ATU-nun Rezidentura və magistratura şöbəsi universitetin Tədris Stomatoloji Klinikası ilə birgə rezidentlər üçün növbəti seminar keçirib.
Tədbiri giriş nitqi ilə açan şöbə müdirinin müavini, assistent Namiq Xəlilov mövzu ilə bağlı bildirib ki, endodontik müalicə lokal (yerli) anesteziya altında tam ağrısız olaraq aparılır. Dişin ağızda görünən tac qismindən dişin sinir təbəqəsinə (pulpa) bir yol açılır və onun çənə sümüyü içindəki kök qisminə girilir. Dişlər 1, 2, 3 və daha çox kanallı ola bilər. Kanal müalicəsi sinirlərin çıxarılması, kanalların mikroblardan təmizlənməsi və sonra genişləndirilmiş kanalların doldurulması ilə başa çatır. Sözünə davam edən N.Xəlilov vurğulayıb ki, artıq neçə ildir universitetin klinikalarında və bir sıra kafedralarda rezidentlər üçün tibbin müxtəlif sahələrinə dair seminarlar təşkil olunur. Bu seminarlar rezidentlərin gələcək iş təcrübəsində, onların peşə vərdişlərinə yiyələnməsində müsbət rol oynayacaq.
Sonra Terapevtik stomatologiya kafedrasının dosenti, t.ü.f.d. Aqil Əliyev “Endodontik müalicədə həssas məqamlar. Ağırlaşmalar və onların aradan qaldırılması” mövzusunda məruzə ilə çıxış edib. O vurğulayıb ki, müalicə zamanı hər bir stomatoloqun bilməli olduğu bir sıra həssas məqamlar var. Mühazirədə endodontik müalicənin bütün mərhələlərində yaşana biləcək çətinliklər və ağırlaşmalar haqqında geniş məlumat verilib, onların baş verməməsi üçün önəmli tövsiyələr və incəliklər izah olunub. Anesteziya prosedurunun növləri, onların təsir zonaları, pulpar boşluğa düzgün, risksiz girişlər, müvəffəqiyyətli instrumental və irriqasiya protokolun tətbiqi mütəxəssis tərəfindən şərh edilib. Həkim 30 illik təcrübəsinə əsaslanaraq, endodontik müalicə zamanı yol verilən səhvlər və fəsadların aradan qaldırılması yollarını müasir tibbin nailiyyətləri kontekstində təqdim edib.
Sonra məruzə ətrafında klinikanın direktoru, t.ü.f.d. İmran Ağayev, Terapevtik stomatologiya kafedrasının müdiri, t.ü.f.d, dosent Vaqif Həsənov və həmin kafedranın dosenti Səlimə Məmmədova fikirlərini səsləndirib, bəzən dişlərdə əyri və çətin keçilən kanalların müşahidə olunmasından bəhs ediblər. Qeyd olunub ki, prosesin dərinliyindən və formasından asılı olaraq endodontik müalicə bir və ya bir neçə seansa həyata keçirilə bilər. Tədris Stomatoloji Klinikada endodontik problemlərə diaqnoz ağizdaxili müayinə və rentgen-vizioqrafla qoyulur, ən müasir avadanlıqlar və professional həkimlər tərəfindən müalicə olunur.
Çıxışlardan sonra mövzu ətrafında diskussiya aparılıb, suallar məruzəçi tərəfindən cavablandırılıb. Seminarda klinikanın əməkdaşları, rezidentlər və tələbələr iştirak ediblər.