2024-cü il iyunun 20-dən 22-nə qədər Naxçıvan şəhərində Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış konsepsiyası” kontekstində festival-konqres keçirilib. Qərbi azərbaycanlıların yüksək əhval-ruhiyyəsi ilə yadda qalan bu tədbirdə ATU-nun İctimai fənlər kafedrasının müdiri, professor Qoşqar Əliyev də iştirak edib.
Onun Zəngəzur mahalının Nüvədi kəndinin mədəni abidələri barəsində çıxışı maraqla qarşılanıb. Qədim Zəngəzurun cənubunda yerləşən Nüvədi kəndinin bir tərəfdən Araz çayı, digər tərəfdən Zəngilan rayonu ilə həmsərhəd olduğunu xatırladan natiq bildirib ki, Araz boyu 20 km və şimala doğru 25 km məsafədə çox qədimlərdən türk tayfaları məskunlaşıb: “Bu ərazidə xristianlığa və albanlara, eləcə də ermənilərə aid heç bir mədəniyyət abidəsinə rast gəlmək mümkün deyil. Kəndimizin ərazisi gələcək Zəngəzur dəhlizinin xeyli hissəsini əhatə edir. Bu ərazilərdə qədimdən türk tayfaları olan zəngilər yaşayıblar və Zəngəsur və Zəngilan sözləri də məhz həmin ifadədən qaynaqlanır. Orta əsrlərdə yaranan mədəni abidələrdən biri olan Baba Hacı (Babək Hacı) məqbərəsi, Sultan Səlim məqbərəsi, Buğkar (Buğukar) ziyarətgahı, Abdul ata piri və digər çoxsaylı abidələr mövcud idi. Ən qədim zamanlarda qarqarlara aid yazı nümunələri də daşlar üstündə həkk olunmuşdur. Çoxsaylı nümunələrlə təsdiq etmək olar ki, bu torpaqlarda qədim və orta əsrlərə aid heç bir erməni və Qriqoryan kilsəsinin izi olmamışdır”.
Kənd əhalisinin bir neçə dəfə erməni təqibləri ilə üzləşərək İrana köç etdiyini və sonradan öz dədə-baba yurdlarına qayıtdığını xatırladan professor Q.Əliyev qeyd edib ki, nüvədililər öz torpağına, vətəninə çox ürəkdən bağlı camaatdır: “Kəndin sakinləri 1988-ci ildən başlayaraq erməni təcavüzünə sinə gərdilər və xeyli zaman duruş gətirib dədə-baba torpaqlarını müdafiə etdilər. Bu gün Qərbi Azərbaycan icmasının qayıdış konsepsiyasının vəzifələri hər bir kənd sakininin qəlbində geniş yurd salıb və ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hər an çağırışına hazır olduqlarını bəyan edərək öz ata-baba torpaqlarına sahib çıxmaq əzmindədirlər”.
Q.Əliyev çıxışı zamanı onu da vurğulayıb ki, Ulu Öndərimiz Heydər Əliyev keçmiş SSRİ-nin rəhbərliyində təmsil olunarkən Bakı-Naxçıvan yolunun açılması üçün böyük işlər görmüşdü. Məhz həmin dövrdə Bakıdan Nüvədi kəndinə qədər asfalt yol çəkilmişdir. Lakin sonradan nankor qonşular bu yolun açılaraq Naxçıvana qədər davam etməsinə maneçilik törətdilər: “Amma bu arzu hər bir zəngəzurlunun qəlbindədir və onun açılması üçün bütün fədakarlıqlara hazırıq”.