ATU-nun hər bir fakültəsində bioetika fənni 3 dildə tədris edilir

Tibb hüququ simpoziumunda tibbi bioetikanın Azərbaycanda tarixi və inkişafına dair təqdimat olub

Bu günlərdə “İnjuria” jurnalı və “İnjuria” hüquq platforması, Hüquq və İnsan Haqları İnstitutu, Almaniyanın Martin Luter Universiteti və Türkiyənin Tibb Hüququ İnstitutunun birgə təşkilatçılığı ilə ilk dəfə olaraq "XV Azərbaycan-Türk-Alman tibb hüququ simpoziumu" keçirilib.

Simpoziumun əsas məruzəçiləri Almaniyada, Türkiyədə və Azərbaycanda çoxillik praktiki təcrübəyə malik olan aparıcı ekspertlər olub. Eyni zamanda tibb hüququ sahəsində fəaliyyət göstərən, əsasən tibb müəssisələrinin maraqlarının müdafiəsi üzrə ixtisaslaşmış hüquqşünaslar, alimlər, həkimlər, tibb işçiləri, dövlət orqanlarının nümayəndələri, tibbi xidmətin keyfiyyətini qiymətləndirən ekspertlər və məhkəmə orqanlarında çalışan mütəxəssislər simpoziumun işində yaxından iştirak ediblər. 

Tədbirdə Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə “Tibbi bioetikanın Azərbaycanda tarixi və inkişafı” mövzusunda təqdimatla çıxış edib.

Alim Azərbaycanda tibbi etikanın XI əsrdən tədris olunduğunu qeyd edərək, Şamaxı şəhərində yardılan ilk tibb məktəblərindən biri olan “Dar Al-Şəfa”da hələ o zamanlar təbiblərin öz tələbələrinə tibb sisteminin yüksək əxlaqi prinsiplər və insan sevgisi üzərində qurulduğunu öyrətdiklərini deyib.

T.Tağı-zadə Azərbaycanda müasir tibb təhsilinə bioetika fənninin inteqrasiyası və tətbiqi işində Azərbaycan Pediatrlar Assosiasiyasının (APA) fəaliyyətinə diqqət çəkib: “Bioetikaya dair tədris vəsaitlərinin Azərbaycan dilində nəşri və bir sıra digər tədbirlərin reallaşdırılmasında APA-nın o zamankı rəhbəri, akademik Adilə Namazovanın böyük əməyi olub, bununla Azərbaycanda bioetikanın aktuallığının artamasına zəmin yaranıb.

1999-2000-ci illərdə tərəfimizdən ABŞ təhsil qrantı qazanılıb, tibbi bioetika üzrə təhsil proqramı və tədris materialları tərtib olunub. Proqram UNESCO-nun 11-ci sessiyası, Bakı Humanitar Forumu və digər mötəbər beynəlxalq tədbirlərdə, eləcə də Təhsil Nazirliyində təqdim edilib. Bundan əlavə, tibb təhsili tədris olunan universitet və kolleclərdə tibbi bioetikanın tədrisi metodikası üzrə tədbirlər keçirilib, tədris proqramı əsasında Azərbaycan Tibb Universitetində müəllimlər üçün təlimlər təşkil olunub. Hazırda ATU-nun hər bir fakültəsində bioetika fənni 3 dildə tədris olunur”.

O xüsusilə uşaq hüquqları haqqında məlumatlılığı artırmaq məqsədilə APA, EPA və UNEPSA-nın birgə layihəsi əsasında nəşr olunan “Uşaq hüquqları dünya xalqlarının nağıllarında” kitabının imtiyazlı uşaqlar üçün təşkil olunan tədbirlərdə təqdim edildiyini bildirib. Natiq onu da vurğulayıb ki, bioetika fənni məhz həkimlər tərəfindən innovativ metodika ilə tədris olunmalıdır.

Millət vəkilləri, Türkiyə və Almaniyadan ekspertlərin də qatıldığı “XV Azərbaycan-Türk-Alman tibb hüququ simpoziumu”nun məqsədi dünyada və ölkəmizdə yeni biotexnoloji və biotibbi fəaliyyətin həyata keçirilməsi və bu istiqamətdə müvafiq tədqiqatların aparılması zamanı aktuallığı ilə səciyyələnən insan hüquq və azadlıqlarının müdafiəsinin təmin olunmasına dəstək göstərməkdir.