İstənilən ölkənin alim və tədqiqatçılarının mötəbər elmi platformalara çıxış əldə etməsi onların dünya elminə inteqrasiyasını sürətləndirir. Belə çıxış üsullarından biri də elmi tədqiqatların nüfuzlu beynəlxalq jurnallarda çap olunmasıdır.
Azərbaycan Tibb Universitetinin (ATU) əməkdaşlarının elmi tədqiqatlarının “Scopus” və “Web of Sciences” indeksli ciddi nəşrlər tərəfindən çap olunmasına xüsusi diqqət verilir. Məlumdur ki, belə məqalələrin hazırlanması və tərtibi ilə bağlı dəqiq standartlar var. “Scopus” və “Web of Science” bazasında ən əhəmiyyətli ölçülərdən biri olan Q (kvartil) göstəricisi məlumat bazalarında nəşrin müvafiq indeksləşdirmə kateqoriyası üzrə populyarlıq səviyyəsini göstərir. Bu indeks üzrə elmi nəşrlər təxminən 4 qrupa bölünür. ATU-nun Elmi Şurasının qəbul etdiyi qərar məhz bu göstərici üzrə jurnallarda məqalə çap edən əməkdaşların stimullaşdırılmasına yönəlib. Belə ki, ATU-nun rektoru, professor Gəray Gəraybəylinin sədrliyi ilə keçirilən Elmi Şuranın iclasında məqaləsini Q indeksli nüfuzlu beynəlxalq jurnallarda çap etdirən əməkdaşların mükafatlandırılmasına dair qərar qəbul edilib. Qərara əsasən, Q1 indeksli jurnallarda məqalələrin çapına görə - 3000 manat; Q2 indeksi üçün - 2000 manat; Q3 indeksi üçün - 1000 manat və Q4 indeksli jurnallarda məqalə dərc etdirən müəllifə 500 manat məbləğində mükafat veriləcək. Qəbul edilən mükafalandırma sistemi ATU-nun professor-müəllim heyəti arasında beynəlxalq standartlara uyğun orijinal elmi əsərlərin sayının artmasına, onların elmi fəaliyyətinin inkişafına müsbət təsir göstərəcək. Bu, həmçinin ATU-da aparılan tədqiqatların nəticələrinin daha geniş elmi dairələrə yayılmasına, universitet əməkdaşlarının akademik məhsuldarlıq səviyyəsinin dünya miqyasında dəyərləndirilməsinə imkan yaradacaq.