalq Forumunun açılış mərasimi keçirilib.
Tədbir iştirakçılarını Səhiyyə Nazirliyi adından salamlayan nazir müavini Nadir Zeynalov forumun təbabətin çox mürəkkəb və məsuliyyətli bir sahəsinə həsr olunduğunu vurğulayıb. O, ötən əsrin ortalarınadək uşaqların cərrahi xəstəliklərinin müalicəsinin ümumi cərrahlar tərəfindən aparıldığını xatırladaraq qeyd edib ki, 1940-50-ci illərdə uşaq cərrahiyyəsinin inkişafı əsasən iki amillə bağlı idi: “İlk növbədə yeni doğulmuş uşaqlarda cərrahi korreksiya edilə bilən anadangəlmə qüsurlardan ölüm faizinin aşağı salınmasına və uşaqlara anesteziya xidmətinin göstərilməsi texnikasının təkmilləşdirilməsinə zərurət vardı. Bu məsələlər öz həllini tapdıqdan sonra uşaqlarda cərrahi müalicə üsulları inkişaf etməyə başlayıb və uşaq cərrahlığı cərrahiyyənin bir qolu kimi ayrılıb”.
Uşaq cərrahiyyəsinin həm də çox həssas bir sahə olduğunu, eyni zamanda çox şaxələnmədiyini söyləyən nazir müavini forumun uşaq cərrahiyyəsinin bütün aspektlərini əhatə etdiyini diqqətə çatdırıb və tədbirin işinə uğurlar arzulayıb.
ATU-nun Elmi işlər üzrə prorektoru, professor Rauf Bəylərov da forumda çıxış edərək uşaq cərrahiyyəsinin inkişaf yolundan söz açıb. ATU-nun Uşaq cərrahlığı kafedrasında peşəkar kadrların fəaliyyət göstərdiyini, həmin kadrların elmi istiqamətdə də uğurla çalışaraq səhiyyəmizə öz töhfələrini verdiyini bildirən prorektor, forumda aparılan qarşılıqlı təcrübə mübadiləsinin bütün mütəxəssislər üçün faydalı olacağına əminliyini ifadə edib.
Azərbaycan Uşaq Cərrahları Assosiasiyasının sədri, professor Ramiz Poluxov uzun illərdən sonra ölkəmizdə uşaq cərrahlarının ilk dəfə belə böyük tərkibdə bir yerə toplandığını deyib. Onun sözlərinə görə, Azərbaycanda uşaq cərrahlarının ilk böyük konqresi 1974-cü ildə baş tutub. Bu baxımdan 9 ölkədən 90 nəfəri aparıcı mütəxəssis olmaqla 150 nəfər elm adamının qatıldığı Azərbaycanda Uşaq Cərrahiyyəsi Günləri I Beynəlxalq Forumu tarixi hadisədir.
Millət vəkili, Milli Məclisin Səhiyyə komitəsinin üzvü İlham Məmmədov və digər natiqlər də forumun əhəmiyyətindən danışaraq, Azərbaycanda artıq uşaq cərrahiyyəsi məktəbinin formalaşmasından məmnunluqlarını dilə gətiriblər.
Daha sonra forum öz işini panel sessiyalarla davam etdirib. Forumda neonatal, torakal, abdominal, təcili və təxirəsalınmaz cərrahiyyə, koloproktologiya, uşaq yaşlarının uro-andrologiyası, travmatologiya və ortopediyası, uşaqlarda irinli cərrahi infeksiyalar, anesteziologiya və reanimatologiyası, onkologiyası, üz və boyunun anadangəlmə inkişaf qüsurları və tibbin müxtəlif istiqamətlərinə aid məruzələr dinlənilib.
Yerli və xarici mütəxəssislərin, görkəmli alim və həkimlərin qatıldığı forum mayın 19-da başa çatıb. Azərbaycanda Uşaq Cərrahiyyəsi Günləri I Beynəlxalq Forumu Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya olunub və 26 DTT kredit balı ilə qiymətləndirilib.