ATU-da sonuncu kurs tələbələrinin Buraxılış imtahanı keçirilir

Mayın 15-də Azərbaycan Tibb Universitetində sonuncu kursda təhsil alan tələbələrin Buraxılış imtahanı başlayıb. Mayın sonunadək davam edəcək imtahanın gedişi barədə “Təbib” qəzetinə ATU-nun İmtahan Mərkəzinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ülkər Cəfərova məlumat verdi.

Onun sözlərinə görə, Buraxılış imtahanları – Test və Bacarıq imtahanları (OSKİ) olmaqla iki mərhələli keçirilir: “İmtahanlar fənlər üzrə cədvələ uyğun olaraq 3 gündən bir təşkil olunub. Prosesin mayın 30-da bitməsi planlaşdırılsa da, 25 faiz kəsiri olanlar və üzrlü səbəbdən iştirak etməyən tələbələrə əlavə şərait yaradılacaq. Əlavə imtahanlar mayın 31-i, iyunun 1-i və 3-də baş tutacaq. Eyni zamanda mayın 31-də yaz semestrinin yay imtahan sessiyası başlayır. Doğrudur, imtahanların üst-üstə düşməsi müəyyən çətinliklər yaradır, amma işimizin öhdəsindən layiqincə gəlməyi bacarırıq”.

Ü.Cəfərova məzun kursların bir az problemli olduğunu diqqətimizə çatdırdı. Bunu kontingentdə qalan tələbələrin çoxluğu, Elektron Təhsil İdarəetmə Sistemində onların fənlər, bölmələr üzrə yerləşdirilməsi zamanı bəzi problemlərin yarana biləcəyi ilə izah etdi: “İmtahan prosesi zamanı heç bir problemlə üzləşməmişik. Apellyasiya şikayətləri ötən illərə nisbətən azalıb. Tələbələrin imtahanvermə təcrübələri kifayət qədər olduğu üçün proses sakit, qaydalara uyğun gedir. Hazırda II Müalicə-profilaktika və Stomatologiya fakültələrinin tələbələrindən imtahan götürülür.

Qeyd edim ki, yeni tədris standartlarına uyğun olaraq, bu il Əczaçılıq fakültəsinin tələbələri ilk dəfədir ki, bu imtahanlarda iştirak etmirlər. Onlar kafedralarda praktik şəkildə imtahan verirlər”.

İmtahanlara nəzarətin necə təşkil olunması ilə maraqlanırıq. Nəzarətçilər zallarda tələbələri kənardan müşahidə edir. İmtahanlara nəzarət qrupunun rəhbəri Pəri İsaqovanın bildirdiyinə görə, tələbələr sakit şəkildə imtahan verir: “16 nəzarətçi ilə imtahanlara nəzarət edirik, onlar olduqca fəaldır. İndiyədək tələbələrimiz tərəfindən qayda pozuntuları müşahidə olunmayıb”.

Nəzarətçilərdən Kəmalə İsmayılova, Vəfa Həsənova, Natiqə Nağıyeva, İlkin Şahməmmədli, Rəna Rzaquliyeva, Sevil Kərimova, İlhamə Dadaşova, Sevinc İbrahimovanın fikirlərini öyrənirik. Onlar da tələbələrin heç bir qayda pozmadan, sakit şəkildə imtahanlarını verdiklərini qeyd edirlər.

İmtahandan çıxan tələbələrin təəssüratlarını da öyrənirik. II Müalicə-profilaktika fakültəsinin tələbəsi Türkan Məhərrəmova Daxili xəstəliklər və Klinik biokimiya fənnindən imtahan verdiyini və müvəffəqiyyət qazandığını deyir. Həmin fakültənin tələbəsi Günel Ağalı imtahanın gedişindən narazılığı olmadığını söyləyir.

Təbrizli soydaşımız, Stomtologiya fakültəsinin tələbəsi Əkbər Məhəmmədi də imtahanların gedişindən razıdır: “Neçə ildir Bakıdayam, imtahanların obyektiv, şəffaf şəkildə götürülməsinin şahidi olmuşam. Müəllimlərdən, eyni zamanda xoş münasibətə görə tələbə yoldaşlarımdan razıyam”.

Stomatologiya fakültəsinin dekan müavini Aysel Həşimova da imtahanların gedişinə nəzarət edirdi: “Ayın 27-də fakültəmizin son imtahanı olacaq. Dekanlıq əməkdaşları növbəli şəkildə imtahanın gedişinə nəzarət edir. İmtahan prosesindən razıyıq, bəzən informasiya texnologiyaları ilə bağlı problemlə rastlaşırıq, onu da tez bir zamanda aradan qaldırmaq mümkün olur”.

Stomatologiya fakültəsinin tələbələri Aslan Davəri, Tohid İlyaqi, Alpərən Osman Kırık da imtahanların gedişindən və yaradılan şəraitdən razıdırlar. Aslan müvəffəqiyyət qazanıb, Təbrizə qayıtmaq fikri var. Tohidin Bakıda çoxlu dostları var, gələcəkdə harada təhsil alacağı ilə bağlı hələ qərar verməyib. Osman isə Türkiyəyə dönməyəcək, rezidentura təhsilini ATU-da davam etdirmək niyyətindədir.

İmtahan verməyə hazırlaşan Hərbi tibb fakültəsinin tələbələri də diqqətimizi çəkir. Tələbələrdən Hafiz Babayev Hərbi toksikologiya fənnindən imtahan vermək üçün növbə gözləyir. İmtahana hazır olduğunu bildirir: “İnanıram ki, o biri imtahanlarım kimi, bunu da uğurla verəcəyəm. Sadəcə, müəllim və tələbə yoldaşlarımdan ayrılmaq həyəcanını yaşayıram. Bir tərəfdən onlardan ayrılmaq istəmirəm, digər tərəfdən isə anlayıram ki, təhsili bitirib hərbçilərin sağlamlığının keşiyində durmalıyam”.

İmtahan prosesinin ayrılmaz hissəsi olan mühafizəçilərdən Mehman Əkbərov və Xanım Ağayevanı iş başında görürük. Onlar zala daxil olan tələbələrin üzərini yoxlayıb içəri buraxırdılar.