"Azərbaycanda təhsil alan əcnəbi tələbələrin cəmiyyətə inteqrasiyası" layihəsi ilə bağlı tədbir keçirilib.
İyunun 14-də Azərbaycan Tibb Universitetində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Miqrasiya Sahəsinin İnkişafı" İctimai Birliyinin təşkil etdiyi "Azərbaycanda təhsil alan əcnəbi tələbələrin cəmiyyətə inteqrasiyası" layihəsi çərçivəsində “Miqrasiya xidmətinə elektron əlçatanlıq” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş nitqi ilə açan ATU-nun Xarici tələbələrlə iş üzrə dekanı Natiq Bayramov bildirib ki, bu universitetdə əcnəbi tələbələrlə keçirilən ilk tədbirdir ki, 200-dən artıq iştirakçı qatılıb və qeyd olunan tədbir Milli Qurtuluş Gününə təsadüf edir. O, nəzərə çatdırıb ki, bu əlamətdar tarixlə Azərbaycan dövlət müstəqilliyinin, onun xalqının isə gələcək xoşbəxt həyatının əsası qoyulub.
Sonra müasir Azərbaycan dövlətinin banisi Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sözünə davam edən N. Bayramov təmsil etdiyi ali təhsil müəssisəsində əcnəbi tələbələrlə təşkil olunan iş barədə məlumat verib. O, əlavə edib ki, dekanlığın əməkdaşları vaxtaşırı əcnəbi tələbələrlə görüşür, onları narahat edən məsələlər ətrafında müzakirələr aparır, əcnəbi tələbələrin qarşılaşdıqları çətinliklərin aradan qaldırılması üçün aidiyyəti dövlət orqanları ilə görüşlər təşkil edir və onları miqrasiya xidmətindən istifadə qaydaları ilə bağlı daim məlumatlandırır.
Bundan sonra "Miqrasiya Sahəsinin İnkişafı" İctimai Birliyinin sədri Vidadi Fətullayev miqrasiya sahəsində əcnəbi tələbələrin hüquqi maarifləndirilməsi işinin əhəmiyyətini qeyd edib və belə görüşlərin ali təhsil müəssisələrində mütəmadi olaraq keçirilməsinin zəruriliyi barədə fikirlərini bölüşüb. O, vurğulayıb ki, ATU daim əcnəbi tələbələrin sayına görə respublikada fəaliyyət göstərən universitetlər arasında liderlik edir və indi də həmin reytinqini qoruyub saxlayır.
Tədbirdə çıxış edən Dövlət Miqrasiya Xidmətinin Hüquqi təminat idarəsinin rəis müavini Xəyalə Abbasova və Miqrasiya proseslərinin təhlili idarəsinin rəis müavini Sunay Quliyev miqrasiya qaydaları, həmçinin bu sahədə elektron resurslardan istifadə baracıqlarının artırılması ilə əlaqədar təqdimatlarla çıxış ediblər. Azərbaycanda təhsil alan əcnəbilər arasında aparılan maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışan natiqlər miqrasiya sahəsində tələbələrin yol verdikləri hüquqpozmalar barədə məlumatlar verib, miqrasiya sahəsində mövcud qanunvericiliyin əsas tələbləri, əsasən də tələbələrin təhsil alması ilə bağlı müəyyən olunan vacib qaydaları görüş iştirakçılarının diqqətinə çatdırıblar.
Tədbirin sonunda əcnəbi tələbələrin olduğu yer üzrə qeydiyyatlarının aparılması, onlara müvəqqəti yaşamaq və iş icazələrinin verilməsi, eləcə də miqrantların hüquqları izah edilib. Bundan başqa əcnəbi tələbələri maraqlandıran digər suallar Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən ətraflı cavablandırılıb.