Gənclərin sosiallaşması və istedadlarının üzə çıxarılmasında Tələbə Həmkarlar İttifaqı Komitəsinin böyük rolu var
ATU-nun ictimai həyatında yaxından iştirak edən Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) uğurlu fəaliyyəti ilə seçilir. THİK ötən dövr ərzində dövlət gənclər siyasətinin əsas prinsiplərinin reallaşması istiqamətində kompleks tədbirlər həyata keçirib və bu gün də fəaliyyətini qeyd olunan istiqamətdə davam etdirir.
Son vaxtlar dr. Qoşqar İsmayılovun rəhbərliyi ilə təşkilatda ciddi uğurlara imza atılıb və təqvim planı üzrə mühüm işlər həyata keçirilib. Komitə sədri bizimlə söhbətində bu barədə ətraflı bəhs etdi:
“Müasir dövlətçiliyimizin memarı Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizdə dövlət quruculuğu prosesində həlledici dönüş baş verdi və gənclərə diqqət əsas vəzifələrdən birinə çevrildi. Bununla da ölkəmizdə gənclər hərəkatının əsası qoyuldu ki, bu da Azərbaycan gəncliyinə dövlət səviyyəsində verilən ən böyük qiymət idi. Bu uzaqgörən siyasət cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda THİK-in fəaliyyəti universitet rəhbərliyinin dəstəyi ilə güclənib və tələbələrin ittifaqa üzvlük prosesi sürətlənib. Tələbələrin ictimai həyatda aktivliyini və mənəvi keyfiyyətlərini yüksəltməyi qarşısına bir məqsəd kimi qoyan təşkilatımız onların sosial problemlərinə də diqqətlə yanaşır”.
Q.İsmayılov bu yaxınlarda Tələbə Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki yığıncağının keçirildiyini və komitənin 2017-2024-cü illərdəki fəaliyyətinə dair hesabatın təqdim olunduğunu yada saldı: “Çıxışımda son 7 il ərzində komitə tərəfindən görülən işlər haqqında ətraflı məlumat verdim. Həmin yığıncaqda ATU-nun rektoru, professor Gəray Gəraybəyli də çıxış edərək, komitənin nəzdində fəaliyyət göstərən ictimai təşkilatların uğurlarından, eyni zamanda tədris korpuslarında və yataqxanalarda nizam-intizamın gücləndirilməsi istiqamətində atılan addımlardan, eləcə də komitənin təşəbbüsü ilə təşkil olunan, tələbələrin vətənpərvərlik ruhunda tərbiyə edilməsində mühüm rol oynayan tədbirlərin əhəmiyyətindən danışdı. Həmçinin “Teatr klubu”nun peşəkar səviyyədə tamaşalar hazırladığını, bu tamaşaları tələbələrin, universitetin professor-müəllim heyətinin və şəxsən özünün maraqla izlədiyini deyən professor G.Gəraybəyli, ümumilikdə komitənin fəaliyyətini müsbət qiymətləndirdi. Elə həmin hesabat-seçki yığıncağında mən yenidən THİK-in sədri seçildim”.
Qurumun funksiyaları barədə məlumat verən komitə sədri bildirdi ki, THİK-in rəhbəri ATU Böyük Elmi Şurasının, onun nümayəndəsi isə Fakültə Elmi Şurasının tam hüquqlu üzvüdür. Universitetdə tələbələrlə bağlı qəbul olunan bütün qərarlarda bu qurumun rəyi nəzərə alınır: “Tələbələrin sosiallaşması və aktiv fəaliyyət göstərməsində THİK-in böyük xidmətləri var. Təşkilatın tərkibinə bütün fakültələr üzrə sədr və müavinlər başda olmaqla, onun nəzdində fəaliyyət göstərən 12 yaradıcılıq klubunun sədr və müavinləri, həmçinin aktiv büro üzvləri daxildir. “Nə? Harada? Nə zaman?” oyunu üzrə intellektual klub, teatr, kitab, şahmat, rəsm, yaradıcılıq klubları, “Vətəndaş cəmiyyəti-DEBAT” adlı ictimai, “Hilal” yardım, “Xarici tələbələrin səsi”, “Medical conversation” klubları, Media departmenti, “Flaşmob” komandası THİK-in nəzdində fəaliyyət göstərirlər.
Bizim əsas iş istiqamətlərimiz I kurs tələbələrinin bu təşkilatda qeydiyyata götürülməsi, tələbələrin hüquqlarının qorunması, aktiv və istedadlı tələbələrin seçilməsi və onlarla iş aparılması, nizam-intizam qaydalarına nəzarət, tələbələri vətənpərvər ruhda maarifləndirmək, yaşayışlarının yaxşılaşdırılması, eləcə də aztəminatlılara (şəhid və qazi ailələrinin övladları) maddi yardım göstərilməsindən ibarətdir”.
THİK tələbələrin asudə vaxtlarının səmərəli təşkilinə çalışır, onların yataqxanalarda yerləşdirilməsi, narkomaniyaya və digər zərərli vərdişlərə qarşı tədbirlərin keçirilməsi, sağlamlıq və idman sahəsində dəstək, respublikada və xaricdə keçirilən müsabiqə, konfrans, müxtəlif yarışlar və festivallarda iştirakını təmin edir. Bundan başqa, tələbələr arasında mədəni-maarif işləri aparılır, poeziya və incəsənət xadimləri ilə görüşlər təşkil olunur, il ərzində dövlət tədbirləri və bayramlar keçirilir. Bütün bunlardan əlavə, THİK bir sıra maraqlı layihələrin də müəllifidir. Onlardan biri “5 günlük rezident ol” layihəsidir. Bu layihə çərçivəsində seçilmiş tələbələr 5 gün ərzində ATU-nun müxtəlif klinikalarında rezident kimi çalışırlar.
Q.İsmayılov rəhbəri olduğu təşkilatın son dövrlərdə həyata keçirdiyi işlərin bir neçəsini diqqətə çatdırdı: “Beynəlxalq Muğam Mərkəzində “İrəli” İctimai Birliyinin təşkil etdiyi “Qanım Bayrağımdadır” adlı ədəbi-bədii gecədə “Teatr” klubunun üzvləri təsirli səhnə təqdim etdilər. Tələbələrimiz “Avropa Bilik Yarışı”nın qalibi oldu. Belə ki, martın 2-də Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və Gənc Avropa Səfirlərinin birgə təşkilatçılığı ilə keçirilən Avropa bilik yarışmasında ATU-nun İntellektual oyunlar klubunun üzvlərindən ibarət “Sinaps” komandası birinci yeri qazandı. Bundan başqa, Yunus Əmrə İnstitutu ilə birgə yenidoğulmuşlarda qeyri-travmatik kəllədaxili qansızmalar mövzusunda seminar keçirmişik. THİK nümayəndələri “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi nəzdində fəaliyyət göstərən Gender əsaslı Zorakılıq Qurbanları üçün Reabilitasiya və Reinteqrasiya Mərkəzini ziyarət ediblər. “Kitab” klubunun yeni başlatdığı Bakı turu layihəsinin ilk günü uğurla yekunlaşıb. “Debat” klubuna isə qeydiyyat başlayıb. İstedadlı tələbələrimiz auditoriya qarşısında çəkinmədən və səlis çıxış etmək, komanda ilə işləmək bacarıqları qazanmaq üçün qeydiyyatdan keçirlər”.
Bir sözlə, universitetimizdə tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün münbit şərait yaradılıb. Tələbə Həmkarlar İttifaqı Komitəsi isə bu imkanlar daxilində çoxşaxəli fəaliyyətini uğurla davam etdirir.