İyunun 27-də BMT-nin İnkişaf Proqramı və Avropa Komissiyasının birgə təşəbbüsü olan “Kapuçinski İnkişaf Mühazirələri” (Kaptalks) Azərbaycan Tibb Universiteti ilə tərəfdaşlıq çərçivəsində “Mürəkkəb dünyada necə yaşamalı: planetar sağlamlıq çıxış yolu kimi” mövzusunda seminar təşkil edib.
Tədbirdə Malayziyanın Sanvey Universitetinin Planetar Sağlamlıq Mərkəzinin icraçı direktoru, professor Jemilah Mahmood mühazirə ilə çıxış edib. İnteraktiv formatda keçən mühazirədə insan riskləri, xüsusilə iqlim dəyişikliyinin səbəb ola biləcəyi səhiyyə böhranı, onunla mübarizə və digər mövzular müzakirə olunub.
Professor yoluxucu xəstəliklərin daha asan yayılmasına münbit şərait yaradan münaqişələr, ərzaq təhlükəsizliyi və yerdəyişmə hallarının insanların immun sistemlərini daha da zəiflətdiyini vurğulayıb. O qeyd edib ki, hazırda humanitar sistemlər böhranlara cavab tədbirlərinin planetar sağlamlığa zərər verməməsi və uzunmüddətli perspektivdə risk və həssaslığı gücləndirməməsi üçün əlavə təzyiq və məsuliyyətlə üz-üzədir.
Səhiyyə və təhsil sahəsi üzrə mütəxəssislər, ekspertlər, alimlər, tələbələr, o cümlədən dövlət orqanlarının nümayəndələri və diplomatların iştirak etdiyi, hibrid formatda təşkil olunmuş mühazirə bu il Bakıda keçirilməsi planlaşdırılan COP29 konfransına hazırlıqlar çərçivəsində baş tutub.
Qeyd edək ki, tədbirdən öncə Jemilah Mahmood ATU-nun Elmi işlər üzrə prorektoru, professor Rauf Bəylərovla görüşüb. Görüşdə BMT İnkişaf Proqramının kommunikasiyalar üzrə məsul şəxsi Ceyhun Ələkbərov, ATU-nun İnnovasiya və keyfiyyətin idarə olunması şöbəsinin müdiri Aygün Babayeva, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov iştirak edirdilər.