İyulun 1-də Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Vaksinasiyaya dəstək” layihəsi çərçivəsində ATU-nun Fizika-kimya korpusunda Səhiyyə Nazirliyi, ATU və ÜST-ün Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə “Araşdırmadan reallığa: Peyvəndin elmi əsası və təbliğatı” adlı tədbir keçirilib.
Tədbirin əvvəlində Dövlət Himnimiz səsləndirilib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qonaqları salamlayan ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, Tədris Terapevtik Klinikanın Uşaq sağlamlığı və xəstəliklər şöbəsinin müdiri Qoşqar İsmayılov tədbirin gələcək həkimlər üçün əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, peyvəndləmə prosesi əhalinin sağlamlığının qorumasında böyük rol oynayır, məhz peyvənd sayəsində difteriya, qızılca, parotit və digər ağır xəstəliklərin qarşısı alınıb, milyonlarla insanın həyatı xilas edilib.
ATU-nun Elmi işlər üzrə prorektoru, professor Rauf Bəylərov bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan səhiyyəsinin inkişafına böyük diqqət yetirirdi. Məhz bunun sayəsində ölkəmizə təhlükəli xəstəliklərə qarşı peyvəndlər gətirilib. Bu addımlar qısa müddət ərzində öz bəhrəsini verib. Prorektor təəssüflə qeyd edib ki, ölkəmizin əhalisinin bir hissəsi peyvəndə şübhə və qorxu ilə yanaşır. Bu problemi düzgün maarifləndirmə işi ilə aradan qaldırmaq lazımdır.
ÜST-ün Azərbaycandakı nümayəndəliyinin vaksinlə idarə olunan və infeksion xəstəliklər bölməsinin rəhbəri Sevinc Həsənova ATU-nun rektoru, professor Gəray Gəraybəyliyə tədbirin təşkilində dəstəyinə görə təşəkkürünü bildirib. O, ÜST-ün peyvəndləmə prosesi ilə bağlı apardığı fəaliyyət haqqında geniş məlumat verib. S.Həsənova qeyd edib ki, insanları peyvənd haqqında düzgün məlumatlandırmaq hər bir həkimin borcudur.
Bundan sonra tanınmış ekspertlər peyvəndin əhəmiyyətinə dair məruzələr təqdim ediblər. Konfransda 250-yə yaxın tələbə iştirak edib.
Məlumat üçün bildirək ki, tədbir Genişlənmiş İmmunizasiya Proqramının 50-ci ildönümünə həsr olunub. Bu proqram 1974-cü ildə ÜST tərəfindən başladılıb. Proqramın ilkin hədəfi 6 xəstəliyin qarşısının alınması idi: difteriya, göyöskürək, tetanus, polio, qızılca və məxmərək. Ötən 50 ildə proqram əhəmiyyətli dərəcədə genişlənib, yeni peyvəndlər hazırlanıb və nəticədə milyonlarla ölüm, əllik hallarının qarşısı alınıb.