Mayın 30-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Mərkəzində seminar keçirilib. Seminarda FHN-nin Tibb Xidməti və Tibb Mərkəzinin əməkdaşları üçün Azərbaycan Tibb Universitetinin İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının professoru Musa Ələkbərov "Stasionar yardımın planlaşdırılması və təşkili” mövzusunda mühazirə oxuyub. Professor toxunduğu mövzunun aktuallığına diqqəti çəkərək, seminarın keçirilməsinin səbəbini Tibb Xidməti rəhbərliyinin 30 aprel 2024-cü il tarixldə ATU-nun rektoru, professor Gəray Gəraybəyliyə ünvanladığı müraciətlə əlaqədar olması ilə izah edib.
Natiq mühazirə zamanı səhiyyədə planlaşdırmanın əsas prinsipləri, planlaşdırmanın üsulları, təsnifatı və plan düzgün tərtib olunmadığı təqdirdə neqativ halların təzahürləri barədə iştirakçıları ətraflı məlumatlandırıb.
Mühzirə müvafiq qurumun əməkdaşları tərəfindən maraqla dinlənilib və sonda mövzu ətrafında disput keçirilib.
Onu da qeyd edək ki, yaxın günlərdə müvafiq qurumun nəzdində stasionar yardım göstərəcək tibb müəssisəsinin açılması da planlaşdırılır.